Siyasət

“BQXK-nın fəaliyyəti Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətsizlikdir” – ŞƏRH + FOTO

Sharing is caring!


“Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Azərbaycanda 30 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat mandatına, missiyasına uyğun olaraq müxtəlif layihələr həyata keçirib. Bu qurumun bəzi əhəmiyyətli işləri danılmazdır. Amma təəssüf ki, Birinci Qarabağ müharibəsi dövründə, eyni zamanda 44 günlük Vətən müharibəsindən sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti, həqiqətən, suallar doğurur”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib. O qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı dörd minə yaxın azərbaycanlı itkin düşsə də, BQXK onların taleyi ilə maraqlanmadı:

“30 illik dövr ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin bununla əlaqədar heç bir nəzərəçarpacaq uğurları olmadı. İtkin şəxslərin axtarışı, taleyinin müəyyən olunması üçün BQXK addım atmadı.

Beynəlxalq Qırmızı Xaç Komitəsi özünü müstəqil, tərəfsiz təşkilat kimi təqdim edir. Lakin görünən odur ki, Azərbaycana münasibətdə bu prinsiplər işləmir və açıq-aşkar pozulur. Təşkilatın Xankəndi ofisi yaradılanda da böyük narazılığa səbəb oldu. Çünki Azərbaycan hökuməti ilə razılaşdırmadan 2000-ci illərdə Xankəndidə BQXK-nın ofisi təşkil edildi, separatçı rejimlə saziş bağlandı. Həmin sazişin nə mahiyyətini, nə də mətnini təşkilat Azərbaycan tərəfində təqdim etmədi. Komitə guya reallığa istinad edirdi. Sonradan məlum oldu ki, həmin ofis Bakı ofisinə deyil, İrəvan ofisinə tabedir. Bu isə açıq-aşkar Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə hörmətsizlik idi. Bütün dünyanın, xüsusilə də Ermənistanın Azərbaycanın ərazi bütövlüyünün tanıdığı şəraitdə BQXK belə bir hörmətsizliyə imza atdı.

Bu yaxınlarda isə “Laçın” sərhəd keçid məntəqəsində, BQXK-nın qaçaqmalçılıq faktları müəyyənləşdirildi,  nəqliyyat vasitələri ilə qadağan edilmiş malların daşınması məlum oldu. Komitə bunu etiraf etsə də, məsuliyyəti üzərinə götürmədi. Bu isə anlaşılmaz, məntiqə sığmayan bəyanat idi”.

Deputatın fikrincə, Azərbaycan tərəfinin müraciətlərinə baxmayaraq, BQXK strukturunda heç bir dəyişiklik etmək istəmir:

“Xankəndi ofisinin tabeçiliyi ilə bağlı məsələ araşdırılıb, müzakirə edilmədi. Azərbaycan Qarabağın erməni sakinlərinə humanitar təminat üçün alternativ yol təklif edib. BQXK xeyirxah fəaliyyətini davam etdirmək istəyirsə, mandatına uyğun olaraq, Azərbaycanın irəli sürdüyü təklifləri qəbul etməli, fəaliyyətini düzgün qurmalıdır.

Azərbaycanda Qızıl Aypara Cəmiyyəti də fəaliyyət göstərir. Bu qurumun humanitar təminat prosesi ilə məşğul olması istisna deyil. Amma bu təşkilatların hər ikisi dünyada yaradılmış Beynəlxalq Qırmızı Xaç Qızıl Aypara Hərəkatının tərkib hissələridir. Onların hər birinin özünəməxsus missiyası, mandatı və vəzifələri var.

Qızıl Aypara Cəmiyyətinin yerli bölmələri, təcrübəli mütəxəssisləri, könüllüləri, avadanlıqları mövcuddur. Düşünürəm ki, Azərbaycanın aidiyyəti qurumları müvafiq qərar qəbul edərsə, Qızıl Aypara Cəmiyyəti Qırmızı Xaç Komitəsindən geri qalmayacaq fəaliyyət nümayiş etdirə bilər. İstənilən halda, bütün bunlar BQXK-dan asılıdır. Bu təşkilat Azərbaycanın ərazisində fəaliyyət göstərirsə, Azərbaycanın irəli sürdüyü təklifləri nəzərə almalıdır, fəaliyyətini buna uyğun qurmalıdır.

İndiki dövrdə BQXK-nın addımları Azərbaycanın maraqlarına uyğun deyil. Bu fəaliyyət Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul olunur. Prezident İlham Əliyev də çıxışlarında dəfələrlə bunu qeyd edib”.

Aysel Aslan 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir