Siyasət

Qərbi Azərbaycan Xronikası: “Qonşularımıza bəxşiş edilmiş Göyçəyə qayıdış borcumuzdur” – VİDEO

Sharing is caring!


Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Üfüqdə bir işıq görünür: Göyçəyə qayıdacağıq” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kənd sakini Şəmsi Abdullayevin həyat hekayəsinə həsr olunub.

O, 1973-cü ildə müəllim ailəsində doğulmasından, 1988-ci ildə deportasiyaya məruz qalmasından, uşaqlıq illərindən, Göyçə ilə bağlı unudulmaz xatirələrindən söz açıb.
Qədim oğuz türk yurdu olan, əhalisinin 99 faizini azərbaycanlılar təşkil edən Göyçənin zamanında kimlərinsə hesabına bədxah qonşularımıza hədiyyə edildiyini söyləyən Ş.Abdullayev həkim-stomatoloq kimi bir çox mötəbər tədbirlərdə, xarici ölkələrdə iştirak elədiyini, orada özünü Qərbi Azərbaycanlı kimi təqdim etdiyini bildirib.

Ş.Abdullayev deportasiya illərində azərbaycanlıların başına gətirilən müsibətlərdən danışıb: “O zaman Bakıdan rayon mərkəzinə gələn, avtobusdan düşən insanları bir macal tapıb orada sıxışdırıb əzməyə, döyməyə çalışırdılar ki, insanlar bezsinlər və qaçsınlar. Bir qohum Bakıda Tibb Universitetinə dördüncü kursda oxuyurdu, ali savadlı həkim olacaqdı. O yay tətilində Bakıdan kəndə gələndə onun apendisit sancısı tutur və onu gecə təcili rayon mərkəzinə aparırlar. Onu əməliyyat edən erməni həkim gələcək bir həkimi qəsdən öldürmüşdü ki, bu insanların içindən ali savadlı həkim çıxmasın, nə zamansa gəlib burada onların yerin tutmasın. Ermənilər hər zaman çalışıblar ki, bizi əzsinlər, inkişaf etməyə imkan verməsinlər”.

O, böyük qardaşı Azərbaycanın şəhid Milli Qəhrəmanı Şövqiyar Abdullayevin 23 yaşında vətən sevgisindən, məhəbbətindən və vətən həsrətindən danışıb: “Vətənə qayıdış bizim babalarımıza və ulu babalarımıza borcumuzdur. Çünki biz onların o yurdlarını boş qoymamalıyıq. O yurd yeri boş qalmamalıdır, babalarımızın yurdu hər zaman şirin olmalıdır. Qarabağ uğrunda, Göyçə, Zəngəzur uğrunda həsrətlə canını vermiş Azərbaycan oğullarının, şəhidlərimizin qanı yerdə qalmamalıdır. Onların ruhları bu gün də o səmada dolaşır. Biz ora qayıtmalıyıq ki, onlar şad olsunlar. Onların ruhları oraya qayıtsın”.

Şəmsi həkimin sözlərinə görə, bu gün ölkə başçısının siyasətinin nəticəsi olaraq üfüqdə bir işıq görünür:

“Biz Göyçəyə qayıda biləcəyik. O həsrətlə yaşayıram. Düşünürəm ki, inşallah biz və bizim övladlarımız ata-baba yurdunu görməyə müvəffəq olacaqlar. Əminəm ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində biz doğma yurdlarımıza qayıdacağıq. Qədim Oğuz yurdu Göyçəmizə qayıdacağıq!”

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir