Siyasət

Ermənistanın Qafanda “aeroport şousu”: Təxribat cavabsız qalmayacaq – ŞƏRH + FOTO

Sharing is caring!


BMT Təhlükəsizlik Şurasının Laçın yolunda vəziyyətə dair iclasının nəticələri ilə bağlı uğursuzluqdan sonra regionlara səfər edən Ermənistanın baş naziri Nikol Paşinyan cəmiyyətdəki gərginliyi özünəməxsus formada azaltmağa çalışır. Qaldırılan təşəbbüs, bəlli olduğu kimi, rədd edildi və beynəlxalq birlik Ermənistanın arzusunu reallaşdırmağa imkan vermədi. Belə olduqda, təbii ki, cəmiyyətdə anti-Paşinyan, antihökumət çağırışlar artır. Manevrlər etməkdə usta olan baş nazir isə yenə də çıxış yolunu populist addımlar atmaqda görür. Bu addımlardan biri kimi də Qafana səfəri seçib. Təyyarə ilə İrəvandan Qafan aeroportuna gələn baş nazir ərazi-idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla birlikdə Qafan hava limanını gəzib, tapşırıqlarını verib.

Əvvəldən də yayılan xəbərlərdə bildirilmişdi ki, hazırda Qafan-İrəvan daxili reyslərinin açılması istiqamətində iş gedir və sınaq texniki uçuşları artıq həyata keçirilib. Lakin aeroportda ilk uçuş həyata keçirilsə də, uğursuz alınıb. Baş nazir bildirib ki, Qafanda sınaq uçuşu zamanı bəzi texniki nasazlıqlar qeydə alınıb ki, bunu da uğurlu hesab etmək olmaz. “Ermənistan hökuməti İrəvandan Qafana müntəzəm uçuşlar təmin etməyi qarşısına vəzifə qoyub. Lakin hələ problemlər üzə çıxıb”, – deyə Paşinyan bildirib. Müntəzəm uçuşların başlanması üçün son tarix də açıqlanmayıb. Çünki Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan sınaq uçuşu zamanı hələ də həllini tapmayan bəzi texniki nasazlıqların qeydə alındığını bildirib. Sanosyan deyib ki, hökumət uçuşların təşkili ilə bağlı bəzi texniki məsələləri də həll etməlidir. Qeyd edək ki, İrəvandan Qafana sınaq uçuşu 46 dəqiqə davam edib.

Beləliklə, Paşinyan müəyyən olunmayan sərhəddə yeni bir təxribat – “aeroport şousu”na start verib. Məsələ ondadır ki, sülh şəraitində olmayan bir dövlətlə sərhəddə aeroport tikintisi, sadəcə, nonsensdir. Azərbaycan mövqelərindən hətta aeroportun daxili yolları belə, açıq-aydın görünür. İndiyə qədər Ermənistan aeroportun açılışını “təhlükəsizlik nöqteyi-nəzərindən” təxirə salıb. Məsələnin başqa tərəfi də ondadır ki, Qafan aeroportundan qalxan təyyarələr istəməsə də, Azərbaycanın hava məkanını pozmuş olacaq. Bu, qaçılmazdır. Digər məsələ, istisna deyil ki, “mülki” adı altında Ermənistan bu aeroportdan hərbi məqsədlər üçün istifadə edəcək. Məsələn, Azərbaycan Zəngilan hava limanını tikərkən sərhəddən xeyli aralıda yer seçdi, marşruta təsir edə biləcək mümkün külək gücünü nəzərə aldı və bununla da təyyarələrin Ermənistan ərazisinə uçması riskini aradan qaldırdı. Sovet dövründə Qafan hava limanı fəaliyyət göstərirdi, lakin o zaman bütün respublikalar vahid məkanın tərkib hissəsi olduğu üçün faktiki olaraq sərhədlər yox idi. Müqayisə üçün deyək ki, Avropada da sərhəd və transsərhəd hava limanları var. Lakin bütün hallarda bu, qanunvericiliklə tənzimlənir – ya Ümumavropa və ya ikitərəfli. Qafan aeroportuna gəldikdə, bununla bağlı Azərbaycanla heç bir razılaşma yoxdur.

Sadəcə, rəsmi İrəvanın diqqətinə bir məsələni çatdırmaq istərdik. Ermənistan anlamalıdır ki, Qafan hava limanının açılması kimi birtərəfli təxribatçı addımları cavabsız qalmayacaq. Ermənistan başa düşməlidir ki, Azərbaycan öz hava məkanının pozulmasına imkan verməyib və verməyəcək də. Ermənistanın digər layihələri kimi, bunun da uğursuz olacağı şəksizdir – Qafan aeroportu Xocalı aeroportunun hazırkı taleyini yaşayacaq – muzey eksponatı olaraq qalacaq.

Yeri gəlmişkən, erməni tərəfinin təxribata hazırlaşdığını sübut edən faktlar da var. Belə ki, baş nazirin səfəri zamanı erməni tərəfi iddia edib ki, Qafan aeroportu istiqamətində atışma olub. Hətta Azərbaycan hərbçilərinin aeroporta yaxınlaşaraq atəş açdıqlarını uydurublar. Rəsmi İrəvanın kütləvi dezinformasiya kampaniyası fonunda bu iddia o qədər də təəccüblü deyil. Lakin əsas diqqətçəkən məqam iddianın erməni baş nazir Nikol Paşinyanın Qafan aeroportuna gəlişindən dərhal sonra irəli sürülməsidir. Görünən odur ki, BMT Təhlükəsizlik Şurasında istədiyi nəticəni əldə edə bilməyən Ermənistanın sərhəd boyunca təxribatlar törədərək, eskalasiyanı qızışdıracağı gözləntisi var. Qarabağ Azərbaycan ərazisi kimi tanındığı üçün bu məsələdə Bakıya qarşı təzyiq cəhdləri baş tutmadığından bu kimi xəbərlər hələ çox olacaq. Ermənistan və havadarları sərhəddə gərginlik yaratmağa çalışacaqlar. Bununla da, Azərbaycanı “hücum edən tərəf” kimi göstərmək və beynəlxalq təzyiqə nail olmağa çalışacaq.

Elə erməni kəşfiyyat-diversiya qrupunun Azərbaycan ərazisinə sızmaq cəhdi də bundan xəbər verir. Son günlər sərhədin müxtəlif istiqamətlərində atəş açmaları da buna hesablanıb. Qafan aeroportuna atəşin açılması iddiası da bu planın tərkib hissəsidir və bunu məhz Paşinyanın bu hava limanına enməsindən sonra tirajlamaqla beynəlxalq diqqəti cəlb etməyə çalışırlar. Bu iddia fonunda aydın olur ki, Paşinyanın Zəngəzura səfəri, əslində, sərhəddə yeni təxribatlara start verilməsi məqsədi daşıyır.

Xatırladaq ki, Zəngəzur mahalının ən önəmli ərazilərindən olan Qafan Naxçıvanla Azərbaycanın Qərb rayonları arasında yer alan qədim Azərbaycan torpağıdır. Bu rayon Bərgüşad, Zəngəzur və Mehri dağ silsilələri əhatəsində, Gığı və Oxçu dərələrində yerləşir. 1920-ci ilə qədər Gəncə quberniyasının Zəngəzur qəzasının əyaləti olub, 1917-20-ci illərdə baş verən siyasi oyunlar nəticəsində Zəngəzurun digər bölgələri kimi, Qafan da Ermənistan SSR-in inzibati rayonuna çevrilib.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir