Siyasət

Daşkənddə xüsusi xidmət orqanları rəhbərlərinin iştirakı ilə beynəlxalq konfrans keçirildi – FOTO

Sharing is caring!

Oktyabrın 19-da Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində “Əfqanıstan: regional qarşılıqlı əlaqə, təhlükəsizlik və inkişaf” adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə yanaşı, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Türkmənistanın xüsusi xidmət orqanlarının rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər. 

Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə iştirakçı dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Əfqanıstanda təhlükəsizliyin möhkəmləndirilməsi, sülhün və əmin-amanlığın təmin olunması, həmçinin regional və qlobal təhlükəsizliyə yönəlmiş təhdidlərin qarşısının alınması, terrorçuluq və onun təzahürləri ilə, eləcə də sabitliyə mənfi təsir göstərən digər amillərlə mübarizədə göstərilən birgə səylər barədə fikir mübadiləsi aparıblar.

General-polkovnik Əli Nağıyev çıxışında Əfqanıstanda uzun illərdir hökm sürən mürəkkəb vəziyyətlə əlaqədar respublikamız tərəfindən bu ölkəyə mütəmadi olaraq göstərilən texniki və humanitar yardımlardan söz açmış, dövlətlərin bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsinin vacibliyindən danışıb.

Xidmət rəisi bildirib ki, Əfqanıstan uzun zaman ərzində terrorçu və ekstremist qruplaşmaların əsas fəaliyyət məkanı olmuş, hazırda yerli hökumət tərəfindən belə halların qarşısının alınması istiqamətində müəyyən tədbirlərin görülməsinə baxmayaraq, cinayətkar birləşmələrin fəaliyyətinin hələ də müşahidə olunması Əfqanıstanda sülhün və sabitliyin bərqərar olmasına mane olur, Orta Asiyada yerləşən ölkələrlə yanaşı, digər dövlətlərin də milli təhlükəsizliyinə ciddi təhdidlər yaradır.

Əli Nağıyev çıxışının sonunda Azərbaycanın Əfqanıstanda təhlükəsizliyin və əmin-amanlığın təminatı üçün göstərdiyi səylərin bundan sonra da davam etdiriləcəyini söyləmiş, belə bir konfransın keçirilməsinin regionda və Əfqanıstanda sülh və sabitliyə önəmli töhfə verəcəyinə inamını ifadə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir