Sənaye və energetika

Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir

“Türkiyə Azərbaycanda qeyri-neft sektoruna ən çox investisiya qoyan ölkədir. Azərbaycan şirkətləri isə Türkiyədə, əsasən, energetika və kimya sahələrinə kapital axını yaradır”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Aminə Bayramova deyib.

O bildirib ki, 2002-2019-cu illər arasında Türkiyədən Azərbaycana investisiya qoyuluşları 11 milyard dollar, Azərbaycandan Türkiyəyə sərmayə yatırımları isə 19,5 milyard dollar təşkil edib:

“2020-ci ilin ilk yarısında Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiya (BXİ) qoyuluşuna görə, Türkiyə 259 milyon dollar investisiya məbləği və 12,3 faiz xüsusi çəki ilə Birləşmiş Krallıqdan sonra 2-ci yerdə qərarlaşıb.

Eyni dövrdə Türkiyə, Azərbaycan tərəfindən xarici iqtisadiyyata yönəldilən BXİ həcmində 39,2 milyon dollar investisiya məbləği və 6 faizlik xüsusi çəki ilə 8-ci yeri tutub”.

Azərbaycanın Türkiyəyə yönəltdiyi ən böyük birbaşa xarici investisiya “SOCAR Türkiyə”nin icra etdiyi layihələrlə bağlıdır.

“Belə ki, “SOCAR Türkiyə” ilk olaraq 2008-ci ildə PETKİM-in hissələrinin satın alınması ilə Türkiyənin energetika bazarına daxil olub. Bu investisiya ilə hazırda tərəfdaş ölkənin neft-kimya xammalı ehtiyacının 18 faizi qarşılanır. “SOCAR Türkiyə” həmçinin Türkiyənin və regionun enerji təhlükəsizliyinin təminatında mühüm əhəmiyyəti olan bir çox işlərə imza atıb.

Bu investisiyalar, əsasən, neft-kimya emalı və təbii qaz sektorlarını əhatə edir. Belə layihələrə, 6,3 milyard dollar investisiya məbləği ilə qurulan, 2019-cu ildə İzmirin Aliağa limanında fəaliyyətə başlayan və hazırda Türkiyənin ilkin emal olunan neft ehtiyacının 25 faizini qarşılayan STAR neftayırma zavodu misal göstərilə bilər. Bu neftayırma zavodu, Türkiyənin enerji kəsrinin ən mühüm komponenti olan mayeləşdirilmiş neft qazı, təyyarə yanacağı istehsal etməklə, qardaş respublikaya illik təxmini 1,5 milyard dollar qənaət vəd edir. Azərbaycan Türkiyənin alternativ enerji sektoruna da investisiya qoyur.

Bu sahədə enerji xərclərinə qənaəti və ətraf mühitin qorunmasını hədəfləyən Petkim külək enerjisi stansiyası (Petkim RES) xüsusi vurğulanmalıdır. Petkim RES-in istifadəyə verilməsi ilə İzmirin Aliağa ərazisində buraxılan karbon emissiyaları 120 min ton azalıb və elektrik enerjisi istehsal gücü 22 faiz artıb.  Energetika sahəsində istehsal və emaldan başqa, enerjinin paylanması, daşınması və kommunikasiya sistemlərinin inkişafı ilə bağlı SOCAR-ın Türkiyədə əhəmiyyətli investisiyaları var ki, buna SOCAR Terminal, SOCAR Dağıtım, SOCAR Depolama və bundan başqa bir sıra əhəmiyyətli satın almalar misal göstərilə bilər”, – deyə Aminə Bayramova qeyd edib.

A.Bayramova onu da əlavə edib ki, Türkiyədən Azərbaycana investisiya qoyuluşlarında əsas sahələr qeyri-neft sektorudur:

“Türk şirkətlərinin Azərbaycanda əsas fəaliyyət sahələri inşaat, informasiya-rabitə, maliyyə və sığorta, qida istehsalı, nəqliyyat, tekstil sektorlarıdır. Maliyyə-sığorta sahəsində Türkiyə mənşəli investisiyalara Azərbaycan Sənaye Bankı, Ziraat Bank Azərbaycanı, Azər-Türk Bankı nümunə göstərilə bilər. Neft-qaz sektorunda isə Türkiyənin, Azərbaycanda Azəri-Çıraq-Günəşli, Şahdəniz, Kürdaşı və Alov kimi layihələrdə  tərəfdaşlığı misal göstərilə bilər.

Azərbaycan-Türkiyə arasındakı investisiya qoyuluşlarının həcmini artırmaq üçün geniş potensial mövcuddur. Bu amillərdən biri Naxçıvanla quru yollarının açılmasıdır. Belə ki, Naxçıvanla nəqliyyat dəhlizinin, tarixi Ələt-Culfa dəmiryolu xəttinin bərpası və bu dəmiryolunun Azərbaycan və Türkiyə arasında imzalanan memorandumda nəzərdə tutulan Qars-İğdır-Culfa dəmir yolu xəttinə inteqrasiyası ilə gələcəkdə vahid nəqliyyat-logistika şəbəkəsi qurula bilər. Bu nəhəng layihə ilə Azərbaycan və Türkiyə Avropa və Asiya arasında fasiləsiz daşınmaların həyata keçirilməsinin əsas tərəfdaşları olacaq ki, bu da hər iki ölkəyə investisiya qoyuluşlarını artıra bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir