Siyasət

Ukrayna müharibəsindəki yeni mərhələ, ABŞ-nin “Rusiyanı tərk edin” çağırışındakı məna – TƏHLİL

Sharing is caring!

Rusiya ilə Ukrayna arasındakı müharibənin təbiəti mürəkkəbləşməyə doğru yön alır.

Mürəkkəblik anlayışı müharibənin döyüşən iki tərəfinin hərbi potensialı arasındakı fərqlərə deyil, strateji maraqların təmini istiqamətindəki cığırlara aiddir.

Müharibə uzandıqca hərbi eskalasiyanın ayaq səsləri başqa regionlara da gedib çıxır və bu istiqamətdə başlıca amil Rusiyadır.

Rusiyanın postsovet məkanındakı təsirləri, bunun Avropaya uzanan kənarları NATO üçün bir imtahandır. Alyans Ukraynaya yardımları artırmaqla bu sınağın ilkin mərhələsindən keçməyi hədəfləyir.

Çünki Ukraynanın taleyi NATO üçün həddindən artıq həlledicidir, ona görə ki, Rusiya qələbə qazansa, o, Avroatlantik məkandakı boşluqlara sızaraq daha böyük ambisiyalarla çıxış edəcək.

Bu, NATO-nun varlığını və Avropa İttifaqı modelini təhdid edir, hərçənd ki, Qərbin özünün də kontur planları Moskva üçün narahatlıq mənbəyidir.

Qərb Ukraynaya hərbi yardım kampaniyasını artırmaqla Rusiyanı döyüş meydanında usandırmağa çalışır, lakin Moskva gün keçdikcə daha da aqressivləşir.

Rusiya-NATO münasibətlərindəki ən gərgin səhifələr Ukrayna üçün xeyli problemlər yaradır, hələ də Kiyev ərazi nailiyyətlərini Moskvanın hərbi-strateji maraqlarına xələl gətirə biləcək səviyyəyə qaldıra bilməyib.

Ancaq NATO da yorulur, həm iqtisadi çətinliklər, həm də hərbi yardım kampaniyasının çoxlu xərc aparması Alyansın səbrinin həddinin olmadığı mənasını özündə ehtiva etmir.

Üstəgəl, NATO Rusiyanı döyüş meydanında geri oturtmağa çalışdıqca Moskva Polşa, Moldova, Balkan yarımadasında hərbi təxribatların müəllifinə çevrilmək potensialını artırır. Belə bir durum NATO üçün əlavə başağrılarıdır.

Alyans Rusiyanın hansı şəraitdə Ukraynadakı maksimal məqsədlərindən geri çəkiləcəyini hesablamaqda çətinliklərlə üz-üzədir.

“Moskva tənliyi”nin həll edilməməsinə görə Qərb alternativ axtarışlarına çıxır və öz təhlükəsizliyinin qarantiyası üçün önləyici tədbirlər görür.

Ona görə ki, Rusiyanın Ukraynada yeni hücum əməliyyatlarına başlayacağı anonsu verilir, deməli, NATO-nun hesabındakı nəticə bir qədər özünü doğrultmayıb.

NATO Rusiyanın İranla hərbi əməkdaşlıqda döyüş dronlarının idxalına dair baza quracağını hesaba qatmamışdı, hərçənd ki, Qərb Tehranı bu məsələyə görə cəzasız qoymayacaq.

Ancaq indi NATO-nu daha həssas məsələ düşündürür – Rusiya hansı formada, hansı say qüvvəsi ilə hücuma keçəcək və Ukrayna buna tab gətirəcəkmi?

NATO Baş katibi Yens Stoltenberq təsdiq edib ki, Rusiya növbəti hücum dalğasına başlayıb.

Sitat: “Biz onların daha çox qoşun, daha çox silah, daha çox resurs sərf etdiklərini görürük”.

Rusiyanın ambisiyaları, nüvə silahı tətbiqi ilə şantaja keçməsi, əlavə olaraq Polşa, Moldovanın təhlükəsizliyini oyuncaqlaşdırmaq cəhdi fonunda NATO öz müdafiə qabiliyyətini gücləndirməlidir.

Müdafiə mexanizmləri Rusiyanın NATO ölkələrindən birinə raket atacağı, qırıcılarla bomba tullayacağı təqdirdə Alyansın ata biləcəyi əks-həmlə məntiqi üzərində qurulub.

Buradan yola çıxsaq, Rusiyanın Ukraynaya hücum kampaniyasında yeni mərhələ başlatması fonunda ABŞ-nin Moskvadakı səfirliyinin çağırışına fokuslanmaq lazımdır.

ABŞ Rusiyanın Ukraynaya təcavüzünün amerikalılar üçün gözlənilməz nəticələrinə işarə edərək öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Hərçənd ki, Vaşinqton həmin işarənin üstünü Rusiyadakı səfərbərliyin ikili vətəndaşlığı olan amerikalılara şamil edilə biləcəyi arqumenti ilə örtməyə çalışıb.

Görünür ki, Qərbdə olan kəşfiyyat məlumatları Rusiyanın genişmiqyaslı hücum zamanı hərbi eskalasiyanın sərhədlərini genişlədə biləcəyi məntiqinə söykənir.

Səfirliyin çağırışı başqa bir bəyanat fonunda fərqli məzmun qazanır. Rusiya bəyan edib ki, ABŞ-nin təlim keçdiyi İŞİD və “Əl-Qaidə” terrorçuları Rusiyada və digər MDB ölkələrində terror fəaliyyətlərinə hazırlaşırlar. ABŞ belə terrorlardan xəbərdar olub vətəndaşlarına müraciət ünvanlaya bilər, yəni mümkündür ki, çağırışın motivi birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlı olmasın.

PROQNOZLAR:

Rusiyanın indiki əsas niyyəti Ukrayna cəbhəsində ona güclü müqavimət göstərən Baxmut xəttini qırmaqdır. Deməli, Baxmutdakı döyüşlərin nəticələri həlledici olacaq.

NATO Ukraynanın Baxmutdakı mübarizəsinin zəiflədiyini görür, çünki taktiki üstünlük Rusiyadadır. NATO Ukraynanın yeni silahlar gələnədək dirənməsini istəyir, lakin Kiyevin əlində müasir silahlar olmadan bu müqaviməti təşkil etmək müşkülə çevrilir.

Buna görə də Ukrayna “Leopard”, “Abrams” tanklarının tədarükünü tezləşdirməyə, həm də döyüş təyyarələrinin gətirilməsinə nail olmağa çalışır.

Proses gecikmə ilə müşayiət edilsə, Rusiyanın Baxmutu tutub qürrələnə biləcəyi gün uzaqda olmayacaq, hərçənd ki, əks-hücum əməliyyatları da qaçılmazdır…

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir