Siyasət

“Ermənistandakı dağ-mədən sənayesindəki şirkətlər açıq olmalı sənədləri ört-basdır edirlər” – RƏY + FOTO

Sharing is caring!


“Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlər ictimaiyyət üçün açıq olmalı sənədləri ört-basdır edirlər”.

Bu fikirləri “Report”a açıqlamasında bu gün elan edilmiş “Environmental Protection First” (EPF) Koalisiyasının təsisçilərindən olan Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.

O xatırladıb ki, Azərbaycanın bir neçə vətəndaş cəmiyyətinin təmsilçiləri Ermənistanın dağ-mədən sənayesində heç bir norma və standartlara riayət edilməməsi və digər narahatlıqlar səbəbindən “Environmental Protection First” Koalisiyasını yaradıblar:

“15 milyondan çox əhalisi olan Cənubi Qafqaz regionu Ermənistanın dağ-mədən müəssisələrinin zərərli kimyəvi tullantılarının ətraf mühitdə yaratdığı böhranla üz-üzə qalıb. Həmin müəssisələrin zərərli tullantılarının Azərbaycanla sərhəd bölgələrdə olan su resurslarına da çox ciddi ziyan vurduğu aşkarlanıb. Bütün bunlar əhalinin təhlükəsiz yaşayışına mane olur. 30 il işğal altında qalmış ərazilərimizdə minaların basdırılması ilə yanaşı, ətraf mühitə dəyən ziyan insanların rahat yaşayışına ciddi problem yaradır.

Biz sözügedən problemlərlə əlaqədar Ermənistan baş naziri Nikol Paşinyana da müraciət etmişik. Lakin baş nazir ona ünvanladığımız məktuba heç bir reaksiya vermədi. Həmçinin, beynəlxalq ekspertlərə gəlib yerindəcə qiymətləndirmələr aparılmasına şərait yaradılmadı. Xarici ölkə QHT-ləri də buna bənzər bəyanatlar səsləndirərək problemlə bağlı öz narahatlıqlarını bildiriblər. Ermənistan bu çağırışların heç birinə məhəl qoymadığı üçün biz bu koalisiyanı yaratmağa qərar verdik”.

QHT sədri söyləyib ki, koalisiyanın əsas işi Ermənistanın dağ-mədən sənayesindəki fəaliyyətinin bütün qanuni vasitələrlə izlənilməsi və pozuntular əleyhinə mübarizənin gücləndirilməsi olacaq:

“Biz bu işdə Ermənistanın bir sıra vətəndaş cəmiyyəti təşkilatlarının da köməyinə ümid edirik. Çünki həmin təşkilatlar da insanların sağlamlığının təhlükədə olmasından narahatdırlar. Onlar sözügedən problemlə bağlı Ermənistan rəhbərliyinə müraciət ediblər, lakin təəssüf ki, onların bu müraciətinə ölkə rəhbərliyi tərəfindən məhəl qoyulmayıb. Biz isə hesab edirik ki, koalisiya kimi Ermənistanda boğulan vətəndaş cəmiyyəti nümayəndələrinin də səsi olacağıq”.

Q.Yusubova vurğulayıb ki, koalisiya öz işinə Ermənistanın dağ-mədən sənayesində işləyən xarici şirkətlərin Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədlərinin təftişindən başlayır:

“Təəssüflə bildirməliyəm ki, apardığımız ilkin monitorinqlər göstərir ki, Ermənistanda fəaliyyət göstərən şirkətlər ictimaiyyət üçün açıq olmalı olan bu sənədləri ört-basdır edirlər. Ermənistanın dağ-mədən sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərə üz tutaraq ƏMTQ sənədlərinin tam mətnini ən qısa müddətdə öz rəsmi internet saytlarında yerləşdirməyə və ya ictimaiyyətə elan etməyə çağırırıq. Biz bu sənədlərlə də tanış olmaq istəyirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir