Siyasət

Makron Vaşinqtonu da qəzəbləndirdi – ŞƏRH + FOTO

Sharing is caring!


Tayvan məsələsi ilə bağlı ABŞ-Çin qarşıdurması böyüyür. Fransa Prezidenti Emmanuel Makronun Pekinə səfəri zamanı Avropanın Vaşinqtona dəstək verməyəcəyinə eyham vurması siyasi gərginliyi daha da artırıb. Artıq Vaşinqtonda Makrona qarşı hiddət özünü göstərir.

Rusiyanın Ukraynaya hərbi təcavüzü başlayan gündən Birləşmiş Ştatlar transatlantik alyansın birliyini qoruyub-saxlaya bilib. Lakin sual olunur: görəsən, son günlərin ən aktual mövzusu olan Çinin Tayvana mümkün hərbi müdaxiləsi zamanı eyni hal təkrarlanacaqmı? ABŞ Çinə qarşı koalisiya formalaşdıra biləcəkmi?

Əksər müşahidəçilərin gəldiyi yekun mövqe ondan ibarətdir ki, Vaşinqton üçün bu, çox çətin olacaq. Söhbət ilk növbədə Avropa İttifaqına daxil olan ölkələrdən gedir. Məsələ ondadır ki, onların əksəriyyəti Çin Xalq Respublikası ilə münasibətləri nəinki kəsmək, hətta pisləşdirmək niyyətində belə deyil. Avropa Çinin ən mühüm ticarət və siyasi tərəfdaşıdır. Əgər Aİ ABŞ-nin Pekinə, xüsusən də Tayvan məsələsinə dair güc siyasətini qeyd-şərtsiz dəstəkləsə, onların qarşılıqlı fəaliyyəti qarşıdurmaya doğru dəyişə bilər. Lakin Fransa Prezidenti Emmanuel Makronun Çinə səfəri göstərir ki, Aİ qarışmamaq siyasəti yürüdəcək. Bu da okeanın o tayında birmənalı qarşılanmayıb.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Makronun qalmaqallı Çin turnesi

Çinə səfərindən sonra “Le Echos” qəzetinə müsahibəsində Makron bildirib ki, Fransa dolların hegemonluğundan narazıdır və Avropaya rəhbərlik edilməməlidir. Həddindən artıq sərt reaksiya Tayvan məsələsində olub. Amerikalı siyasətçi, respublikaçı senator Marko Rubio deyib ki, “o zaman Avropa və Ukraynanın problemləri ilə özünüz məşğul olun, biz də Çin və Tayvanla məşğul olacağıq”.

Fransa liderinin Avropanın Tayvan məsələsində ABŞ-nin “ardınca getməməli” sözləri, onun Çin lideri ilə yan-yana dayandığı fotolar və hər hansı məsələdə Pekini tənqid etməməsi də hiddətə səbəb olub. Çinin Makronun səfərindən bir neçə saat sonra “Tayvanı mühasirəyə almaq” üçün genişmiqyaslı təlimlərə başlaması Fransa dövlət başçısına qarşı reaksiyaları artıran amillərdəndir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin də Emmanuel Makronla eyni vaxtda Çinə səfər etməsi İngiltərənin keçmiş baş naziri Liz Trass tərəfindən “zəiflik əlaməti” kimi qiymətləndirilib.

Çinin Avropanın strateji muxtariyyət konsepsiyasına tez-tez istinad etməsi transatlantik alyans daxilində parçalanmaları qızışdırmaq cəhdi kimi görünür. Çin Ukrayna münaqişəsində Rusiyaya passiv dəstək verməklə Avropada Makron kimi düşünən və xüsusilə Tayvan məsələsində ABŞ-ni təcrid edənləri özünə cəlb etməyə çalışır.

Bəzi analitiklər avropalı siyasətçilərin Çinə səfərlərinin Aİ və ABŞ arasında parçalanmanın olduğuna dəlalət etdiyini, digərləri isə Makronun dollar və Tayvanla bağlı açıqlamalarının ritorikadan başqa bir şey olmadığını düşünürlər.

İki il sonra ABŞ-Çin müharibəsi başlayacaq?

Maraqlıdır ki, ABŞ-nin müxtəlif dairələri Çinlə müharibə ssenarisini real hesab edirlər. Bunun 2025-ci ildə baş verəcəyini ehtimal edənlər var. Respublikaçı konqresmenlər hazırkı Prezident Co Baydeni Çinlə müharibə aparmaq üçün zəif lider kimi dəyərləndirir və onun Pekinlə yumşaq davrandığını düşünürlər. Ağ Ev bu ehtimallara reaksiya vermir. Pekində isə bu cür ehtimalları təxribat kimi qiymətləndirirlər.

Mühüm olan odur ki, 2024-cü ildə ABŞ-də və Tayvanda prezident seçkiləri keçiriləcək. Vaşinqtonda bəziləri Çin liderinin yaranan boşluqdan təzyiqi artırmaq üçün istifadə etməyə çalışacağı qənaətindədirlər. ABŞ-də seçki kampaniyası və andiçmə mərasimi zaman alacaq. Yeni prezident fəaliyyətə başlayana qədər Pekin Tayvanla bağlı qəti addımlar atacaq. Çinli ekspertlər Vaşinqtondakı siyasi dairələrin iki ölkə arasındakı münasibətləri qəsdən gərginləşdirdiklərini bildiriblər.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin də Pekinin müharibəyə başlayacağı haqqında Vaşinqtonda səslənən fikirləri qəti şəkildə rədd edib.

70 illik düşmənçiliyin tarixçəsi

Çin, Tayvan və onun müttəfiqi ABŞ arasındakı münasibətlərdə gərginlik daim alovlanmağa meyilli olması ilə seçilib və 70 ildən çoxdur ki, davam etməkdədir. Pekin Tayvanı gec-tez Çinin tərkibinə qayıtmalı olan separatçı əyalət hesab edir. Amma 70 illik ayrılıqdan sonra tayvanlıların çoxu özlərini ayrıca bir xalq, öz adalarını isə ayrı ölkə hesab edir. Tayvan hələ müstəqilliyini elan etməsə də, özünü nəhəng Çinin qanuni varisi hesab edir. Tayvandakı dövlət quruluşu ilə bağlı fikir ayrılıqları və çaşqınlıq var. Adanın öz konstitusiyası, demokratik yolla seçilmiş liderləri və təxminən 300 min nəfərlik ordusu var. Çin Tayvana “bir ölkə, iki sistem” variantını təklif edir. Vəd edir ki, Tayvan yenidən birləşməyə razılıq verərsə, muxtariyyəti saxlanacaq. Tayvan təklifi rədd edir. Pekin və Taybey prinsipial siyasi məsələdə razılığa gələ bilməsələr də, son onilliklərdə iqtisadi əlaqələri genişlənib və möhkəmlənib.

Taybeyin rəsmi məlumatlarına görə, 1991-ci ildən 2021-ci il may ayının sonuna qədər Tayvanın Çinə investisiyası 194 milyard dollar təşkil edib. Bəzi tayvanlılar ölkə iqtisadiyyatının Çindən asılı vəziyyətə düşməsindən narahatdırlar. Amma digərləri hesab edirlər ki, daha sıx iqtisadi əlaqələr Çinin Tayvana hücum etməsi ehtimalını azaldır.

2014-cü ildə Çin və Tayvan “iki ölkə arasında ticarət razılaşması” imzalayıblar. Bu, Tayvanda etirazçı “Günəbaxanlar hərəkatı”nın yaranmasına səbəb olub. Çinin təsirinin artması potensialına etiraz edən hərəkat üzvləri, tələbələr və fəallar müvəqqəti olaraq Tayvan parlamentini ələ keçirə biliblər. Tayvanın hakim Demokratik Tərəqqi Partiyası hələ də adanın müstəqilliyinin tərəfdarıdır. Son rəy sorğuları isə göstərir ki, Tayvan əhalisinin əhəmiyyətli hissəsi suverenliyi dəstəkləyir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir