Siyasət

“Qarabağa köç prosesinin fonunda ermənilərin hələ də davam edən mina terrorundan çox narahatıq” – RƏY

Sharing is caring!


“Mina terrorundan əziyyət çəkən biri kimi bu problemə laqeyd yanaşa bilmərəm. Əkin və otlaq sahələri, meşə zolaqlarında baş verən mina insidentləri bizi ikiqat narahat edir”.

Bu sözləri “Report”a açıqlamasında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri, Qarabağ qazisi Rey Kərimoğlu deyib.

O, Azərbaycan vətəndaş cəmiyyətinin digər təmsilçiləri ilə birlikdə dəfələrlə müxtəlif beynəlxalq qurumlara, dünya ictimaiyyətinə Azərbaycandakı mina təhlükəsi ilə bağlı müraciətlər etdiklərini xatırladıb.

R.Kərimoğlu Azərbaycanın tanınmış ziyalıları ilə birgə mina xəritələrinin təhvil verilməsi üçün petisiya keçirdiklərini də diqqətə çatdırıb. O bildirib ki, ermənilər həmin xəritələrin bir qismini təhvil versələr də, onların yalnız 15-20 faizi düzgün olub.

44 günlük Vətən müharibəsindən sonra 303 nəfərin minaya düşdüyünü xatırladan təşkilat sədri onlardan 55-nin həyatını itirdiyini söyləyib:

“Bütün bu hadisələr vətəndaş cəmiyyətinin üzvü kimi bizi narahat etməyə bilməz. Özüm də mina terrorundan əziyyət çəkən biri kimi bu problemə laqeyd yanaşa bilmirəm. Bu dəfə BMT-nin baş katibi, BMT-nin müvafiq qurumlarının rəhbərlərinə, o cümlədən Avropa İttifaqı və Avropa Şurasına üzv olan dövlətlərə müraciət etdik ki, bəhs olunan problemlə bağlı bizə dəstək versinlər. Bu dəstək isə Azərbaycana mina xəritələrinin təhvil verilməsi üçün Ermənistana təzyiqlərin edilməsidir”.

R.Kərimoğlu vurğulayıb ki, mina insidentlərinin 70 faizə qədəri keçmiş təmas xəttindən kənarda baş verib:

“Artıq işğaldan azad olunmuş ərazilərə köç prosesi start götürüb. Əkin və otlaq sahələri, meşə zolaqlarında baş verən mina insidentləri bizi ikiqat narahat edir. Bu baxımdan biz də beynəlxalq ictimaiyyətin mina terroruna susmaması və çətin işdə Azərbaycana öz dəstəyini nümayiş etdirməsi üçün humanitar minatəmizləmə ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanladıq”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir