Siyasət

“Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf istismarı ətraf mühitə ciddi zərər vurur” – RƏY + FOTO

Sharing is caring!


“Ermənistanın qeyri-şəffaf və hesabatlılığı olmayan istismarı nəticəsində hazırda davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə ciddi zərər vurur”.

Bu fikirləri “Report”a açıqlamasında Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova deyib.

QHT sədri xatırladıb ki, Azərbaycanda fəaliyyət göstərən ətraf mühit və insan sağlamlığı ilə məşğul olan QHT-lər bu dəfə beynəlxalq ictimaiyyətə və BMT-yə təcili şəkildə müraciət ünvanlayıb:

“Belə ki, hava və suyun çirkləndirilməsi ilə milyonlarla insanın həyatını və ətraf mühiti ciddi təhdid qarşısında qoyan Ermənistanın dağ-mədən sənayesinin yaratdığı ekoloji terrorla bağlı narahatlığımızı bildirmişik”.

“Sözügedən təşkilatlar Ermənistanın baş naziri Nikol Paşinyana açıq məktub yazdıqdan sonra bu gün BMT-nin bir sıra təsisatlarına da açıq məktub ünvanlayaraq Ermənistan tərəfindən törədilən ekoloji terrora öz etirazlarını bildiriblər. Bəhs olunan problemlər nəinki Azərbaycan, ümumiyyətlə, region üçün ciddi təhdiddir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın sənaye müəssisələri plansız, heç bir beynəlxalq standartlara uyğun olmayan fəaliyyəti nəticəsində insan sağlamlığına və ekosistemə çox ciddi mənfi təsir göstərib:

“Bu müəssisələrin tullantıları Həkəri və Oxçuçay vasitəsilə Araz çayına axıdılır. Araz çayının suyu isə suvarmada istifadə edildiyindən təsərrüfatlar üçün böyük problem yaradır. İçməli su təsisatlarına dəyən ziyan isə birbaşa insan sağlamlığına ciddi təhdiddir. Bu hal, həmçinin xərçəng və digər yoluxucu bir çox ciddi xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu isə regionda sağlamlıqla da bağlı ciddi böhranın yaranmasına səbəb ola bilər”.

Q.Yusubova vurğulayıb ki, hazırda Ermənistan Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrindən “yaşıl sənaye”nin inkişafı üçün çox böyük qrantlar alır:

“Biz Avropa İttifaqına müraciət edərək bildirmək istəyirik ki, həmin qrantların təyinatı üzrə istifadə olunmasını təmin etsinlər. Ermənistanın dağ-mədən sənayesi ekoloji norma və standartları ciddi şəkildə pozmaqla BMT-nin konvensiyalarını da tapdalayır. Ümumiyyətlə, BMT-ni və digər beynəlxalq qurumları Ermənistanı ekoloji terrora son qoymağa məcbur etməyə çağırır və onları bu məsələdə ciddi addımlar atmağa dəvət edirik”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir