Siyasət

BMT TŞ-nin toplantısı: Ermənistanın fiaskoya uğrayan ağlaşma diplomatiyası – ŞƏRH + FOTO

Sharing is caring!


Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Azərbaycanın haqlı olduğu bir daha sübut olundu. Beynəlxalq ictimaiyyət ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədi. Ermənistanın və havadarlarının hay-küyü, yalan, əsassız iddiaları, dünya ictimaiyyətini aldatmaq cəhdi yenidən uğursuzluğa düçar oldu. Ermənistan hökumətinin ikiüzlülüyü də isbatlandı.

Məlumdur ki, rəsmi İrəvan Qarabağın mülki əhalisinin məcburi “tam blokadaya” alınması nəticəsində humanitar vəziyyətin “pisləşməsi” ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi. Bundan başqa, ölkənin baş naziri Nikol Paşinyan və başqa rəsmilərin “Qarabağ Azərbaycan ərazisidir”, “Qarabağdakı ermənilər bizə mandat verməyib” kimi açıqlamaları da dünya ictimaiyyətinin gözündən pərdə asmaq cəhdi kimi dəyərləndirilə bilər.

BMT-dən bildirilib ki, Laçın yolunda problemlərin həlli üçün Azərbaycan və Ermənistanla əlaqələri davam etdiriləcək:

“Tərəflər humanitar səylərə qarışmamalı və onları siyasiləşdirməməlidirlər. Humanitar reaksiya tanınma və ya qanuniləşdirmə aktı deyil, heç bir tərəfə dəstək vermir və siyasi təsirə səbəb olmur”.

Bu açıqlama rəsmi İrəvanın sözügedən məsələdə siyasi fəaliyyətinə qarşıdır. Çünki Ermənistan Laçın yolu ətrafında əsassız ajiotaj yaratmağa cəhd göstərdi. Ondan siyasi şou düzəltməyə çalışdı. Ancaq BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndələr məsələyə daha məntiqli yanaşdı. Qeyd olundu ki, Təhlükəsizlik Şurası 30 il əvvəl Ermənistanın işğalçı olduğunu təsdiqləyən dörd qətnamə qəbul etmişdi. Bu müddət ərzində işğalçı dövlət həmin sənədlərə məhəl qoymadı, beynəlxalq hüquqa qarşı hörmətsiz davrandı.

Laçın yolu ətrafında da ermənilərin gülünc və cəfəng iddialarını beynəlxalq ictimaiyyət qəbul etmədi. Təhlükəsizlik Şurasının məlum toplantısı Cənubi Qafqazda sülh, əməkdaşlıq və təhlükəsizliyi müdafiə etdi.

Fransanın BMT-dəki nümayəndə heyətinin üzvü Natali Brodxerst və digər daimi üzvləri çıxışlarında tərəfsiz qala bilmədilər. Onlar Ermənistanın və ya ermənilərin avantürasına uydular. Hətta, ola bilsin, bu şounun müəllifləri elə Fransanın siyasi texnoloqlarıdır. Natali Brodxerstin çıxışı və Şuranın toplantısınadək rəsmi Parisin davranışı bir daha təsdiqləyir ki, Fransa böyük dövlət, aparıcı güc kimi statuslarını itirir. Onun dünyada yeni güc yaratmaq cəhdi isə fiaskoya uğrayır. Yelisey sarayı bu siyasəti ermənilər kimi türklərə, Türkiyə və Azərbaycana qarşı kin, nifrət üzərində qurur.

Bir zamanlar dünyanın əsas güclərindən sayılan və ona ağalıq edənlərdən biri olmuş imperiyanın varisi indi Ermənistanın antitürk siyasi ideologiyası əsasında siyasət yürüdür.

2022-ci il dekabrın 20-də də Ermənistan oxşar məsələ ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Onda da Şura ermənilərin təklifini müzakirə etmiş, ancaq onların iddialarını yetərli saymamışdı.

Dünya gücləri Azərbaycan ərazilərinin işğalını bildikləri halda 30 il həqiqəti müdafiə etməyib susmuşdular. Regionda Azərbaycanın təhlükəsizlik, dünyanın enerji təchizatındakı rolu, əməkdaşlıq və sülh istiqamətində atdığı addımlar güclərin, aktorların nəzərindədir. ABŞ, Böyük Britaniya, Rusiya, Çin kimi dünya güclərinin Ermənistanın yalan və hiylə dolu bəyanatlarına, dezinformasiyalarına, məzlum görüntülərinə inanmamaqda haqlı olduqları da təsdiqləndi. Belə ehtimal etmək olar ki, beynəlxalq ictimaiyyət ermənilərin “yazıq, məzlum” sifətini görməkdən bezib. Təhlükəsizlik Şurası 30 il öncə bunu Ermənistana məlum qətnamələri ilə anlatmışdı. Odur ki, ermənilərin və havadarlarının bu “klassik” roldan çıxması zamanıdır. Çünki riyakarlıq maskası tamam yırtılıb.

Avqustun 16-da beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını bir daha nümayiş etdirdi. O da təsdiqləndi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir. Bununla Ermənistanın və separatçıların tör-töküntülərinin diqqətinə çatdırılır ki, ermənilərin Laçın yolunu “dünya birliyi ilə əlaqə yolu” sayması səhvdir. Ərazi Azərbaycanındır. Yolu da o müəyyən edir. Müzakirələrdən bu nəticəyə də gəlmək olar.

Beləliklə, BMT Təhlükəsizlik Şurasının toplantısı sübut etdi ki, qloballaşan dünyada, yeni dövrdə dünya ermənisayaq “ağlaşma” üsulu ilə siyasət yürütməyi qəbul etmir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir