Ölkə

Azərbaycanda hərbi vəziyyət ləğv edildi

Sharing is caring!

Azərbaycanda hərbi vəziyyət ləğv edilib.

XəbərAl.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev dekabrın 7-də fərman imzalayıb.

Fərmana əsasən, hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv olunub.

Fərman dekabrın 11-də Milli Məclisin plenar iclasında səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycanda hərbi vəziyyət 27 sentyabrdan – düşmənin bütün cəbhəboyu törətdiyi təxribatlara cavab olaraq ordumuzun başlatdığı əks-həmlə əməliyyatlarından bəri tətbiq olunurdu.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib.

Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir