Siyasət

“Şavkat Mirziyoyev prezident seçiləndən türk dövlətləri ilə əlaqələrə böyük töhfə verib” – ŞƏRH + FOTO

Sharing is caring!


“Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi dövlət səfəri Özbəkistan-Azərbaycan arasında əlaqələrə və əməkdaşlığa müsbət təsir etdi. Dövlətlərimiz arasındakı tarixi köklərə malik əlaqələr bu gün yeni inkişaf mərhələsindədir”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi haqqında danışarkən iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Məlahət İbrahimqızı deyib. O bildirib ki, Azərbaycan və Özbəkistan istər ikitərəfli, istər çoxtərəfli əməkdaşlıq çərçivəsində çox sıx əlaqələrə malikdir:

“Bilirsiniz ki, ötən il Prezident İlham Əliyevin Özbəkistana rəsmi dövlət səfəri gerçəkləşdi. Yüksək səviyyədə, mükəmməl bir proqram çərçivəsində səfər baş tutdu. Azərbaycan və Özbəkistan arasında ulu öndərin vaxtında təməli qoyulmuş əlaqələr ildən-ilə möhkəmlənir.

Prezidentin Özbəkistana rəsmi dövlət səfəri zamanı önəmli razılaşmalar əldə olundu, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi baş tutdu. Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri isə bu proseslərin davam etdirilməsi demək idi. Bu cür səfərlər əvvəlki əməkdaşlığı daha da irəli aparacaq.

Özbəkistan və Azərbaycan həm də Türk Dövlətləri Təşkilatında əməkdaşlıq edirlər. Ümumiyyətlə, Özbəkistanda Şavkat Mirziyoyevin prezident seçilməsindən indiyə qədər türk dövlətləri ilə, o cümlədən Azərbaycanla əlaqələrə böyük töhfə verilib”.

Məlahət İbrahimqızı onu da vurğulayıb ki, Azərbaycanın torpaqlarının işğal altında olduğu zamanda Özbəkistan ölkəmizə bütün tribunalarda dəstək göstərib:

“Özbəkistan hər zaman Azərbaycanın haqq işini müdafiə edib, Qarabağın Azərbaycanın ayrılmaz parçası olduğunu dəstəkləyib. Müstəqil dövlət olaraq beynəlxalq təşkilatlarda, ikitərəfli münasibətlərdə hər zaman Azərbaycanın tərəfində olduğunu qardaş ölkə bəyan edib. Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm zəfərdən sonra isə Özbəkistan Azərbaycan xalqının bu əzəmətli və möhtəşəm qələbəsini təbrik etməklə kifayətlənmədi. Azərbaycan xalqının sevincinə şərik olmaq məqsədilə işğaldan azad olunan Füzulidə bir neçə böyük layihənin həyata keçirilməsinə Özbəkistan tərəfindən dəstək də göstərildi. Bu layihə də çox əhəmiyyətli addım hesab olunur və davamlı olacağına ümid edirik”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir