Siyasət

Şeyx niyə susur?

Sharing is caring!

Kubra Məhərrəmova yazır…

Mirzə Cəlilin “İranda hürriyyət” hekayəsində belə bir məqam var: “Yaxşı, Pərinisə, mən kağızı sabah aparıb oxudaram. Qoy Kərbəlayı kağızı göndərsin, amma Vallah yenə axırda mən deyən olacaq; Çünki, axı kim eşidibdi ki, o taydan bura hürriyyət gəlsin? O taydan bu üzə həna gələr, səbzə, badam içi gələr, tütün, çay, tiryək … belə zadlar gələr; Yoxsa, vallah, mən ömrümdə bir dəfə də eşitməmişəm ki, hürriyyət gələ. Heç bu tərəflərdə hürriyyət alış-veriş edəni də mən eşitməmişəm”.

Bu hekayəni müəllif 1906-cı ildə yazıb. Düz 116 il, bir əsr on altı il əvvəl. Açığı, İrandan gələn yenə də xınadır, xurmadır, tiryəkdir və digər zadlardır. Bir də son 30 ildə İrandan Azərbaycana hədə-qorxu, hərbə-zorba, xainlik, oğruluqdur gələn. 

Azərbaycan əsgərinin çəkməsi 30 ildən sonra İranla Azərbaycan sərhədini müəyyən etdikdən sonra İranın Azərbaycana qarşı aqressiv ritorikası hər gün daha da yüksəlir. Bu iki ildə gah Azərbaycanla sərhəddə dəfələrlə genişmiqyaslı hərbi təlim keçirir, gah Azərbaycanla sərhəddə 2 km olan məsafədə – Qafanda konsulluq açır, gah Türkiyə ilə sərhəddə hərbi təlim keçir, gah əmmaməsini başında, əbasını əynində cırır ki, “Ermənistanın sərhədi bizim qırmızı xəttimizdir!” deyir. 

Açığı, rəsmi İrəvan heç özünü belə dağıtmır. Paşinyan parlamentdəki çıxışlarının birində demişdi ki, rəsmi Bakı bir qərar versin görək, neçənci ilin xəritəsi əsasında sərhədləri müəyyən edirik? Yarızarafat, yarıciddi olsa da Paşinyanın dediyi odur ki, gəlin bu sərhədi müəyyən edək, məsələ bitsin. Əmması odur ki, Paşinyan da sözə gedəndir. İran çuvalında gələn tiryəkin tüstüsü vuran kimi Paşinyanın parlamentdə, Brüsseldə, Praqada dediyi sözlər, imza atdığı sənədlər yadından çıxır. Bu məsələ gec, ya tez həll olunacaq olunmağına, amma daha vacib bir məsələ də var ki, onu deməmək mümkün deyil, qardaşlar. 

Əslində İranın dərdi-səri odur ki, Zəngəzur dəhlizi açılan kimi İranın evi də, eşiyi də dağılacaq, tiryəkini sata bilməyəcək. Çünki nəzarətin kimdə olacağını çox gözəl bilirlər.

Bunun baş verməməsi üçün də əlindən gələni edir ki, regionda baş qarışsın, məzhəb də itsin. Məzhəb demişkən, ağsaqqallar əxz edirlər ki, biz Şimali Azərbaycan və İranın əsasını təşkil edən Cənubi Azərbaycan da daxil olmaqla İslamın eyni məzhəbinə – şiəliyə qulluq edirik. Nə gözəl, nə mübarək. 

Hətta bir az da uzağa gedib deyə bilərik ki, bizim bir ağsaqqalımız da var ki, ümumiyyətlə İslam dünyasında çox böyük ad-sana, hörmətə malikdir. 

Ağsaqqal ümumdünya İslam Konqresinin idarə heyətinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin üzvü, 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri (2003-cü ildən ömürlük), 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. Və saysız-hesabsız medalı, ordeni var. Yəqin anladınız, söhbət bütün Qafqazın Şeyxi Allahşükür Paşazadədən gedir.

Hər dəfə İran əbasını başına çəkəndə biz adi xalq olaraq böyük şeyximizdən bir təpərli söz, ifadə gözləyirik, Şeyx isə bizim xəyallarımızı Arazın sularına qərq edir. 

Ya Şeyx, bu qədər susmağın mənası nədir görən? Biz sadə xalqı da bir maarifləndirsəniz yaxşı olmazdımı? 

Bəzən düşünürəm ki, ümumiyyətlə baş verənlərin şeyxə heç təsiri yoxdur, yəni heç tükü də tərpənmir baş verənlərdən. Ya şeyx, gör vəziyyət nə yerdədir ki, heç kimin bəyənmədiyi Siyavuş Novruzov belə dilləndi: Dedi ki, Araz çayını velosipedlə də keçmək olar. Tank-filanı sərhədə yığmağa ehtiyac yoxdur. İranın bu dərəcədə artistliyi bizə lazım deyil. 

Ya şeyx, bu sükutu poz, bir dəfə al əlinə təşəbbüsü, bir İrana yerini göstər. De ki, İran, şiə qardaşlığı belə olmur! Arazın o tayı da, bu tayı da türkdür, müsəlmandır. Gəl keç bizim qılıncımızın altından, beyət elə, ya İran. 

Amma çi fayda, şeyx necə ki, 30 il mütəşəkkil qaydada susub, yenə də susur. 400 min dollarıq avtomobilinin “miqalka”larını qoşur, vıy o yana keçir, vıy bu yana keçir. 

Heç vaxt yadımdan çıxmaz, şeyx İrandan gələn qonağının əlindən öpüb, bayram namazı qılandan sonra dedi ki, “Bizi Qarabağda qələbəyə Xameneinin fətvası çatdırdı”.  

Türkiyə prezidenti R.T. Ərdoğanın müşaviri Mücahit Küçükyılmaz Allahşükür Paşazadənin dediyinə “Twitter”də belə cavab yazdı:

“Deməli, Xamenei Ermənistana silah göndərdiyi vaxt Azərbaycana da fətva göndərib. Amma Xameneinin fətvası Xameneinin silahını məğlub edib!”

Şeyx isə İran səsini, hərbə-zorbasını, aqressiyasını yüksəltdikdə ona tərs-mütənasib şəkildə susmağa davam edir. Deyirəm birdən Şeyx xəlvətə, insan gözündən uzaq bir yerə çəkilib zikr-dua edər, xəbərimiz olmaz. Amma adım kimi əminəm ki, şeyx belə əməllərdən xeyli uzaq adamdır. 

Bəs onda şeyx niyə susur? Yəni həqiqətənmi, xalqın dedikləri doğrudur? Şeyxin İranla elə sıx, mehriban əlaqələri var ki, bu münasibətlər dövlətçilik, ölkənin bütövlüyü, Azərbaycanın varlığından daha önəmlidir?

Xalq isə deyir ki, şeyxin İranla çox sıx əlaqələrə malik biznesi, yük maşınları, qardaşının “Azər-Cənub” MMC-sinin Astara keçid məntəqəsində parkı, qısası var-dövləti, səltənəti, alveri var. 

Rəhmətlik atam deyərdi ki, loğma boğmadır. Yəqin elə İrandan qazandığı loğma, şeyxin boğazında boğma olub ki, danışa bilmir.

Allahdan bir möcüzə olar, şeyx həzrətləri də danışar İnşallah.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir