Siyasət

Əliyev-Cinpin danışıqları: Pekin-Bakı əlaqələrindəki istiqamətlərin “Zəngəzur açarı” – TƏHLİL

Sharing is caring!

Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Səmərqənddə keçirilən görüş Bakı-Pekin münasibətlərində qarşılıqlı ehtiyacların aktuallaşdığını göstərir.

Əliyev-Cinpin danışıqlarının rəsmi məlumatlardan kənar istiqamətlərini aydınlaşdırmaq üçün bir neçə məqama diqqət yetirmək lazımdır. İlk olaraq Çinin dünya arenasına çıxışını təmin edən baza prinsiplərinə konseptual şəkildə baxaq:

1. Qlobal güc yarışında Çin spesifik yanaşmalarla çıxış edir və özünü əlahiddə bir güc kimi aparmağı bacarır.

2. Çinin xarici siyasətinin şəkilləndirilməsi iqtisadi layihələrə, logistika mərkəzlərinə genişmiqyaslı investisiyalar yatırmaqla hüdudsuz forma alan iqtisadi ekspansiya ilə reallaşdırılır.

3. Çin nə haranısa işğal etmək fikrinə düşür, nə hansısa ölkənin daxili işlərinə insan hüquqları və ali dəyərlər mövzusu ilə qarışır, Pekin ancaq iqtisadi güc alətləri ilə özünün qlobal maraqlarını inkişaf etdirir.

Azərbaycan-Çin əməkdaşlığına gəlincə, ikili münasibətlərin sferası siyasi əlaqələr, infrastruktur əlaqələr, ticarətin inkişafı, maliyyələşdirmə sahəsində qarşılıqlı əlaqələr, Çin mərkəzli beynəlxalq nəqliyyat dəhlizlərində müştərək maraqlar zəminində böyüyür.

Azərbaycan Çinin gücünü qiymətləndirir və xarici siyasət kursunda Çinlə əlaqələrin dinamikasına xüsusi önəm verir. Bakı ilə Pekinin ikili istək və niyyətləri qlobal düzənin laxladılması fonunda şəraitə uyğun ikitərəfli əməkdaşlıq proqramını hazırlamaq planını aktuallaşdırılır.

Bakı-Pekin münasibətləri sistemindəki maraqlar indi Orta Dəhliz məntiqində fokuslanır, Çin həyata keçməsi gözlənilən Zəngəzur dəhlizi layihəsini iqtisadi ekspansiyasına calamaq üçün addımlar atır.

Nəzərə alaq ki, dünyanın əksər regionlarında formalaşmaq üçün cücərən istənilən iqtisadi layihədə Çin pay almağa girişir, bu işi bəzən açıq, hərdən çox gizli şəkildə ustalıqla bacarır.

Çin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanını Transxəzər Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya etdirir.

Bununla da Çindən Qərbə yükdaşımalar üçün qısa və əlverişli alternativ marşrut yaradılıb.

Onu da qeyd etməliyik ki, Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə məmnuniyyətlə qoşulub və onun əvəzsiz həlqəsinə çevrilib.

Çin Azərbaycanın təşəbbüsünü İpək Yolu üzrə keçidlərin birləşdirilməsində əlverişli marşrutu təmin edəcək Zəngəzur dəhlizinin işə salınmasını əhatə edən dəstəkləyici mexanizmləri formalaşdırır.

Zəngəzur dəhlizi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri vasitəsilə Avropanı Çinlə birləşdirən nəqliyyat marşrutu olan Orta dəhlizin potensialını artıracaq, Pekin bu məqsədlə Bakının bu iqtisadi layihəsinə dəstək verir. Zəngəzur dəhlizi Rusiya, Türkiyə, ABŞ və Avropa İttifaqının da maraq dairəsində məxsusi yer tutduğundan deyə bilərik ki, bu layihə üzərində ən böyük çəkişmə ABŞ və Çin arasında gedəcək.

Nəticə etibarı ilə Zəngəzur dəhlizi layihəsinin lehinə çalışanlardan biri də Çindir, elə buna görədir ki, Si Cinpin İlham Əliyevlə görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalar fonunda Azərbaycanın ərazi bütövlüyünə ehtiramını ifadə edib. Əliyev də eyni məzmunda Çinin ərazi bütövlüyünə və suverenliyinə dəstəyini göstərib.

Bu gedişatlar Ermənistanı yeni düzəndə də regional təcrid içərisinə daxil edəcək, təbii ki, İrəvan qeyri-konstruktiv mövqeyini davam etdirsə.

Azərbaycanı Çinin cazibə mərkəzinə gətirən faktorlardan biri də Xəzər dənizindəki təsdiqlənmiş və ya təsdiqlənməmiş zəngin karbohidrogen ehtiyatlarıdır. Çin perspektiv üçün həmin ehtiyatları rəqibləri üzərində digər iqtisadi rıçaqlar qazandıran potensial kimi nəzərdən keçirir.

Ələt Azad İqtisadi Zonası da çinli investorlar üçün cəlbedicidir, Pekinin Azərbaycanın işğal edilmiş ərazilərindəki iştirakını da bura əlavə etsək, Çinin regionda iqtisadi fəallığını daha geniş çərçivə ilə artırdığını deyə bilərik.

Əliyev-Cinpin müzakirələrindən çıxan NƏTİCƏ:

Çin Azərbaycanın regiondakı əhəmiyyətinə verdiyi qiyməti, Bakı isə Pekinin nəhəng iqtisadi qüdrətindən faydalanmaq perspektivini qoruyub-saxlamaq əzmini göstərir.

Çin beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə çıxış etməyəcək, hərçənd ki, bunu neytral mövqeyi ilə əlaqələndirə bilər.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir