Siyasət

Partiyaların daha effektiv fəaliyyətinə şərait yaradacaq qanunvericilik bazası formalaşdırılacaq – RƏY + FOTO

Sharing is caring!

“Siyasi partiyalar haqqında” qanun layihəsinin hazırlanmasında beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınıb. Hesab edirəm ki, biz siyasi partiyaların daha effektiv fəaliyyətinə şərait yaradacaq qanunvericilik bazasını formalaşdıra biləcəyik”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Onun sözlərinə görə, “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirilən dinləmələr qanunverici orqanın ictimai rəyə yüksək önəm verdiyini təsdiq edir:

“Bu müzakirələr cəmiyyətin ümumi mənafelərini əks etdirən mükəmməl bir qanunun qəbul olunması baxımından böyük əhəmiyyətə malikdir”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda dövlət idarəçiliyi sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu islahatlar dövlət-cəmiyyət münasibətlərində ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Bu baxımdan, istənilən ictimai əhəmiyyətli məsələnin geniş spektrdə müzakirəsi, əslində, zamanın tələbidir.

Ramin Məmmədov qanun layihəsində partiyaların fəaliyyətinə daha münbit şəraitin yaradılmasını təmin edəcək bir sıra müddəaların əksini tapdığını vurğulayıb. Bildirib ki, partiyalar siyasi sistemin vacib institutlarından biri kimi, ölkənin ümumi inkişafında iştirak edir, dövlət-cəmiyyət münasibətlərinin ümummilli mənafelər kontekstində təşəkkülünə töhfə verir:

“Hər bir siyasi partiya müəyyən bir ideologiyanın daşıyıcısıdır. Azərbaycanda fəaliyyət göstərən bütün siyasi təsisatların əsas hədəfi milli maraqlara xidmət etməkdir. Biz partiyaları daha güclü, strukturlaşmış, ictimai faydalılıq əmsalı yüksək bir institut kimi görmək istəyirik”.

Deputat qanun layihəsinin ictimai müzakirəsi zamanı irəli sürülən bütün təkliflərin diqqətlə öyrəniləcəyindən əmindir:

“Əsas məqsəd praktik baxımdan işlək və təkmil bir sənədin hazırlanmasına nail olmaqdır. Layihənin hazırlanmasında beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınıb. 40-a yaxın partiya təkliflərini verib. Bundan sonra da yəqin ki, yeni təkliflər olacaq. Ona görə də hesab edirəm ki, biz siyasi partiyaların daha effektiv fəaliyyətinə şərait yaradacaq qanunvericilik bazasını formalaşdıra biləcəyik. Sadəcə bütün irəli sürülən təkliflər, ideyalar, təşəbbüslər dövlətin və cəmiyyətin maraqlarına istinad etməlidir”.

R.Məmmədov bildirib ki, yeni qanun layihəsinin qəbul olunmasında əsas hədəflərdən biri müasir çağırışların, tələblərin, şərtlərin nəzərə alınmasıdır. Çünki hazırda qüvvədə olan qanun layihəsi indiki dövrün tələblərinə cavab vermir. Onun sözlərinə görə, layihə ilə bağlı ictimai dinləmələrin təşkili də göstərir ki, qanunun qəbulu prosesinə də yeni yanaşma var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir