Siyasət

Vaqif Xaçatryan tərəfindən amansız işgəncələrə məruz qalan Ucar sakini nələr danışdı? – FOTO

Sharing is caring!


Əslən Göyçaydan olan və Ucar rayonunda yaşayan I qrup Qarabağ əlili Mail Məmmədov doqquz ay on dörd gün erməni əsirliyində olub. Bu günlərdə “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryan tərəfindən sinəsinə qızdırılmış dəmirlə xaç şəkli çəkilən və amansız işgəncələrə məruz qalan Mail Məmmədov həmin hadisələrdən 31 il keçməsinə baxmayaraq, hələ də o günlərin ağrı-acısını unuda bilmir.

O, AZƏRTAC-a açıqlamasında yaşadığı həmin dəhşətləri ürəkağrısı ilə belə nəql edir.

“Gün adama xoş keçəndə bilməz aylar necə keçir, amma mənim günüm zülmlə keçib. Həmin vaxtlarda orada neçə gün olduğumu bilmirdim. Məni nə qədər vurmuşdularsa, huşumu da itirmişdim. Həmin gün yaralı-yaralı gözlərimi bağlayıb məni yük maşınında ayaq altına atdılar. Sonra məni qaranlıq bir yerə saldılar. Gözlərim bağlı olsa da, qollarım torpaq divara dəyəndə anladım ki, haradasa yerin altındayıq. Sonra məni dirəyə bağladılar və gözümü açdılar. Baxanda gördüm ki, buradakılar erməni hərbçilərdir. Vaqif Xaçatryan əllərimi arxadan məftillə sıx bağladı. Ocağın üstündə çaydan var idi, qaynayıb daşırdı. Həmin çaydanı gətirib qaynar suyu mənim başıma töküb gülürdü”.

Mail Məmmədov 1991-ci ildə hərbi xidmətdən qayıtdıqdan bir il sonra könüllü olaraq Laçın, Şuşa və Ağdərə istiqamətlərində gedən döyüşlərə qatılıb. Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən şiddətli döyüşlərdə ağır yaralanaraq ermənilərə əsir düşüb. Əsirlik həyatında Mail amansız işgəncələrə dözməli olub. Ona ən ağır işgəncəni isə dörd gün əvvəl “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryan verib.

“Məni odun sobasının yanında dirəyə bağladıqdan sonra həmin bu Vaqif metaldan olan xaçı odda qızdırdı. Qızarmış kələ-kötürlü metal parçasını mənim sinəmə basdı, sanki canım çıxdı, çox dözülməz ağrılar idi. Ağrının təsirindən özümdən getmişdim. Yeddi-səkkiz gün işgəncə verilən yerdə saxlanıldım. Bu yaxınlarda “Laçın” buraxılış məntəqəsində Vaqifi görəndə dərhal bildim ki, bu, elə həmin şəxsdir. Yerişindən, hərəkətlərindən, simasından gözümün qabağında bir anlıq onu canlandırdım və anladım ki, dəqiq, bu mənə işgəncə verən Vaqifdir.

Mail Məmmədovun sözlərinə görə, qana susayan düşmən onun üzərində ağlasığmaz işgəncə üsulları tətbiq edib. O zaman sürücü işləyən Vaqif Xaçatryanın ona verdiyi amansız işgəncələri Mail 31 il keçməsinə baxmayaraq bu gün də unuda bilmir.

“Hadisələrdən neçə illər keçməsinə baxmayaraq, indi də danışanda həyəcanlanıram, o əzablı günləri xatırlamaq da dəhşətdir. Elə bil ki, sənin ölməyin onun üçün adi bir quşun ölməsi idi. Yaralıları itin, donuzun qabağına tulladılar. Gözümün qabağında donuzlara diri-diri yedizdirdilər. Əsirlərin qulaqlarını kəsirdilər. Mənim qulağımı deşiblər, elektrik cərəyanına qoşublar, bədənimin müxtəlif nahiyələrində sümüklərimi qırıblar”, – deyə o vurğulayıb.

Bir neçə gün əvvəl “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan Vaqif Xaçatryanı televizorda görən və tanıyan Mail deyir ki, onu görər-görməz, verdiyi işgəncələr bir-bir gözünün önünə gəlib. Ağır yaraları sinəsində gəzdirən Mail Məmmədov illər keçməsinə baxmayaraq, inanıb ki, ədalət gec-tez öz yerini tapacaq.

Bu gün əminliklə deyə bilərik ki, vaxtilə Mailə və digər azərbaycanlılara işgəncələr verən Vaqif Xaçatryan və onun kimilər öz layiqli cəzalarını alacaqlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir