Müsahibə

Sergey Strokan: “Paris anti-Azərbaycan siyasətində Qərbdə təkdir” – Rusiyadan MÜSAHİBƏ

Sharing is caring!


Paris və İrəvanın fəallığı sayəsində avqustun sonunun Ermənistan-Azərbaycan nizamlanması yolunda hadisələrlə dolu olacağını vəd edilir. Fransanın “Le Figaro” qəzeti yazır ki, Paris Laçın yolu və Qarabağdakı Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə hazırlayır. Bundan əlavə, avqustun 29-da Avropa İttifaqı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında İrəvan Parisin köməyi ilə Laçın yolunda vəziyyətlə bağlı məsələni gündəliyə salmağa cəhd edə bilər.

Erməni KİV-in məlumatına görə, məhz avqustun 29-da Paris meri Ann İdalqo və Strasburq meri Janna Barseqyan Ermənistana səfər edəcəklər. Onlar ölkəyə özləri ilə Qarabağdakı separatçılar üçün “humanitar yardım” aparacaqlar, hətta yük maşınlarını şəxsən müşayiət edəcəklərinə söz veriblər.

Rusiyanın tanınmış siyasi icmalçısı Sergey Strokan Oxu.Az-la söhbətində Fransanın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.

– Avqustun 16-da BMT Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Ermənistan tərəfinin ümidlərinin əksinə olaraq Laçın yolu ilə bağlı, hətta bəyanat da qəbul olunmadı. Lakin Fransa və Ermənistan nəşrləri yazır ki, Paris hələ də BMT Təhlükəsizlik Şurası vasitəsilə qətnaməni irəli sürməyə çalışacaq. Bəs bu bir neçə gündə nə dəyişdi? Fransalıların redaktə etdiyi qətnamənin qəbul edilməsi şansı varmı?

– Belə bir ehtimal (BMT Təhlükəsizlik Şurasında qətnamənin qəbulu – red.) sıfra bərabərdir. Əgər Fransa və ABŞ-nin mövqelərini müqayisə etsəniz, onların tamamilə fərqli olduğunu görərsiniz. Qərb düşərgəsində Paris azğın anti-Azərbaycan təbliğatı ilə seçilir və faktiki olaraq təkdir. Əgər bütün BMT Təhlükəsizlik Şurası Fransadan ibarət olsaydı, o zaman qətnamə qəbul oluna bilərdi. Beləliklə, yeni mümkün Fransa təşəbbüsünün praktiki icrası olmayacaq.

Onda sual yaranır: bütün bunlar niyə edilir? Kampaniyanın davam etdiyini görürük, Paris və Strasburq merləri regiona gedirlər. Amma məsələ burasındadır ki, onlar öz daxili problemlərini həll edirlər – erməni diasporuna göstərirlər ki, bütün gücləri ilə səy göstərirlər, hər bir imkandan yararlanırlar. Burada məqsəd nəyisə dəyişmək, qətnamənin qəbuluna nail olmaq deyil, çünki bunun baş verməyəcəyi aydındır. Amma bu cür davranış erməni lobbisindən, erməni biznesindən faydalanmağa imkan verir. Belə bir yaxşı ifadə var: “Qaçıb çata bilməsəm də, heç olmasa qızınacağam”. Bu, məhz o vəziyyətdir.

– Amma hər halda belə çıxır ki, fransalılar, ən azı Prezident Emmanuel Makron ermənilərin özündən də artıq erməni kimi görünmək istəyirlər. “Le Point”a müsahibəsində o bildirib ki, Fransanın rolu Azərbaycana humanitar yardımın (Laçın yolu ilə Qarabağa) çıxışı üçün təzyiq göstərməkdə davam etməkdir, dedi ki, indi diplomatiya vaxtı deyil və xalqların suverenliyini (Ermənistanda artıq öz müqəddəratını təyin edən erməniləri) müdafiə etdi…

– Makronun anti-Azərbaycan ritorikası heç kimə sirr deyil. O, dəfələrlə düşməncəsinə çıxışlar edib, Azərbaycanı təhqir edib. Təbii ki, fransalı siyasətçilər hər zaman erməni lobbisinə, diaspora baxırlar. Amma burada ənənəvi erməni mərkəzli yanaşma həm də çoxlu kompleksləri olan, müəyyən bir meqalomaniya, messianizmə malik Emmanuel Makronun şəxsiyyətinin üzərindəndir. Görünür, o, Ermənistan-Azərbaycan trekinin onun layihəsi olduğuna qərar verib, baxmayaraq ki, onun bütün proyektləri “projekt”lərə çevrilir.

Ümumiyyətlə, Makron tez-tez problem yaradan kimi çıxış edir. Gah NATO-nun beyin ölümündən, gah da Qərbin sistemli böhranından danışır. Fransa prezidenti özünü mütəfəkkir, kahin hesab edir. Onun Azərbaycana qarşı qəribə mövqeyi özünün hipertrofiyaya tutulmuş, şişirdilmiş geosiyasi eqosuna uyğundur.

– Halbuki Fransa geosiyasi təsirini Makronun dövründə əvvəlki prezidentlərlə müqayisədə daha çox itirib. Afrikanı xatırlamaq kifayətdir – Burkina Faso, Mali, indi də Niger. Mən Mərkəzi Afrika Respublikasını (MAR) demirəm, fransalılar özləri MAR-ı tərk etdiklərini, heç kimin onları qovmadıqlarını deyirlər. Yaxşı olardı ki, Makron ölkə daxilində və ya Afrikada Fransa problemlərinin həlli ilə məşğul olsun…

– Rəhbərliyi PR üzərində qurulan insanların hərəkətlərində, kəskin bəyanatlarında, necə olur-olsun başqalarından fərqlənmək cəhdlərində böyük rasional məna axtarmaq lazım deyil.

Parisin dünyada əhəmiyyətini itirməsinə gəlincə, xatırlatmaq istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının zirvə toplantısında Fransa ilə baş verənlərə dəqiq və qərəzsiz diaqnoz qoyub. Elə İlham Əliyevin bu sözlərindən sonra Nigerdə ​​dövlət çevrilişi baş verdi ki, bu da Azərbaycan prezidentinin haqlı olduğunun bariz nümunəsinə çevrildi.

Nair Əliyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir