Siyasət

Prezident: “Azərbaycanın bərpaolunan enerji mənbələri dünya üçün də böyük əhəmiyyət kəsb edir”

Sharing is caring!

“Bu il energetika sahəsində çox əlamətdar hadisələr baş verib. Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair memorandum imzalanıb. Artıq bu memorandum icra edilir, Azərbaycan dünya bazarlarına öz təbii qazının ixracatını artırır”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.

Bu ilin sonunda – dekabrın 17-də isə yeni böyük meqalayihəyə start verildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilişi imkan verəcək ki, Azərbaycan bu sahədə də öz rolunu daha geniş miqyasda oynasın. Çünki bu elektrik enerjisinin əsas təchizatçısı Azərbaycan olacaq və bu, yaşıl enerji olacaqdır. Mən artıq bir neçə dəfə demişdim ki, Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji zonası olmalıdır. Artıq biz buna nail oluruq və olacağıq. Eyni zamanda, Azərbaycanın çox geniş bərpaolunan enerji mənbələri həm ölkəmiz üçün, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Mən bu rəqəmləri bu yaxınlarda səsləndirmişdim, təsdiq edilmiş bərpaolunan enerji mənbələrinin potensialı 184 min meqavatdır. Bunun 157 mini Xəzər dənizinin Azərbaycan sektorunda mövcuddur”.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, ölkəmizi əvəzolunmaz tərəfdaşa, enerji sahəsində əvəzolunmaz tərəfdaşa çevirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir