Siyasət

“Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə” Türkiyə Forumu keçirilib – FOTO

Sharing is caring!


Türkiyənin İstanbul şəhərində “Qərbi Azərbaycan həqiqətləri beynəlxalq müstəvidə” Türkiyə Forumu keçirilib.

“Report” xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən keçirilən forum Türkiyənin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) İstanbul ofisində baş tutub.

Forumda Qərbi Azərbaycandan soydaşlarımızın sürgünü, onların öz dədə-baba yurdlarına dönüşünün təşkili və bunun beynəlxalq səviyyədə təmin edilməsi kimi məsələlər müzakirə olunub.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin “Böyük Qayıdış” siyasəti çərçivəsində işğaldan azad edilən torpaqların canlandırılması, orada həyatın yenidən inşa edilməsi işlərinin uğurlu bir şəkildə davam etdiyini vurğulayıb:

“700 mindən çox soydaşımız XX əsrdə öz ata yurdlarından Sovet Rusiyasının təlimatları ilə zorla deportasiya olunub. Bu köç siyasət işgəncə və qətliamlarla müşayiət edilmiş, deportasiya olunmuş soydaşlarımızın bir çoxu gəldikləri bölgələrin iqlim şərtlərinə dözməyərək həyatlarını itiriblər. Bütün bunları nəzərə aldıqda bu gün Qərbi Azərbaycandan sürgün edilmiş azərbaycanlıların qayıdışını təmin etmənin önəmini anlayırıq. Buna görə də yürüdülən siyasəti dəstəkləməklə yanaşı, hər birimiz onun bir hissəsi olmaq istəyirik. Elə bugünkü forumun təşkil olunmasında məqsədimiz də budur”.

Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli Azərbaycan diasporunun qarşısında yeni vəzifənin durduğunu bildirib:

“30 il boyunca biz Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırarkən Qarabağ ilə məhdudlaşırdıq. Ancaq indi yeni Qərbi Azərbaycan səhifəsi açılır. Yüz illər boyu Azərbaycanın önəmli məkanlarından olan İrəvan xanlığı, açıq şəkildə desək, bu gün erməni işğalı altındadır. Artıq Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmaq istəyirlər”.

Azərbaycanın İstanbuldakı konsulu Zaur Allahverdi-zadə Zəngəzurun Ermənistana verilməsindən sonra Azərbaycanın Türkiyə və bütün türk dünyası ilə quru əlaqəsinin məqsədli şəkildə kəsildiyini və bunun türk dünyasının coğrafi baxımdan parçalanması üçün atılan addım olduğunu söyləyib:

“Bu gün Qərbi Azərbaycan İcması fəaliyyət göstərir. İcma Qərbi Azərbaycanda olan soydaşlarımızın haqlarının bərpa edilməsi, onların deportasiyasından məsul olan şəxslərin məhkəmə qarşısına çıxarılması üçün çoxtərəfli fəaliyyətini davam etdirir. Qərbi Azərbaycandan olan soydaşlarımız ora dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Onların öz ata yurdlarına dönmə haqlarının təmin edilməsi hər hansı dövlətə qarşı torpaq iddiası anlamına gəlmir. Çünki Qərbi azərbaycanlıların ata yurdlarına qayıdışları beynəlxalq anlaşmalarla təsbit edilib”.

YTB-nin İstanbul ofisinin koordinatoru Əmrə Oruc, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə, TRT İdarə Heyətinin üzvü Hilal Kaplan, TİMBİR-in sədr müavini Adil Koçalan, Türkiyənin iqtidardakı Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər Təşkilatının xarici əlaqələr üzrə sədri Mustafa Kanyılmaz və Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək İctimai Birliyinin sədri Toğrul Allahverdili də çıxışlarında insan hüquqları çərçivəsində yurdlarından didərgin salınmış azərbaycanlıların evlərinə qayıdışının təmin olunmasının önəmindən bəhs ediblər.

Çıxışlardan sonra Qərbi Azərbaycan həqiqətlərindən və Ermənistanın buradakı azərbaycanlı izlərini yox etməsindən bəhs edən sənədli filmin nümayişi baş tutub.

Müxtəlif çıxışlardan sonra akademik panel müzakirəsi təşkil olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir