Siyasət

“Azərbaycanın ən çətin günlərində Özbəkistan bizim haqq işimizi müdafiə edib” – ŞƏRH + FOTO

Sharing is caring!


“Özbəkistan həm türk dünyasında, həm müsəlman dünyasında, həm də Mərkəzi Asiyada böyük mədəniyyətə malik olan dövlətdir. Tarix boyu bu ərazidə kifayət qədər güclü dövlətlər, mədəniyyət olub və bu gün orada arxeoloji qazıntılar apararkən özbək xalqının yaratdıqlarına heyran qalırsan”.

Bu fikirləri Oxu.Az-a Azərbaycan-Özbəkistan əlaqələrinin bugünkü səviyyəsi haqqında danışarkən iki ölkənin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Anar İsgəndərli deyib. O qeyd edib ki, xüsusilə, Əmir Teymurun dövrü təkcə Özbəkistan tarixi üçün yox, dünya tarixi üçün böyük mədəniyyət abidələri ilə diqqəti cəlb edir:

“1370-1405-ci illərdə Teymurilər dövləti mövcud olub. Bu imperiyanın bugünkü Özbəkistana qoyduğu ən böyük miras onun mədəniyyət abidələridir. Səmərqəndə gedən hər bir turist, tarixçi, siyasi xadim inana bilmir ki, bir xalq və bir xalqın dövlət başçısı orta əsrlərdə bu qədər çox mədəniyyət, dini-tarixi abidələr yarada bilər. Bu gün də Özbəkistan o missiyanı uğurla yerinə yetirir.

Vaxtilə Özbəkistanla Azərbaycan arasında kifayət qədər səmimi münasibətlər mövcud olub. Hətta bu münasibətlər ədəbiyyatlarda, bədii əsərlərdə, kinolarda da öz əksini tapıb. Çünki Özbəkistan pambığın vətəni idi, Azərbaycan da pambıq sahəsində uğurlar qazanmışdı. Eyni zamanda, xoş münasibətlər üzümçülüyə, neftlə bağlı uğurlara, iqtisadi əlaqələrə də aid idi. Nəhayət, hər iki dövlət öz müstəqilliyini bərpa etdikdən sonra Özbəkistan Azərbaycanı, Azərbaycan da Özbəkistanı həmişə müdafiə edib. Daşnak-erməni qüvvələri Azərbaycan torpaqlarını işğal edərkən özbək xalqı və Özbəkistan dövlətinin başçısı Azərbaycanın haqq işini həmişə müdafiə edib və işğalçını öz adı ilə çağırıb. Təbii ki, hazırda bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər bu gün Şavkat Mirziyoyevlə İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 44 günlük müharibə müddətində və müharibədən sonrakı dövrdə həmişə Özbəkistan Azərbaycanın yanındadır, bütün müstəvilərdə ölkəmizi müdafiə edir və Ermənistana kəskin münasibəti ilə seçilir. Xüsusilə, son illərdə Şavkat Mirziyoyev hakimiyyətə gələndən sonra türk dünyasında bu iki dövlətin həm bir-birinə qardaşlıq, dostluq münasibətləri nümunə oldu, həm də Türk Dövlətlərinin Birliyinin yaranmasında önəmli xidmətləri önə çıxdı.

Səmərqənddəki tədbirlərdə bütün türk dövlətlərinin iştirakı göstərir ki, türk dövlətlərinin heç kimin torpağında gözü yoxdur. Amma özlərinin ərazi bütövlüyünü təmin etmək, dostluq, qardaşlıq münasibətlərin inkişafı üçün mümkün olanı edirlər”.

Tarixçi-deputat onu da xatırladıb ki, Özbəkistan dövləti Qarabağdakı bərpa-quruculuq işlərində yaxından iştirak edir:

“Füzulidə bir məktəbin tikintisi və başa çatdırılması Özbəkistan rəhbərliyinin adı ilə bağlıdır. Bütün bunlar onu göstərir ki, Azərbaycanın ən çətin günlərində Özbəkistan bizim haqq işimizi müdafiə edib. Bu gün də dost, qardaş Özbəkistanın dövlət başçısı Azərbaycandadır, Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanır. Bütün bu münasibətlər iki xalq arasında əlaqələrin yüksək səviyyədə inkişafına səbəb olur”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir