Siyasət

NATO-nun Vilnüs sammiti: Zelenski həm sevinir, həm kədərlənir – FOTO

Sharing is caring!


Şimali Atlantika Alyansının Vilnüs sammitinin əsas ana gündəmi Ukraynadakı müharibə oldu. Kiyevin NATO-ya üzvlük arzuları reallaşmasa da, İsveç Türkiyə səddini keçməyə çox yaxındır.

“Kaspi” qəzetinin mövzu ilə bağlı hazırladığı yazıda deyilir:

NATO-nun iyulun 11-12-də Vilnüsdə keçirilən zirvə toplantısı dünya gündəmini tutsa da, “tarixi sammit”ə çevrilmək şansını itirdi. Vilnüs toplantısı Ukraynanın Alyansa üzv olmaq arzusunu yenə də növbəti ilə saxladı. Rusiya ilə hərbi qarşıdurmaya getmək istəməyən Alyans bunun əvəzində Kiyevə sadəcə hərtərəfli yardımları artıracağını bəyan etdi. Ukrayna faktiki olaraq qurumun bütün dövlətlərinin dəstəyini qazandı və bu məsələdə fikir ayrılıqları olmadı. Tək üzvlükdən başqa. ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltonun dediyi kimi, “Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı danışıqlar vaxt itkisidir”. Onun fikrincə, Kiyev bilməlidir ki, münaqişə gedən ölkənin NATO-ya üzvlüyü mümkün deyil. Alyans üzvləri bunu riskli hesab ediblər. İttifaq Nizamnaməsinin 5-ci maddəsi də bunu mümkünsüz edir. Əgər Ukrayna NATO-ya üzv olarsa, bu, NATO-nun avtomatik Rusiya ilə müharibəyə qoşulması deməkdir. Beləliklə, sammit Ukraynaya üzvlüklə bağlı sadəcə vəd verməklə yekunlaşıb. Düzdür, Alyansın Baş katibi Yens Stoltenberq bəyan edib ki, Ukrayna NATO-ya həmişəkindən daha yaxındır. “Bizim ən vacib vəzifəmiz Ukraynanı qazanmaqdır. Biz Ukraynanı NATO-ya yaxınlaşdıracağıq. Hərbi dəstək də 2014-cü ildən başlayıb, keçən il tam miqyasda artıb. Bu yaxınlarda müttəfiqlər yeni mühüm bəyanatlar verdilər. Ukraynaya uzaqmənzilli raketlər veriləcək. Almaniya və ABŞ hərbi dəstəyini daha da artıracaq. Bütün bunlar Kiyevə güclü mesaj verir”, – o deyib. Ukrayna üçün müsbət olan başqa hal NATO-Ukrayna Şurasının yaradılması olub. Eyni zamanda, Ukraynaya hər cür silahların çatdırılması prosesinin sürətləndirilməsi də qərara alınıb. Bu da onu deməyə əsas verir ki, qarşıdakı illərdə Rusiyanı çətin günlər gözləyir. Ən müasir silahlarla təchiz olunan Ukrayna Rusiya üçün ciddi problemlər yaradacaq. Qərbin müasir silahları qarşısında aciz qalan Rusiyanın hansı addımlar atacağı da sual doğurur.

Hədəf Rusiyanın çökdürülməsidir

Sammit həm də onu göstərdi ki, NATO münaqişənin uzanmasında maraqlıdır. Hədəf bu yolla Rusiyanın çökdürülməsidir. Qərbin ümidi hazırda yalnız Rusiyada mümkün hakimiyyət dəyişikliyinədir. Yeri gəlmişkən, sammitdə bir dəfə də olsun sülh danışıqları barədə müzakirə getməyib.

Zelenski həm sevinir, həm kədərlənir

Maraqlıdır ki, sammit öncəsi NATO-nu sərt tənqid edən Ukrayna Prezidenti Volodimir Zelenski sonrakı günlərdə bir qədər yumşaldıcı bəyanatlar səsləndirib. O deyib ki, hazırda Ukrayna Qərb tərəfdaşlarından hüquqi təhlükəsizlik təminatlarına yox, yalnız faktiki təminatlara malikdir. Qəbul olunan yekun sənəddə vurğulanır ki, bütün ölkələr Rusiyaya yardımı dayandırmalıdır. Lakin bu da V. Zelenskini təmin etməyib. Onun sözlərinə görə, NATO Ukraynanın təşkilata üzvlüyü məsələsində qətiyyətli mövqe tutmayıb. Buna baxmayaraq, NATO-ya üzv bir sıra ölkələrin liderləri Ukraynanın “Alyansa gedən yoluna” dəstək olduqlarını bildiriblər. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, “Ukrayna heç şübhəsiz NATO üzvü olmağa layiqdir”. Qərb mediası sammitlə bağlı yazıb ki, Ukraynanın Alyansa daxil olması məsələsi müttəfiqlər arasında parçalanma yaradıb, onlar kompromis tapmaqda çətinlik çəkiblər.

NATO-da ikitirəlik yaranıb

“Financial Times” yazır ki, “Alyansı parçalamaq təhlükəsi yaradan məsələ Ukraynanın ona qoşulmaq ambisiyaları olub. Polşa, Baltikyanı ölkələr və Ukraynanın özü də daxil olmaqla bir düşərgə ölkənin NATO-ya üzvlüyü üçün sürətli yol istəyir. ABŞ-ın rəhbərlik etdiyi və Almaniyanın dəstəklədiyi dövlətlər isə prosesi ləngitmək və Ukrayna üçün başqa formada təhlükəsizlik təminatları irəli sürmək istəyirlər”. Hətta son anda ABŞ Dövlət Departamenti Ukraynanın NATO-ya daxilolma vaxtını və münaqişənin başa çatması üçün şərtləri proqnozlaşdırmaqdan imtina edib. NATO-nun yekun kommünikesi, çox güman ki, Ukraynanın gələcəkdə alyansa üzv olacağını təsdiqləyəcək, lakin orada sürətləndirilmiş proseslə bağlı heç bir vəd olmayacaq. Bütün sualların cavabı Ukrayna münaqişəsinin necə sona çatması və sülhün necə təmin edilməsi ilə bağlı olacaq. “The Wall Street Journal” yazır ki, Vilnüsdə ilk vəzifə Ukraynanı dəstəkləməyə davam etmək idi. Qərb liderləri Ukraynanın qeyd-şərtsiz qələbəsini istədiklərini söyləməkdən çəkinirlər. Qərb mediası yazır ki, NATO üzvü olan ölkələrin əksəriyyəti Ukraynanı Alyansda görmək istəyir. Lakin ABŞ Prezidenti Cozef Bayden və Almaniya Kansleri Olaf Şolts bu fikirdə deyillər.

Türkiyə İsveçdən istədiyini alır

Sammitdə əsasən Ukrayna məsələsi gündəm olsa da, Türkiyə ilə İsveç arasında əldə olunan razılaşmanı da diqqətdən kənarda saxlamaq olmaz. İsveç NATO-ya üzvlüyün dəstəklənməsi ilə bağlı əldə etdiyi razılaşmalar əsasında Türkiyəyə terrorla mübarizə üçün yol xəritəsi təqdim edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Vilnüsdə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında deyib: “Bundan sonra biz protokolu parlamentə göndərməklə növbəti mərhələyə keçəcəyik. Bu məsələ ilə bağlı qərar veriləcək”. Ankara, Stokholm və Brüssel razılaşıblar ki, terrorla mübarizə uzunmüddətli prosesdir və bu istiqamətdə işlər NATO-nun genişlənməsindən sonra da davam etməlidir. Razılığa görə, Stokholm heç bir terror təşkilatını dəstəkləməyəcək. Bundan başqa, Ankara və Stokholm arasında iqtisadi əməkdaşlıq başlayacaq. Ölkələr arasında silah ticarəti ilə bağlı məhdudiyyətlər yumşaldılacaq. Eyni zamanda, İsveç Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir