Siyasət

Ermənistanla sərhəddə terror dəhlizinin açılmasına imkan verilməyəcək – RƏY + FOTO

Sharing is caring!


“Beynəlxalq Ədalət Məhkəməsi və Avropa İnsan Haqları Məhkəməsinin Laçın yolu ilə bağlı qərarından sonra Ermənistanın Laçın yolundan beynəlxalq təzyiq vasitəsi ilə istifadə etmək təşəbbüsü ağılsızlıq kimi görünür. Ancaq Ermənistan bu ağılsızlıqda israrlıdır. Hətta Ermənistanın nümunəsində belə, bir ölkənin beynəlxalq humanitar təşkilatın patronajlığı altında digər ölkənin legitim sərhədlərini pozmaq israrının əsas səbəbi tam aydın deyil”.

“Report” xəbər verir ki, bu barədə politoloq Yeganə Hacıyeva bildirib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan dövlətinin addımları, Prezident İlham Əliyevin daxili və xarici auditoriyalarda verdiyi mesajlar onu əminliklə söyləməyə əsas verir ki, Ermənistanla sərhəddə hər hansı bir terror dəhlizinin açılmasına imkan verilməyəcək. 

Politoloq vurğulayıb ki, rəsmi İrəvan üçün çıxış yolu gələcəyi Azərbaycanla uzlaşdırmaqdan keçir və bu işin uğuru Bakının burada formalaşdırdığı şərtləri tez və qeyri-şərtsiz qəbul etməkdən birbaşa asılıdır:

“Son günlər Ermənistan mediası və ekspertlərinin Azərbaycan-Ermənistan sərhədində, Laçın yolu ətrafında Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə birgə ortalığa atılan avantüranın ətrafında müzakirələr maraqlı məqamları ortaya çıxardı. Müzakirələrdə təşəbbüsün sifarişçisi və əsas israr edən tərəf kimi dünyadakı erməni lobbisi çıxış edir. Qarabağda “etirazların” dəstəklənməsi üçün erməni lobbisi bütün dünyada “dilən-dolan” mexanizmini işə salaraq maliyyə toplayır. Keçən ilin payızından Azərbaycan Laçın yolu və Ermənistanla sərhəddə üç dolama yolun şəffaflığını təmin etdikdən sonra bölgədən qeyri-qanuni daşınmalar və talanmış resursların Qarabağdan çıxarılması mümkünsüz olub. Bölgədən və bölgəyə qeyri-qanuni daşınmaların həyata keçirilməsi üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi altında xüsusi təyinatlı “Humanitar dəstək” əməliyyatına ehtiyac yaranıb. Regionda şübhəli daşınmalar həyata keçirməklə “ad-san” qazanmış “Spayka” şirkətinin “TIR”ları ilə artıq 10 aydır ki, Qarabağdan çıxara bilmədikləri yükləri çıxarmaq üçün “xüsusi təyinatlı əməliyyat” həyata keçirməyə cəhd edirlər. Beynəlxalq Qırmızı Xaç Komitəsinin “Humanitar dəstək” əməliyyatının təşkilatçıları separatçıların Qarabağda taladığı resursları, ən əsası Ruben Vardanyanın “ekokəndlər layihəsinin” izlərini evakuasiya etmək üçün Qarabağa girməyə çalışırlar”.

Y.Hacıyeva deyib ki, xüsusi təyinatlı “Humanitar əməliyyat”ın iştirakçısı olan “TIR”ların məxsus olduğu “Spayka” şirkəti və bu şirkətin kimə bağlılığı haqqında internetdə bir neçə təzadlı məlumatlar var: 

“Məsələn, şirkət haqqında açıq mənbələrdəki ilkin məlumatlarda “Spayka”-nın Koçaryan ailəsinə məxsus olması haqqında geniş və tutarlı məlumatlar yer alıb. Açıq mənbələrdə 2015-ci ildən sonrakı məlumatların bir qismi şirkətin Sarkisyanın kürəkəninə məxsus olması, son üç ildə paylaşılan məlumatlarda isə Paşinyanın qayınına yaxın biznes dairələrə məxsus olması haqqında məlumatlar var. Məlumatlarda şirkətin Ermənistanda istehsal olunan meyvə-tərəvəzin xaricə daşınması üzrə ixtisaslaşması qeyd edilib. “Spayka” müxtəlif vaxtlarda Ermənistanda dövlət səviyyəsində keçirilən tədbirlərin sponsoru qismində çıxış edib, dövlət sifarişli daşınmaları həyata keçirib. Açıq mənbələrdən əldə olunan məlumatlarda meyvə-tərəvəz daşınmaları üzrə ixtisaslaşmış şirkətin dəfələrlə Gürcüstan sərhədlərinə silah və maye halında narkotikin tranziti faktına görə saxlanılması haqqında məlumatlar var”.

Politoloq bildirib ki, “Spayka” “TIR”larının İkinci Qarabağ müharibəsi günlərində Gürcüstan-Ermənistan sərhədində silah tranzitinə görə saxlanılması haqqında məlumat və sübutlar mediada geniş tirajlanıb:

“44 günlük müharibədən sonra yük maşınlarının soyuducularında erməni əsgərlərinin cəsədlərinin daşınması və saxlanılması faktları həm erməni mediasında, həm də Azərbaycan mətbuatında geniş tirajlanıb. Ruben Vardanyanın Qarabağdakı fəaliyyəti haqqında silsilə araşdırmaların müəllifi kimi qeyd edim ki, onun “ekokəndlər” layihələrində başqa tərəfdaşlar da var. Onlardan biri də Yaxın Şərqdə silah alverçisi, livanəsilli Kanada vətəndaşı Nubar Afoyandır. “Wikileaks”in 2008-ci il Ermənistana aid məxfi sızmalarında Robert Koçaryanın prezidentliyi müddətində İrandakı şiə qruplaşmaları kanalı ilə Yaxın Şərqdə silah satması haqqında məlumatlar tirajlanmışdı. “Wikileaks”də Koçaryanın Yaxın Şərqdə silah alverində digər tərəfdaş kimi livanəsilli kanadalı milyarder Nubar Afoyanın adı çəkilir. Afoyan Yaxın Şərqdə silah alverindən əldə etdiyi qanlı maliyyənin hesabına Kanadada geniş media və biznes şəbəkəsi qurub. Kanada parlamentinə seçkilərdə bütün dünyada erməni lobbi şəbəkəsinin işləmə mexanizmləri hərəkətə keçir, Afoyana məxsus media şəbəkələr aktiv təbliğat aparır, seçki kampaniyalarına isə geniş maliyyə axıdılır və s. Afoyanın quraşdırdığı media infrastrukturlarında Kanada siyasətçiləri və hətta Baş nazir Castin Trudo haqqında tənqidi məlumatlar yer alır”.

Politoloq Y.Hacıyeva qeyd edib ki, Afoyan bir neçə dəfə Baş nazir Castin Trudonun xarici siyasətini açıq tənqid etməkdən belə çəkinməyib:

“Tənqidlərin xronologiyası haqqında kiçik araşdırma maraqlı məqamları da ortaya çıxarır. Bu media şəbəkəsinin Kanada xarici siyasəti barədə ən çox tənqidi İkinci Qarabağ müharibəsi ərəfəsinə təsadüf edir. Afoyan sistemli tənqidlərdən sonra Baş nazir Castin Trudo ilə onlayn görüş və birgə müzakirə imkanı əldə edir. Əslində, bu üsul hədəfli informasiya təxribatı kimi köhnə üsuldur və ermənilər də hədəfli informasiya təxribatından aktiv istifadə edən şəbəkədir. Odur ki, iyul ayında qəfil, regiona heç bir aidiyyəti olmadığı halda Kanadanın Avropa İttifaqının missiyasına qoşulmasının səbəbini də burada axtarmaq lazımdır. Bu missiyanın sifarişçisi də, sponsoru da əldə etdiyi qanlı maliyyənin hesabına Kanadada geniş media, biznes şəbəkəsi qurmuş Nubar Afoyandır. Odur ki, adları qeyd olunan köhnə işbazlar Azərbaycanla Ermənistan sərhədində xüsusi təyinatlı əməliyyatla Qarabağdan 15 “TIR” ilə hansısa vacib yükü çıxarmaq üçün səfərbər olunublar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir