Siyasət

“Azərbaycanda “russkiy mir”, yaxud “armyanskiy mir” düzəltmək mümkün deyil” – ŞƏRH + FOTO

Sharing is caring!


“Azərbaycanda erməni separatizminin yenidən dirçəldilməsi üçün nəzərdə tutulan mümkün ssenarilərdən biri də Qarabağda yaşayan ermənilərə kütləvi şəkildə Rusiya vətəndaşlığı verməklə onları Rusiyanın himayəsində göstərmək və beləliklə, separatçılıq fəaliyyəti üçün yenidən imkanlar əldə etmək idi”.

Bu fikirləri Oxu.Az-a Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan ermənilərin Xankəndini tərk etməsi haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. O qeyd edib ki, hələ 44 günlük Vətən müharibəsində təşviş içərisində olan erməni terrorçular Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı çağırışlar edirdilər:

“Bu gün isə Azərbaycanın doğru və dərin strateji diplomatiyası sayəsində Rusiya pasportu daşıyan ermənilər artıq Qarabağımızı tərk edirlər. Bu hadisə, sadəcə, Rusiya pasportluların ölkəmizi tərk etməsi deyil, həm də Azərbaycan qanunları ilə yaşamaq istəməyən digər ermənilərə verilən mesajdır. Bu həm də onun göstəricisidir ki, Azərbaycanda “russkiy mir”, yaxud “armyanskiy mir” (yəni “rus dünyası” və “erməni dünyası” – red.) düzəltmək mümkün deyil. Ona görə ermənilər baş verənlərdən nəticə çıxarmalıdırlar.

Rusiya pasportu daşıyanlardan dərhal sonra Qarabağda mövcud olan 10 min terrorçu ölkəmizi tərk etməlidir. Eyni zamanda, Qarabağa 30 illik işğal dövründə Ermənistan və digər ölkələrdən gətirilib yerləşdirilənlər də təcili ərazilərimizdən çıxmalıdırlar. Qarabağda kimin qalıb, yaşamaq hüququ əldə edəcəyinə isə Azərbaycan qanunları qərar verəcək. İlkin şərtlər belədir ki, ilk növbədə Azərbaycan qanunlarını pozmayan ermənilərin belə bir şansı ola bilər. Ancaq zaman daralır və ilin sonunadək bu proses başa çatmalıdır.

Rusiya pasportlu Ruben Vardanyana gəldikdə isə onun taleyini də Azərbaycan xüsusi xidmət orqanları lazımi formada həll edəcəklər”.

Qeyd edək ki, Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib. Bu gün məntəqədən 60-a yaxın şəxs sərbəst şəkildə keçid edib. Həmin şəxslərin əksəriyyəti Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan, Qarabağdakı separatçılığı dəstəkləyən insanlardır.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir