Secme Xeberler

Mikayıl Cabbarov bu vəzifəsini xalası oğluna təhvil verdi

Azərbaycan Qılıncoynatma Federasiyasının ümumi yığıncağı keçirilib.

Xəbəral.az apasporta istinadən xəbər verir ki, Toplantı Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti Mikayıl Cabbarov, qurumun rəsmi şəxsləri və məşqçi heyəti iştirak edib.

Yığıncağı giriş sözü ilə açan nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Ardınca Mikayıl Cabbarov 4 il öncə ona göstərilən etimada görə Qılıncoynatma Federasiyasının üzvlərinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. O, Azərbaycan qılıncoynatma ailəsinin üzvü kimi böyük fəxr hissi ilə bildirib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədə irəliləyişə nail olunub. Cabbarov əldə olunan nəticələrdə bu idman növünün ölkəmizdə populyarlaşmasında Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin rolunu xüsusilə vurğulayıb.

Milli komandamızın üzvü Anna Baştanın 23 yaşadək sablyaçılar arasında Avropa çempionluğu, idmançımızın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı, sablyaçımız Zərifə Hüseynova, şpaqaçımız Ruslan Həsənovun yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanması, bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar, yeni qılıncoynatma zallarının istifadəyə verilməsi və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Mikayıl Cabbarov çıxışının sonunda növbəti seçkilərdə namizədliyini irəli sürmədiyini açıqlayıb.

Sonra Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçki keçirilib. Tədbir iştirakçıları İcraiyyə Komitəsinin üzvü Balakişi Qasımovu 4 il müddətinə Azərbaycan Qılıncoynatma Federasiyası prezidenti vəzifəsinə seçiblər. Fikrət Zeynalov və Fərhad Kasimov vitse-prezident kimi işini davam etdirəcək. Vasif Məmmədov isə baş katib vəzifəsini icra edəcək. İcraiyyə Komitəsinin üzvləri isə Fikrət Zeynalov, Fərhad Kasimov, Vasif Məmmədov və Sadıq Sadıqov olacaqlar.

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Balakişi Qasımovu Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu ediblər.

Seçki zamanı elektron səsvermə sistemi tətbiq edilib. 

Məlumat üçün bildirək ki, İctimai Televiziyanın baş direktoru olan Balakişi Qasımovun İqtisadiyyat naziri Mikayıl Cabbarovun xalası oğlu olması barədə bugünə kimi mətbuatda çoxsaylı məlumat yayılıb və təkzib olunmayıb.//Yeniavaz.com//

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir