Siyasət

Ekspert: “Dövlət Proqramı Qarabağdakı quruculuğu keyfiyyətcə yeni səviyyəyə qaldıracaq”

Sharing is caring!

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı mahiyyət etibarı ilə Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq işlərini və bölgənin iqtisadi dirçəlişini keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

Onun sözlərinə görə, Dövlət Proqramındakı mexanizmlər faktiki olaraq Qarabağın və Şərqi Zəngəzurun iqtisadi dirçəlişinin yol xəritəsini müəyyən edir:

“Proqram bu günə kimi görülən işlərin məntiqi davamıdır. Belə ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki zəfərdən dərhal sonra işğaldan azad edilən torpaqlarda genişmiqyaslı quruculuq işlərinə başladı. Yeni yollar, yaşayış məskənləri salındı, hava limanları, elektrik stansiyaları, digər infrastruktur obyektləri tikildi. Bütün bunlar analoqu olmayan templə qısa zaman kəsiyində reallaşdırıldı. Burada məqsəd quruculuğun növbəti mərhələsi üçün möhkəm təməlin formalaşdırılması idi və Azərbaycan bunu uğurla reallaşdıra bildi”.

Ekspert hesab edir ki, Dövlət Proqramı bölgənin milli iqtisadiyyata inteqrasiyasını əhəmiyyətli dərəcədə sürətləndirəcək:

“Yaxın dörd ildə bölgənin potensialının maksimal dərəcədə açılması, onun milli iqtisadiyyata sürətli inteqrasiyasının təmin olunması, dayanıqlı nəqliyyat-logistika zəncirinin formalaşdırılması hədəflənir. Proqram sənaye zonalarının, aqrar-sənaye klasterlərin yaradılmasını sürətləndirəcək. Bütövlükdə 25 fərqli fəaliyyət istiqamətini əhatə edən Tədbirlər Planında məşğulluğun təmin olunması məqsədilə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin formalaşdırılması, dayanıqlı icmaların yaradılması məsələlərinə xüsusi önəm verilib.

Bildiyimiz kimi, Azərbaycan bu gün faktiki olaraq işğaldan azad olunan ərazilərdə həyata keçirilən layihələri təkbaşına maliyyələşdirir. Düzdür, dünya bazarındakı yüksək neft-qaz qiymətləri və qeyri-neft sektorundan gələn gəlirlər ölkəmizə bu günə kimi bu işləri hər hansı axsamalar olmadan reallaşdırmağa imkan verib. Buna baxmayaraq, əlavə maliyyələşmə mənbələrinin müəyyən olunması görülən işlərə dinamika verə bilər. Bu baxımdan regiona xarici təşkilatların, donorların və fondların vəsaitlərinin cəlb olunması prioritet olaraq qalmalıdır və Dövlət Proqramında bu məqam da öz əksini tapıb”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir