Siyasət

Azərbaycan-Ermənistan: Cari situasiyada gərginliyin motivi, Ağdam-Xankəndi yoluna göndərilən yüklər – TƏHLİL

Sharing is caring!


Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının ləngiməsi tərəflər arasında qarşılıqlı ittihamların artmasına səbəb olur.

Son günlərdə Azərbaycan və Ermənistanın bir-birinə qarşı bəyanatları iki mühüm aspekti üzə çıxarır.

Birincisi, Azərbaycan Ermənistanın qanunsuz iddialarını təcrid edən mühüm bir planı masalara daşıyaraq onun beynəlxalq razılıqlarını alır.

İkincisi, Ermənistana yenə Rusiyadan və ya Qərbdən hansısa yağlı vədlər verilib və o, özünü qabağa ataraq boş xəyallara ümid bəsləyir.

Bunlar yeni bir situasiya deyil, yeganə fərqli cəhət burasındadır ki, proses Ermənistanın BMT-də Azərbaycana qarşı atdığı addımın fiaskoya məruz qalmasından sonra baş verir.

Ancaq qeyd etmək lazımdır ki, tərəflərin qarşılıqlı diplomatik söz davası Azərbaycan-Ermənistan danışıqlarını relsdən çıxara bilən perspektivi özündə ehtiva etmir.

Danışıqların məntiqi Azərbaycan-Ermənistan mümkün sülh sazişi üzrə qeyri-müəyyənliklərin aradan qaldırılmasına söykənir, bununla belə, hələ ortada həlledici bir çərçivə sənədi görünmür.

Bu baxımdan, üfüqdə mübahisəli məqamlarla bağlı gərginliklərin qalacağı ehtimalı böyükdür.

İndi üçün gərginlik Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyi məsələləri ilə əlaqədardır, Ermənistanın məntiqsiz, gülünc iddiaları, ona züy tutanların mövqeyi ilə əlaqəlidir. Ona görə də Azərbaycanla Ermənistan arasında danışıqların növbəti raundunda daha çox Qarabağ mövzusuna vurğu ediləcəyini istisna etmək olmaz.

Belə bir məqamda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Ağdam-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərə humanitar karvan göndərməsi diqqət çəkir.

Bu məsələ erməni təbliğatı və onun əsirinə çevrilmişlərin ənənəvi “humanitar böhran” şousuna tutarlı cavabdır və danışıqlarda Azərbaycanın əlinə Ermənistanın tezislərini dağıdacaq kartlar verəcək.

Azərbaycanın göndərdiyi humanitar karvan Qarabağ ermənilərinin ölkə həyatına reinteqrasiyası prosesinə təkan verə bilər, hərçənd, ermənilər üçün həmişə bəhanə var. 

Mümkündür ki, humanitar karvanın keçidi baş tutsa, Azərbaycan dövləti ilə Qarabağ erməniləri arasında növbəti təmas reallaşacaq. Hətta Ağdam-Xankəndi yolu ilə keçidə maneə yaradılsa belə, həmin görüş baş tutacaq.

Qızıl Aypara Cəmiyyətinin missiyası, onsuz, nəticə olaraq elə Azərbaycan dövləti ilə ermənilərin görüşünə hazırlıq kimi qeyd oluna bilər.

Məsələ Rusiyanın və Qərbin yanaşmasını təfərrüatlandıra biləcək nəbz yoxlanışıdır və onların Azərbaycan-Ermənistan münasibətlərindəki Qarabağ mövzusundakı yerlərini dəqiqləşdirən xüsusiyyətləri özündə ehtiva edir.

Təsəvvür etmək çətin deyil ki, Azərbaycanın jestlərini çirkinləşdirmək üçün müxtəlif kampaniyalar başlanacaq, ancaq bunun artıq heç bir əhəmiyyəti qalmayacaq.

Təbii ki, regional kontekst dərin və mürəkkəbdir, amma Azərbaycan çox sadə formullar təqdim edir.

Bu formullara baş əymək Qarabağ ermənilərinin borcudur, elə Ermənistanın da. Çünki İrəvan özü Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb – şifahi formada olsa belə, bu, baş nazir Nikol Paşinyanın dilindən etiraf edilib.

Əks təqdirdə, cığallığa qarşı rəsmi Bakı adekvat tədbirlərini görmək üçün müstəsna hüququnu özündə saxlayaraq Rusiya sülhməramlı kontingentinin müvəqqəti xidmət zonasında alternativ əməliyyatlar apara bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir