Siyasət

NATO-nun antiterror gündəliyi: Azərbaycana dəstək vermək üçün səbəblər – TƏHLİL

Sharing is caring!

Cənubi Qafqazdakı yeni reallıqlarla Rusiya-Ukrayna müharibəsi arasında sinxronluq qursaq, görmək olur ki, postsovet məkanı uğrundakı qızğın çəkişmə regiona xas olmayan qeyri-ənənəvi təhlükələri da meydana gətirə bilər.

Qüdrətli supergüclərin bir-birinə qarşı açdığı atəşlərin arasında qalmamaq üçün münaqişə tərəfi olmayan hər bir dövlət spesifik incə nöqtədə dayanır.

Azərbaycan Ermənistan üzərində həlledici qələbə qazanıb və bu zəfəri mühafizə etməkdən ötrü nə lazımdırsa, onu da həyata keçirir.

Ermənistan faktiki müstəqil ölkə statusundan uzaq düşən bir subyekt kimi hərəkət edərək gah Rusiyaya, gah da Qərbə mehr salır, ikinci meyil isə özünü daha qabarıq şəkildə göstərir.

Yəni Ermənistan başqasının əlində kart olaraq qalmaqdadır və həmin alət tərəflərin əllərindən gah yerə vurulur, gah da oradan qaldırılaraq yenidən yad əllərə düşür.

Bu təhlükəli tendensiya Ermənistanı cuşa gətirir, elə bilir ki, o, revanşizm üçün resurs toplayır. Daha anlamır ki, Azərbaycan və onun ikitərəfli, çoxtərəfli münasibətləri Ermənistanın dövlət kimi hüquqi statusunu da sual altına qoya bilmək potensialındadır.

Ancaq aralıq müddətdə Ermənistandan hansısa formada istifadə edilməsi regionda terrorizm, separatçılıq kimi meyillərin fırfıratək dövrə vurması ilə nəticələnə bilir.

Təhdidləri xüsusiyyətinə görə, əsasən, beş rəngdə görə bilərik:

1. Separatçılıq,

2. Terrorçuluq,

3. Ekstremist hərəkatların regiona ayaq açmaq ehtimalları,

4. Narkotik ticarətinin genişlənməsi,

5. Kiberhücumların miqyasının artırılması.

Azərbaycan erməni separatçılığını beynəlxalq terrorçuluğun tərkib hissəsi kimi tanıtmağa, bununla da, ABŞ başda olmaqla, NATO-nun antiterror tədbirlərinin uclarını Ermənistana toxundurmağa nail ola bilər.

Di gəl ki, qaçaqmalçılıq, kiberhücumlar, milli sərhədləri aşan digər real təhdidlərə qarşı Azərbaycan ilə əməkdaşlıq edən ABŞ Ermənistan mövzusunda özünü ziddiyyətlər içərisinə salır.

Başa düşmək olar, ABŞ Rusiyanın regiondakı dominant mövqeyini dağıda bilmir və Moskvanın erməni amilini kəndirə çıxararaq oynatmaq meyilləri qarşısında acizdir.

Ancaq məsələ burasındadır ki, ABŞ-nin də erməni amilinə bir simpatiyası var, hərçənd ki, bu, Azərbaycanla münasibətlər sistemini korlamaq gücündə deyil.

ABŞ Cənubi Qafqazdakı maraqlarını həlledici səviyyəyə qaldırmaq istəyirsə, Azərbaycanın xarici siyasət kursundakı Rusiya amilinə məhəl qoymadan NATO-nu erməni terrorçuluğuna qarşı ən azından ibtidai təsəvvürlərlə birləşdirə bilər.

Bunun üçün NATO ilk növbədə ermənilərin revanş cəhdlərini, separatçılığını beynəlxalq terrorizmin bir parçası kimi qavramağı bacarmalıdır.

Bunun labüdlüyü ondan irəli gəlir ki, NATO-nun terrorizmi aşkarlamaq gücünü, ona qarşı müdafiəsini Alyansın mühüm infrastrukturların mühafizəsi, tranzit xətləri də daxil olmaqla enerji təhlükəsizliyinə töhfə vermək məqsədləri müşayiət edir.

Erməni revanşizmi isə regiondakı enerji təhlükəsizliyindən tutmuş, digər böyük iqtisadi layihələr üçün təhdid siqnalı kimi interpretasiya edilə bilər.

Yəni Azərbaycanla NATO-nun üst-üstə düşən sahə üzrə əməkdaşlıq səyləri erməni separatçılıq hərəkatına münasibətdə də özünü nəzəri olaraq göstərə bilməyə qadirdir, əməli müstəvidə isə bu xüsusiyyətlərlə yola çıxıla bilər.

Azərbaycanla NATO-nu regiondakı münaqişədən sonrakı reallıqlar kontekstində birləşdirə biləcək digər səbəb çirkli pulların yuyulması, narkotik dövriyyəsindəki canlanmaya qarşı mübarizədir.

Burada Ermənistan tək deyil, o, özünün yaxın dostu İranla əlbir olaraq münaqişə zamanında Qarabağ zonasını çirkli pulların yuyulması, narkotrafikin həyata keçirilməsi, terrorçuların yetişdirilməsi məqsədlərinə xidmət edən məkana çevirib.

İndinin özündə də İranın Azərbaycana qarşı tutumunun mahiyyətində həmin qeyri-leqal gəlir mənbələrindən məhrum olması dayanır, lakin düşünmək olmaz ki, Tehranla İrəvanın qanunsuz iş birliyi başqa formada baş tutmur.

İran sanksiyalardan yayınmaq və ya ağır embarqoların başına saldığı daşları qaldırmaq üçün Ermənistandan bir vasitə kimi yararlanmağa davam edə bilər.

Özü də bunu Azərbaycan əleyhinə fəaliyyətlə nəticələndirməkdən ötrü alışıb-yanır, hətta ekstremizmi alovlandırmağa girişir, düşünmək olar ki, Bakı ilə NATO həmin həssas məqamları da nəzərə alacaqlar.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir