Siyasət

David Tonoyanın “istintaq komissiyası” şousu və acı etirafları – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın həbsdə olan sabiq müdafiə naziri David Tonoyan 44 günlük müharibənin şəraitini tədqiq etmək üçün parlamentdə yaradılan istintaq komissiyasında ifadə verib. Onun açıqlamaları müxalif düşərgəni məyus etsə də, iqtidar cəbhəsində məmnunluq yaradıb. Eyni zamanda, Tonoyan bilərəkdən və bilməyərəkdən müxtəlif açıqlamaları ilə diqqət cəlb edib.

David Tonoyan 44 günlük müharibədəki acı məğlubiyyətdən dərhal sonra istefa verərək nazir postunu tərk etsə də, baş nazir Nikol Paşinyanın qəzəbindən qurtula bilməmişdi. Eks-nazir ara-sıra açıqlamalar verərək hökumət başçısı və onun Azərbaycanla bağlı siyasətini tənqid edirdi. Bu, N.Paşinyan komandasının diqqətindən yayınmamışdı. Elə bu səbəbdən 2021-ci ildə açılan cinayət işi çərçivəsində David Tonoyan həbs edildi. Korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilən Tonoyan keçmiş prezident Serj Sarqsyanın kadrı sayılır və həbsə atılmasında bu faktorun müəyyən rol oynadığı ehtimal edilir. Bu günə qədər də hələ hakim qarşısına çıxarılmayan Tonoyan Paşinyan və komandası ilə münasibətlərini normallaşdırmaq, vəziyyəti yumşaltmaq üçün komissiyada suallara cavab verməyə razı olduğunu bildirmişdi.

İstintaq komissiyası isə Nikol Paşinyanın əlində şou üçün bir alətə çevrilib. Baş nazir xoşu gəlməyən keçmiş hərbçiləri, dövlət xadimlərini bu komissiya vasitəsilə “sındırmağa” çalışır. Bu dəfə məngənəyə keçərək sınan və hakim komanda ilə gizli barışığa hazır olan David Tonoyan oldu. Komissiyanın iclasından əvvəl müxalifətin də iştirakını tələb edən keçmiş nazir, əslində, “tutsa, qatıq, tutmasa, ayran” prinsipini əlində rəhbər tutsa da, müxalifətdən istədiyi dəstəyi ala bilmədi. Bəlkə də, bu səbəbdən açıqlamalarında özünü günahkar bildiyini, həbsinə məhz müharibədəki məğlubiyyətin səbəb olduğunu qeyd etməklə yanaşı, hakimiyyətə mədhiyyələr deməkdən belə çəkinməyib.

Amma bizi maraqlandıran D.Tonoyanın digər açıqlamalarıdır. 2020-ci ildə 44 günlük müharibənin ilk günlərindən acı məğlubiyyətlə üzləşən Ermənistanın siyasi-hərbi rəhbərliyinin açıqlamalarından məlum olurdu ki, Türkiyədən tutmuş, Marsda yaşadığı ehtimal edilən sivilizasiya nümayəndələrinə qədər bütün dünya Azərbaycana dəstək olub, köməyə qoşun göndərib, silah verib. Bu sərsəmləmələr sonradan dağıdıcı faktlarla məhv edilsə də, bir il on aydır həbsdə olan D.Tonoyan dövlətin siyasi xəttini yenidən təkrarlamaqla Paşinyana “səni və siyasətini dəstəkləyirəm” mesajı ötürmüş sayıldı, məğlubiyyətdə günahın ordu rəhbərliyi və Paşinyanda yox, dəstəkçilərdə olduğunu vurğuladı.

Hərbi əməliyyatların başlanacağının heç kimə məlum olmadığını, bu müddət ərzində xaricdə səfərdə olduğunu qeyd edən Tonoyan erməni ordusunda kəşfiyyat işlərinin hansı səviyyədə “peşəkar” olduğunu etiraf edib.

Qırıcı təyyarələr və hərbi hava qüvvələri baxımından Ermənistanın vəziyyətinin sıfır olduğunu, ümumiyyətlə qırıcı, zenit-müdafiə aviasiyasının olmaması barədə açıqlaması Ermənistan ordusunun vəziyyətindən xəbər verir. İllərlə Ermənistan ordusunun tərifini yerə-göyə sığdıra bilməyən erməni hərbi-siyasi elitası az qala onu dünya nəhəngləri ilə müqayisə etməkdən belə utanmırdı. Amma necə deyərlər, utanmasan, oynamağa nə var ki? Tonoyan iki cümləlik etirafı ilə real mənzərəni təsvir edib. Görəsən, 30 ilə yaxın müddət ərzində müharibə vəziyyətində yaşayan, Azərbaycanın torpaqlarını gec və ya tez savaş yolu ilə azad edəcəyinin qəti olduğunu bilən hərbi-siyasi rəhbərlik hər il büdcədən ayrılan vəsaitlə nə iş görüb? Bəlkə, elə buna görə də son dövrlər Ermənistanda hərbi elitanın korrupsiyalaşması barədə məlumatlar dərc olunur, məhkəmələr qurulur, generalların anbarlarından əsgərlər üçün ayrılmış pal-paltar, ərzaq məhsulları tapılır?

Tonoyan etiraf edib ki, aviasiya məsələsində Rusiya qırıcılarına arxayın idilər. Amma unutduqları bir reallıq var ki, hərbi əməliyyatlar Azərbaycan ərazisində baş tutub və nə Rusiyanın, nə NATO-nun, nə KTMT-nin, ümumiyyətlə dünyada heç bir alyansın Azərbaycan ərazisində müharibəyə müdaxilə etmək kimi bir səlahiyyəti yox idi.

D.Tonoyanın diqqətçəkən açıqlamalarından biri də müharibə dövründə qadağan olunmuş silahlardan istifadə ilə bağlıdır: “İskəndər”, “Toçka” və digər silahlar müharibə zamanı istifadə edilib” açıqlaması Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibə cinayətinə kollektiv imza atmasından xəbər verir. Elə tək bu fakt və etirafla Ermənistanda baş nazirdən tutmuş, müharibədə iştirak etmiş adi serjanta qədər cinayət işi açmaq mümkündür.

Tonoyanın “SU-30” qırıcıları ilə bağlı növbəti açıqlaması da Ermənistan ordusunda korrupsiya və özbaşınalıq, səriştəsizlik, başıpozuqluq hallarından xəbər verir:

“Düşmənlə müqayisədə qırıcıların, yəni “SU-30”ların qırıcı komponentlərinin funksiyası ilə bağlı sıfır vəziyyətimiz var idi. Uzaq məsafələrdə “SU-30”ların düşmənin vasitələrini və infrastrukturunu dəqiq idarə olunan raketlərlə vurmaq imkanları bizim silahlı qüvvələrdə ümumiyyətlə yox idi”.

Tonoyanın bu açıqlaması, əslində, ordu rəhbərliyinin və Nikol Paşinyanın səriştəsiz olması və lazımsız qərarlar qəbul etməsini sübut edir. Amma özünü tülkülüyə qoyan Tonoyan “SU-30”ların alınmasını nailiyyət və silahlı qüvvələrin səviyyəsi üçün müsbət addım hesab etdiyini vurğulayıb.

Eks-nazir müharibə dövründə Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general Movses Akopyanın Qarabağda hərbi əməliyyatların getdiyi bir zamanda separatçıların komanda qərargahlarında və digər ərazilərdə olduğunu etiraf edib. Bu da növbəti hərbi cinayətdir. Müharibə dövründə Ermənistanın hərbi-siyasi rəhbərliyinin döyüşlərdə qondarma və separatçı qurumun özünümüdafiə dəstələrinin iştirakı barədə uydurduğu sərsəmləmələrə daha bir cavab. Əməliyyatlar Ermənistandan olan generallar tərəfindən idarə olunub. Çox güman ki, əslən qarabağlı olan Movses Akopyan da Azərbaycanın hərbi cinayətkarlar siyahısında layiqli mövqeyini tutacaq və onun Qobustan həbsxanasında gecə ilə gündüzü qarışdıracağı gün uzaqda deyil.

Açıqlamalarında gah Ermənistan ordusunun özündən iki-üç dəfə güclü rəqibə qarşı mübarizə apara biləcəyini, gah da aviasiya və zenit qurğuları məsələsində sıfır vəziyyətdə olduğunu söyləyən D.Tonoyan etiraf edib ki, müharibənin üçüncü günü Ermənistan silahlı qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Onik Qasparyan Təhlükəsizlik Şurasının iclasında silahlı qüvvələrin Azərbaycan Ordusuna müqavimət göstərməyə hazır olmadığı barədə məlumat verib. D.Tonoyanın bu açıqlaması Ermənistan ordusunun vəziyyəti, ordudakı ab-hava barədə dərin və təfsilatlı məlumat verir. Hərbi əməliyyatların üçüncü günü belə bir acı etirafı etmək O.Qasparyana da baha başa gəlib. O, vəzifəsi ilə vidalaşıb, barəsində cinayət işi başlanılıb.

D.Tonoyan ziddiyyətli açıqlamalarından, nala-mıxa vurmaqdan doyduqdan sonra Nikol Paşinyana “barışıq əli” də uzadıb. Eks-nazir sülh dövründə Ermənistanın baş nazirinə təcili olaraq Ali Baş Komandanın səlahiyyətlərinin verilməsini təklif edib. Tonoyanın yaltaqlığı bununla da bitməyib. O, Nikol Paşinyanla bağlı suala cavab vermək səlahiyyətinin yalnız komissiyada olduğunu etiraf edib. Görünən odur ki, Tonoyan da N.Paşinyanın şousunda ürəklə rolunu ifa edib, ona zeytun budağı uzadıb. İndi son söz Paşinyanındır. Görəsən, erməni baş nazir iki ildir sındırmağa çalışdığı Tonoyanı bağışlayacaqmı?

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir