Siyasət

“30 ildə İranın işğalçı ölkə olan Ermənistana hər hansı ismarıc verdiyini görmədik” – RƏY + FOTO

Sharing is caring!

“Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlılarla bağlı söylədiyi fikirlər həm də İranda yaşayan, bütün hüquqlardan məhrum olmuş 35 milyon soydaşımıza Azərbaycan dövlətinin dəstəyi deməkdir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Azərbaycan və qardaş Türkiyə müharibə dövründə olduğu kimi, savaşdan sonra da birlikdə olduqlarını nümayiş etdirməkdədir: “Əslində bu, regionda sülhün və əməkdaşlığın təmin olunması üçün həyata keçirilən birgə fəaliyyətdir. Ötən gün Azərbayacan və Türkiyə prezidentlərinin iştirakı ilə işğaldan azad edilmiş torpaqlarımızda ikinci hava limanının açılışı oldu. Bütün hallarda kommunikasiyaların, hava limanlarının açılması sülh məqsədi daşıyan hadisədir. Bu hava nəqliyyatı və digər bütün kommunikasiyalar regional əməkdaşlığa xidmət etmək üçün yaradılır. Ancaq regionun digər ölkəsi qonşu İran isə elə bu günlərdə Azərbaycanla sərhəddin lap dibində hərbi təlimlər keçirir”.

Hərbi təlimlərin sülh üçün deyil, müharibəyə hazırlıq məqsədilə keçiriliydini vurğulayan deputat qeyd edib ki, bu iki faktın müqayisəsi regionda kimin nəyə xidmət etdiyini göstərir:

“Biz 30 il davam edən işğal dövründə bir dəfə də olsun İranın Azərbaycanın işğal edilmiş İranla həmsərhəd ərazilərində hərbi təlimlər keçirib, işğalçı ölkə Ermənistana hər hansı ismarıc verdiyini görmədik. Bu sərhəd ərazilərimizin talan edilməsi üçün terror, narkotarfik dəhlizinə çevrildi. İndi isə İrandakı bəzi hərbi-siyasi dairələr sülhə və əməkdaşlığa, regional inkişafa və rifaha xidmət edəcək Zəngəzur dəhlizinin açılmasına etiraz edir. Bu da regionda sülhə qarşı çıxmağın başqa bir göstəricisidir”.

H.Babaoğlu həmçinin bildirib ki, bütün bunların fonunda Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən söylədiyi fikirlər həm də İranda yaşayan, bütün hüquqlardan məhrum olmuş 35 milyon soydaşımıza Azərbaycan dövlətinin dəstəyi deməkdir:

“Bu günə qədər Azərbaycan dövləti harada yaşamasından asılı olmayaraq öz vətəndaşının hüquqlarını qorumaq, təhlükəsizliyini təmin etmək üçün qarşısında duran vəzifələri yerinə yetirib. Ancaq məsələ ondadır ki, Azərbaycan və Türkiyənin öz haqlarını beynəlxalq hüquq çərçivəsində əldə etmələrinə maneə olacaq heç bir güc regionda yoxdur. Dünya hərbi tarixində XXI əsrin müharibə standartını yaradan gücə qarşı 70-ci illərin tankları və silah sursatları, oyuncaq dronları ilə güc nümayiş etdirmək tragikomikdir. Ona görə də regionda Azərbaycan-Türkiyə ittifaqının yaratdığı yeni geostrateji reallıq kimi yeni hərbi-texniki reallığı da qəbul etmək lazımdır. Bunu qəbul etməyənlər öz əleyhilərinə qərar qəbul etmiş olacaqlar”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir