Siyasət

İrina Tsukerman: “Çin bunu ABŞ-ın zəifliyi kimi qiymətləndirəcək”

Sharing is caring!

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin ÇXR-in xəbərdarlığından sonra Tayvana səfərinin ləğvi dünyada, eləcə də Çinin özündə zəiflik kimi qiymətləndirilə bilər və Pekin Tayvana qarşı buna uyğun hərəkət edəcək.

Bunu amerikalı ekspert, “The Washington Outsider” qəzetinin baş redaktoru İrina Tsukerman Xeberal.az-ın sualını cavablandırarkən deyib.

Bununla belə, o, ABŞ prezidentinin partiya lideri hesab olunduğunu xatırladıb və bildirib ki, ABŞ-ın güc iyerarxiyasında üçüncü şəxsin dövlət başçısına qulaq asmaması Co Baydenin sözlərinin heç bir məna daşımadığı demək olardı.

“Bayden isə prezident seçkisinə qədər yaxın iki il ərzində aciz qalar, çünki ona hətta spikeri qulaq asmır. Partiyadaxili münaqişələr daha çox olardı”, – deyə ekspert bildirib.

Tsukerman Donald Trampın rəhbərlik etdiyi Respublikaçılar Partiyasının bu baş verənlərdən istifadə edə biləcəyinə və bunun bir vaxtlar nəhəng olan ABŞ üçün alçaldılma kimi təqdim oluna biləcəyinə də münasibət bildirib.

“Nensi Pelosi və Tayvanla bağlı vəziyyət olmasa belə, respublikaçıların noyabrda keçiriləcək seçkidə qalib gəlmə ehtimalı var. Amma indi bu, Respublikaçılar Partiyasına öz rəqiblərinə qarşı informasiya və siyasi hücumlar üçün yeni bəhanə verir. Yəni baxın, demokratlar zəiflik nümayiş etdirirlər, hətta partiya daxilində də ziddiyyətlər var”, – deyə ekspert vurğulayıb.

Tsukerman Demokrat Partiyasının daxilində ziddiyyətlərin olmasının yeni prezident seçkisinə qalan iki il ərzində ABŞ-ın xarici siyasətinə təsiri ilə bağlı danışarkən Vaşinqtonun aktivliyində azalma olacağını proqnozlaşdırıb. Onun sözlərinə görə, Əfqanıstandan qoşunların çıxarılması indiki administrasiyanın siyasətinin zəifliyini göstərdi, hansı ki, bu, Ukraynada yenidən baş verir.

“Bəli, ukraynalılara silah verilir, Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq edilir, lakin bütün bunlar yavaş-yavaş, özü də natamam şəkildə aparılır ki, bu da Ukrayna ordusuna Rusiya qoşunlarına kütləvi və yekun zərbə vurmağa imkan vermir”, – deyə ekspert əlavə edib.

O, Co Baydenin Səudiyyə Ərəbistanına son səfərini də xatırladıb.

“Bu səyahətdən ümumiyyətlə hamı narazı idi. Lakin ABŞ rəhbərliyi heç bir nəticə çıxarmadı. İndi də Pelosi hekayəsi və Tayvana səfərinin ləğvi. Bütün bunlar ABŞ-ın son dərəcə ehtiyatlı siyasət yeritdiyinin göstəricisidir. Bu, gələcəkdə də davam edəcək və Vaşinqtonun fəallığının artmasını, çətin ki, gözləmək olar”, – deyə İrina Tsukerman sözlərini yekunlaşdırıb.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.