Siyasət

SOÇİ GÖRÜŞÜNDƏ AZƏRBAYCAN ÖZÜNÜN GÜCLƏNƏN MÖVQEYİNİ BİR DAHA NÜMAYİŞ ETDİRDİ

Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da keçirilmiş Soçi görüşü Azərbaycanın güclənən mövqeyini, Ermənistanın isə reallıqlarla barışmalı olduğunu bir daha təsdiqlədi. Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub, bu reallığın fonunda gələcəyə baxmaq üçün geniş imkanalar yaranıb. Azərbaycan münaqişənin həlli prosesində daim sülh siyasətinə üstünlük verdiyi üçün 30 il imitasiya naminə danışıqları səbrlə davam etdirsə də, 44 gündə işğalçı Ermənistana layiq olduğu dərsi verdi. Vətən müharibəsi Azərbaycanın gücünün, qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətinin, yenilməz sərkərdəlik qabiliyyətinin, ordumuzun rəşadətinin, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin təqdimatı oldu.
Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri, Azərbaycan və Rusiya prezidentlərinin ikitərəfli görüşü, eyni zamanda, üçtərəfli formatda görüşlər bir çox məqamlara aydınlıq gətirdi, ən əsası Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Rusiyanın roluna işıq saldı. Prezident İlham Əliyev Rusiyanın səylərini yüksək qiymətləndirərək bildirdi ki, Azərbaycan savaşdan ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirib. 2020-ci il 10 noyabr Bəyanatında əksini tapmış digər məsələlər artıq icra olunub. Ölkəmiz dəfələrlə rəsmi şəkildə Azərbaycan və Ermənistan arasında sərhədlərin təxirəsalınmaz delimitasiyasının vacibliyiyini bəyan edib. Azərbaycan qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaq və gələcəkdə qonşu kimi yaşamağa öyrənmək üçün Ermənistana sülh razılaşması üzərində işə başlamağı təklif edib.
Ermənistan rəhbərliyi artıq başa düşür ki, Azərbaycanı hərbi təxribatlarla hədələmək onlara heç nə qazandıra bilməz. Bu kimi təxribatlar Ermənistana daha böyük faciələr gətirə bilər. Görüşün Rusiyanın vasitəçiliyi ilə keçirilməsi isə öz növbəsində 10 noyabr 2020-ci il Bəyanatında yer alan müddəaların yerinə yetirilməsinə, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərin həllinə təsirsiz ötüşməyəcək. Rusiya Prezidenti Vladimir Putinin üştərəfli görüşdəki nitqində, həmçinin bu görüşün sonunda imzalanan Bəyanatda da bu müddəalar öz əksini tapıb ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atmağı və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edilib.
Ölkə Prezidenti İlham Əliyev üçtərəfli görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki, Ermənistanla Azərbaycan arasında müharibəyə son qoymuş məlum üçtərəfli Bəyanatın qəbul edilməsindən ötən bir ili bütövlükdə müsbət səciyyələndirə bilərik. 26 noyabr Bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib.Varid Əsgərov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir