Siyasət

Politoloq: “Milonov Azərbaycanla Rusiya arasında münasibətlərə kölgə salmağa çalışır”

Sharing is caring!

Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonov Azərbaycanla Rusiya arasında münasibətlərə kölgə salmağa, bununla da erməniləri və ermənipərəst ünsürləri sevindirməyə çalışır.

Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Dövlət Dumasının deputatı Vitaliy Milonovun açıqlamalarını şərh edərkən deyib.

O vurğulayıb ki, Azərbaycan-Rusiya münasibətləri yeni mərhələni yaşayır.

“Böhran zamanı məqbul həll yollarının tapılması üçün siyasi və iqtisadi elitaların, beyin mərkəzlərinin koordinasiyalı fəaliyyəti zəruridir. Bu kontekstdə dövlətlərarası münasibətlər çox böyük əhəmiyyət kəsb edir. Qafqazdakı burulğanı nəzərə alsaq, hazırda qeyri-adekvat vəziyyət yaranıb”, – deyə T.Abbasov vurğulayıb.

Politoloq bəyan edib ki, Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır və bu, Rusiya üçün də önəmlidir.

“Bu kontekstdə Bakı və Moskva arasında dialoq qarşılıqlı etimad üzərində qurulub. Etibarlı mehriban qonşuluq münasibətləri ilə yanaşı, iki ölkəni tərəfdaşlıq və müttəfiqlik əlaqələri də birləşdirir. Bundan əlavə, Azərbaycan və Rusiya xalqları bir-birini dəstəkləyir, rəğbət bəsləyir, Qafqazda ümumi ev tikirlər, Ermənistan və onun havadarları bunun qarşısını almaq üçün fəal şəkildə çalışırlar”, – T.Abbasov bildirib.

O əlavə edib ki, Azərbaycan həmişə balanslaşdırılmış xarici siyasət yürüdür və Rusiya ilə münasibətləri Qərb tərəfdaşlarına tərəf çevirmir.

“Azərbaycan Avropa İttifaqı ilə hazırlanan sənədlə yanaşı, Aİ-nin 9 ölkəsi ilə strateji əməkdaşlığa dair müqavilələr imzalayıb. Bu sazişlər ölkələrimizin ən mühüm fəaliyyət sahələrini əhatə edir. Digər tərəfdən, Azərbaycanın gözəl mehriban qonşuluq münasibətləri var. Rusiya ilə bu il fevralın 22-də 43 bənddən ibarət müttəfiqlik əməkdaşlığı haqqında sənəd imzalanıb. Ona görə də Azərbaycanın Rusiyaya qarşı Qərb vektorundan istifadə etməsi ilə bağlı bəyanatlarla Milonov sadəcə olaraq səriştəsizliyini nümayiş etdirərək özünü axmaq vəziyyətə salır”, – politoloq əlavə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir