Müsahibə

Bel ağrılarının yaranma səbəbi açıqlanıb – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


“Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Mərziyyə xanım, öncə bilmək istərdik ki, bel ağrılarının yaranma səbəbləri nədir?

– Müasir dövrdə ən böyük problemlərdən biri fiziki passivlikdir. Belə ki, artıq bəzi işlər onlayn şəkildə həll edilir, ictimai nəqliyyat əlçatandır, insanlar həyatlarının böyük hissəsini oturaq vəziyyətdə keçirirlər. Əvvəlki illərlə müqayisədə bel ağrıları şikayətləri və bel ağrısı ilə müşayiət olunan xəstəliklər xeyli cavanlaşıb. İlk növbədə dayaq-hərəkət sistemində biomexaniki pozuntular, degenerativ dəyişikliklərin geniş yayılması, orqanizmdə durğunluq bunun səbəbi ola bilər.

Təcrübəmdə hər ikinci pasiyent bel ağrısı ilə müraciət edir. Onlardan yarısı orta hesabla 25-35 yaşlı şəxslərdir. Onu da qeyd edim ki, əksər pasiyentlər qadınlardır. Bunun səbəbini araşdırarkən əksəriyyəti ya hamiləlik dövründə, ya da doğuşdan sonra ağrıların əmələ gəldiyini, yaxud artdığını qeyd edirlər.

Düzdür, hamiləlik və analıq qadının orqanizmində xüsusi dəyişikliklərə səbəb olur. Belə ki, hormonal fon dəyişir, əzələ-dayaq aparatına yük düşür, avitaminoz və digər problemlər ortaya çıxır. Lakin bunlar hamısı zəif olan orqanizmin əlamətləridir ki, sonradan hamiləlik zamanı bu problemlərin daha da kəskinləşməsinə gətirib çıxarır.

Bel ağrıları zamanı düzgün diaqnozun qoyulmasında şikayətlərin müddəti önəmli faktorlardandır. Onlar müddətdən asılı olaraq kəskin və xroniki ağrılara bölünür. Qızıl standart olaraq 12 həftə götürülür. Belə ki, 4-12 həftəyədək olan müddətdə ağrılar kəskin/yarımkəskin kimi, 12 həftədən çox olan ağrılar isə xroniki kimi qiymətləndirilir.

Beynəlxalq təsnifata görə, spesifik və qeyri-spesifik bel ağrılarına səbəbi bəlli olan onurğa sınıqları, anomaliyaları, törəmələri, sinir/kökcük/onurğa beyin sıxılmaları və s. aiddir.

Qeyri-spesifik bel ağrılarına onurğa əyrilikləri, əzələ ağrıları və s. şamil olunur. Eyni zamanda, qeyri-spesifik bel ağrıları mexaniki (lümbaqo) və qeyri-mexaniki ağrıya (mərkəzi sensitivlik sindromları, psixoloji problemlər və s.) bölünür.

– Bel ağrıları zamanı nə etmək lazımdır?

– Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir. İlk növbədə nevroloji müayinə aparılır və pasiyentə əyani baxış keçirilir. Bu zaman onun yerişi, hərəkətlərinin həcmi, əzələ gücü, tonusu, ağrı dərəcəsi, fizioloji və patoloji refleksləri və hissiyyatı yoxlanılır.

Bundan sonra lokal olaraq zədələnmə səviyyəsi və instrumental diaqnostik müayinə metodu seçilir. Lakin praktikada əksər hallarda bel ağrısı olan kimi pasiyentlərin həkim məsləhəti olmadan rentgen, maqnit rezonans və kompüter tomoqrafiya müayinəsindən keçməsinin şahidi oluruq. Nəticədə müayinə lazımsız yerə aparılır.

Bəzən isə təsadüfən tapılan və nevroloji təzahür verməyən yüngül protruziyalar zamanı pasiyentlər bütün şikayətlərinin səbəbini neyrogörüntüləmə müayinəsinin cavabında görürlər. Halbuki, nevroloji təzahürü olmayan, şikayət verməyən təsadüfi tapıntılar (insidentalomalar) müalicə tələb etmir.

Neyrogörüntüləmə ilə yanaşı, diaqnozun dəqiqləşməsi üçün EMQ (elektromioqrafiya) müayinəsi də aparıla bilər. Bu zaman sinir-əzələ sisteminin obyektiv qiymətləndirilməsi aparılır.

– Bel ağrıları necə müalicə olunur?

– Bəzən kəskin və yarımkəskin ağrı sindromlu pasiyentlər bir neçə gün ərzində, hətta müalicəsiz də sağala bilərlər. Bunu nəzərə alaraq, onlara, əsasən, qeyri-farmakoloji müalicə təklif olunur. Belə ki, buraya isidici prosedurlar, masaj, iynəbatırma (akupunktura) və ya manual/osteopatik terapiya və s. aiddir.

Lakin dərman müalicəsinə üstünlük verən pasiyentlərə qeyri-steroid iltihab əleyhinə və ya miorelaksant preparatlar təklif oluna bilər.

Xroniki bel ağrılarından əziyyət çəkən pasiyentlərə isə ilk olaraq müalicəvi idman, yoqa, multidissiplinar reabilitasiya, akupunktura, stresin idarə edilməsi metodları, koqnitiv-davranış terapiyası və sağlam həyat tərzi tövsiyə olunur. Eləcə də, ona sağlam qidalanma, konfliktlərin idarə edilməsi və əmək şəraitinin sağlamlaşdırılması da aiddir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir