Müsahibə

“Professor”la yubiley söhbəti: “22 nəfərin dalınca qaçdığı top mənə çox şey qazandırıb” – MÜSAHİBƏ + FOTO

Sharing is caring!


Mayın 10-da Azərbaycan millisinin sabiq futbolçusu və məşqçisi Mahmud Qurbanovun doğum günü idi. Veteran yarımmüdafiəçinin 50 yaşı tamam olub.

Peşəkar karyerasına “Kəpəz”də başlayan veteran yarımmüdafiəçi “Neftçi”, “Şəmkir”, “Xəzər Lənkəran”, “İnter”, “Bakı” və “Sumqayıt”ın, eləcə də İranda “Fulad” və Ukraynada “Tavriya”nın formalarını geyinib. “Professor” ləqəbli keçmiş futbolçu 12 qat Azərbaycan çempionudur.

Qurbanov məşqçi kimi isə yeganə uğuruna I Divizionda “Neftçi-2”yə qızıl medallar qazandırmaqla nail olub. O, 2020/21 mövsümündə aşağı dəstədə çempionluq sevinci yaşayıb. Daha sonra “Səbail”in yolunu tutan mütəxəssisin İkinci Premyer Liqa təcrübəsi də uğursuz alınıb. O, 2022/23 mövsümünün əvvəlində sükanı arxasına keçdiyi “dənizçilər”lə cəmi altı aydan sonra vidalaşıb. Qurbanov daha əvvəl “Kəpəz”ə də rəhbərlik edib.

Azərbaycan millisində Berti Foqts və Robert Prosineçki kimi mütəxəssislərin köməkçisi olmuş “Professor” ləqəbli Qurbanov hazırda işsizdir.

Mahmud Qurbanov yubileyi ilə bağlı “Report”a verdiyi müsahibəsində bir çox maraqlı məqamlara toxunub.

– Doğum gününüz münasibətilə sizi təbrik edirəm. Əvvəlki müsahibələrinizdə demisiniz ki, əlamətdar günü, adətən, ailə üzvlərinizlə birlikdə qeyd etməyi xoşlayırsınız. Bu ənənə hələ də davam edir?

– Bu, hər zaman belə olub, həmişə də dəyişməz qalacaq. Yenə ad günümü ailəmlə birlikdə adi qaydada qeyd edirəm. Yəni mənim üçün doğum günü simvolik məna daşıyır.

– Hətta bunun yubiley olması belə, heç bir məna kəsb etmir?

– Bəlkə də, başqa insanlar buna çox önəm verirlər. Amma mənim üçün belədir. Səs-küylü məclisləri, təmtərağı sevmirəm. Mənim üçün 50 ilə 48 və ya 51 yaşın heç bir fərqi yoxdur.

– Artıq əsri yarılamısınız. İstər keçmiş futbolçu, istərsə sıravi vətəndaş kimi 50 yaş sizin üçün hansı mənanı ifadə edir?

– 50 yaş az deyil, bəlkə də, ömrün yarısıdır. İnsan gözünü yumub-açır, illər keçir. Açığı, inanmağım gəlmir ki, 50-ni haqlamışam. Özümü 50 yaşlı insan kimi göstərməməyə çalışıram. Fikrimcə, bu, böyük rəqəmdir. İnsanın dünyagörüşü, davranışı, həyata baxışı dəyişir. Daha çox müdrikləşirsən.

– Özünüzü hansı yaşda hiss edirsiniz?

– Düzdür, özümü 50 yaşında hiss etmirəm. Amma nə qədər çalışsan da, yaş öz sözünü deyir. Həyatda heç nəyi gizlətmək olmur. İdmançıların çoxu karyeralarını başa vurduqdan sonra sağlamlıq problemləri ilə üzləşirlər. Yaş artdıqca daha əvvəl aldığın zədələr özünü göstərir. Ona görə də bu yaşdan sonra sağlamlığa daha çox fikir vermək lazımdır. Mən də daim hərəkətdə olub gümrah qalmağa, hər şeyə çox hirslənməməyə, reaksiya verməməyə çalışıram.

– Məşqçilik fəaliyyətinə ara verdiyiniz üçün yəqin, daha az stres keçirirsiniz…

– Futbol elədir ki, insan bununla məşğul olanda başı qarışır. Futbol mənim üçün adrenalindir. Buna uyğunlaşmışam, ona görə də mənim üçün normaldır. İdmançı boş qalanda daha çox əziyyət çəkir. Oturaq həyat bir şey deyil. Sevimli işlə məşğul olmaq daha yaxşıdır.

– İşdən söz düşmüşkən, “Səbail”dən gedişiniz gözlənilməz oldu. Klub rəhbərliyi sizə dəstək olacağını bildirmişdi. Sonradan nə baş verdi?

– Hərdən istər məşqçi, istərsə də sponsorlar tərəfindən tələsik qərarlar verilir. Bizim çantalarımız qapının ağzında olur, hər zaman gedə bilərik. Bu yolu seçmişiksə, istənilən vəziyyəti normal qəbul etməliyik.

– Əksər insanlar əlamətdar günlərdə hədiyyə almağı xoşlayırlar. Sizin hədiyyə ilə aranız necədir?

– Hədiyyə verənlər sağ olsunlar, diqqət göstərirlər. Amma mənim üçün elə də önəmli deyil.

– Sizin üçün ən dəyərli hədiyyə nədir?

– Ailəmin, yaxınlarımın sağlam olması mənim üçün ən gözəl hədiyyədir.

– Geridə qalan 50 ildə futbol adamı kimi ən düz və ən səhv qərarınız hansı olub?

– Futbolçu dövrümdə hansısa qərarlarım düz olmaya bilər. Amma fikrimcə, həm futbolçu, həm də məşqçi kimi ciddi səhvlərim olmayım. Nəsə olubsa belə, hər zaman onu düzəltməyə çalışmışam. Fikirləşmişəm ki, bu hərəkəti başqa cür etsəydim, daha yaxşı olardı.

– Futbolçu, yoxsa məşqçi Qurbanov?

– Azərbaycanda yaxşı futbolçular çox olub. Güclü məşqçilərimiz də var. Artıq futbol oynamıram. İstərdim ki, məşqçi kimi də Azərbaycan futbolunda ad qoyum. Məni daha çox futbolçu kimi tanıyırlar. Amma o dövrlər geridə qalıb. Artıq məşqçi kimi də tanınmaq istəyirəm.

– Bu gün Qurban Qurbanovun 51 yaşı var və Azərbaycan səviyyəsində kifayət qədər ciddi uğurlara imza atıb. Siz isə 50 yaşadək yalnız bir dəfə çempionluq sevinci yaşamısınız ki, bu da “Neftçi”nin əvəzedici komandası ilə I Divizionda olub. Sizə elə gəlmirmi ki, məşqçilik karyeranız istənilən kimi alınmayıb və sanki bir az gecikmisiniz?

– Qurban Qurbanovun Azərbaycan futbolu üçün etdiklərinə göz yummaq olmaz. Doğrudan da, ciddi uğurlar qazanıb. Mənim işimə gəlincə, bunu qismətlə əlaqələndirərdim. Məncə, məşqçilik yaşa baxmır. Uğur insanı istənilən yaşda tapa bilər.

– Həm futbolçu, həm də məşqçi olaraq kumiriniz kimlərdir?

– Futbola yeni başlayanda Lotar Matteusun oyununa baxardım. Mərkəz yarımmüdafiəçisi idi, sonra müdafiənin mərkəzinə keçdi. Nədənsə onun oyunu daha çox xoşuma gəlirdi. Bundan başqa, Luiş Fiqu və Zinəddin Zidanın da çıxışını bəyənirdim. Amma yaşa dolduqca başa düşürsən ki, kumir olmur. Məşqçilərdən isə Maurisio Sarri, Xosep Qvardiola, Karlo Ançelottini və Yurgen Kloppu qeyd edərdim. Onların çalışdırdığı komandaların oyunu adama ləzzət edir. Fürsətim olsaydı, bu mütəxəssislərin yanında təcrübə keçib, onlardan nəsə öyrənərdim.

– Əlinizdən futboldan başqa hansı iş gəlir? Yəni hansı sahədə ən azı idmandakı qədər uğurlu ola bilərsiniz?

– Bunu heç vaxt düşünməmişəm. Çünki futbol oynayanda başqa sahəyə marağım olmayıb. Ona görə də ən yaxşı bacardığım iş elə futboldur.

– Futbolda hər insanın ləqəbi olmur. Sizi isə “Professor” deyə çağırırlar. Bu adın öz tarixçəsi var. Ləqəbi isə Ukraynanın “Tavriya” klubunda çıxış edərkən (2003) mərhum baş məşqçiniz Anatoli Zayayev verib. Azərbaycan futbolunun “Professor”u olan Mahmud Qurbanov həyatda özünü necə görür?

– Allah Zayayevə rəhmət eləsin! Bilirsiniz, futbol oyun, həyat isə reallıqdır. Həyatda özümü “professor” kimi hiss etmirəm. Bunlar oyunun içində olan və orada qalan şeylərdir.

– Bu gün Azərbaycan futbolunda “professor” adlandıra biləcəyiniz oyunçu varmı?

– Bu suala cavab verməkdə çətinlik çəkirəm. Bu gün ən xoşuma gələn futbolçu Emin Mahmudovdur. Rusiya futbolunun yetirməsidir. Sürəti çox olmasa da, baxırsan ki, top haradadırsa, bu da oradadır. Həm müdafiəyə, həm hücuma kömək edir. Ən əsası isə intellekti var, baş işlədir. Bu xüsusiyyətləri hər zaman köməyinə çatır.

– Futbolçu karyeranızda vurduğunuz ən yaddaqalan qol hansıdır?

– Mən elə çox qol vurmamışam. Bəlkə də, ötürmələrim daha çoxdur. Yığmada rəsmi oyunlarda cəmi bir dəfə fərqlənmişəm. Finlandiya seçməsinin qapısına yol tapmışam. Çempionatda qollarım var. Bəlkə də, Finlandiyanın qapısına işlək olmayan sol ayağımla vurduğum qolu qeyd edərdim. Hücum da yaxşı qurulmuşdu, zərbə də ideal alındı.

– Mahmud Qurbanov müasir dövrdə futbol oynasaydı, karyerası necə alınardı?

– Bu barədə fikir bildirmək çətindir. Çünki müasir dövrdə başqa oyunçular oynayırlar. Mənim artıq futbolçu kimi vaxtım keçib.

– Futbolçu olarkən ciddi qalmaqala səbəb olan hərəkətə yol verib, qəzet redaksiyasına basqın etmişdiniz. İndiki vaxtınız olsaydı, bu addımı atardınız?

– Bəzən elə şey olur ki, özündən asılı olmadan nəyəsə pis reaksiya verirsən. O da ani emosiyadan irəli gələn xoşagəlməz hadisə idi. Amma indi o dövrlə müqayisədə fərqliyəm.

– İndi daha təmkinlisiniz…

– Yox, belə deməzdim. Çünki adi oyun zamanı belə, tez-tez nəyəsə reaksiya verirəm. Bu, həyatda da baş verir. Amma özümü saxlamağa çalışıram. Çünki yaş da sözünü deyir, əvvəlki vaxtlar deyil. Əslində, sakit insanam.

– Maraqlı statistika var. İndiyədək 8 adda komandada oynamısınız və bəzilərində iki dəfə olmaqla 10 dəfə klub dəyişmisiniz. 12 dəfə isə çempionluq sevinci yaşamışınız. Sizcə, bu göstərici gələcəkdə hansısa futbolçuda ola bilər?

– Niyə də olmasın?! “Qarabağ” doqquz dəfə ölkə çempionu olub. Məncə, bu rekordu yeniləmək mümkündür. Düşünürəm ki, elə ciddi rekord deyil.

– Futbolçu kimi şəxsi çempionluğunuz ayrı-ayrılıqda Premyer Liqa klublarının hamısından çoxdur. Bu statistika sizin üçün nə dərəcədə önəmlidir?

– Açığı, məlumatım yox idi. Çünki heç vaxt statistikaya baxmıram. Futbolçu olanda hər zaman mənə ehtiyac duyulan komandada olmağa çalışırdım. Müqavilənin maliyyə tərəflərinə baxmırdım. Əsas o idi ki, meydana çıxım, oynayım və komandama xeyir verim. Şükürlər olsun ki, getdiyim bütün klublarda çempion olmuşam.

– Elə məhz bu amilə görə “Mahmud Qurbanov harada, çempionluq orada” deyimi ortaya çıxıb…

– Mən heç vaxt belə bir söz deməmişəm. Yəqin, bu ifadə getdiyim hər komandada çempionluq yaşadığım üçün yaranıb.

– Maraqlıdır, futbolçu kimi bu ifadəni haqlı çıxarsanız da, məşqçi kimi, “Neftçi-2”dəki çempionluğunuzu saymasaq, hələ buna nail olmamısınız. Sizə nə mane olub?

– “Kəpəz”də bir mövsümə yaxın, “Səbail”də isə altı ay işlədim. Düşünürəm ki, burada əsas rolu vaxt amili oynadı. Hər şeyi birdən-birə düzəltmək olmur. Məsələn, oyunçu seçirsən, görmək istədiyin oyunu ondan tələb edəndə görürsən ki, bacarmır. “Neftçi”nin əvəzedici komandasında dörd il işlədim, bir dəfə çempion, bir dəfə isə üçüncü olduq. Məşqçiyə vaxt vermək lazımdır. “Kəpəz”lə “Səbail”də ümumilikdə heç 1,5 il işləmədim. Bu müddətdə nəyisə düzəltmək asan deyil.

– “Kəpəz”dən söz düşmüşkən, doğma komandanızın cari mövsümdəki çıxışı sizi qane edirmi?

– Sevindirici haldır ki, “Kəpəz” yenidən Premyer Liqaya qayıtdı. Çünki bu, Azərbaycan futbolunda sözünü demiş komandadır. Gəncə futbol ənənəsi olan, oyunçu yetişdirən şəhərdir. Deyərdim ki, “Kəpəz” elitada qalmağı təmin edib. Bu gün üçün komandanın çıxışı normaldır. Pis oynamırlar. Yəqin ki, gələcəkdə bu komandanı daha iddialı görəcəyik. Bilirsiniz ki, “Kəpəz” hər zaman güclü kollektivlər arasında olub, sadəcə, son illərdə gözdən itib. Tərlan Əhmədovun işi görünür. Futbol elədir ki, məşqçilər komandaları yox, klublar mütəxəssisləri seçir. Azərbaycanı bölgələrə bölmək istəmirəm. Odur ki, hər hansı məşqçinin başqa bölgənin təmsilçisində işləməsi normaldır. Çünki bizim işimiz budur. Tərlan müəllim də yaxşı işləyir, komanda öz futbolunu sərgiləyir.

– Həm futbolçu, həm də məşqçi karyeranızda bir çox tanınmış mütəxəssislə işləmisiniz. Karyeranızda hansının rolu daha böyük olub və kimdən nə öyrənmisiniz?

– Yaxşı sualdır. Əslində, onları bir-birindən ayırmazdım. Amma futbolçu kimi ən önəmli məşqçim Konstantin Abramenko olub. Çünki futbolun sirlərini bizə o öyrədib. İkinci sırada rəhmətlik Əhməd Ələsgərovu qeyd edərdim. “Kəpəz”ə rəhbərlik edəndə məni əsas komandaya götürdü. Futbolçu kimi yetişməyimdə böyük rol oynayıb. 17 yaşımda mənə güvənirdisə, deməli, nəsə görmüşdü. Məşqçi kimi isə Berti Foqts və Robert Prosineçki kimi mütəxəssislərlə işlədim. Xüsusilə sonuncudan bəzi şeyləri, məsələn, məşq prosesini necə qurmağı götürdüm. Məşqçi kimi böyük karyeram olmadığı üçün kimdənsə nəsə öyrəndiyimi demək düzgün olmaz.

– Prosineçki yaxşı məşqçi olsa da, haqqında bəzi söz-söhbətlər gəzirdi. İntizamsız və spirtli içkiyə meyilli olması barədə iddialar səslənirdi. Siz onunla işləyərkən bu cür halların şahidi olmuşdunuz?

– Onunla üç il birlikdə işlədik, bir dəfə içkili olduğunu görmədim. Bəlkə, əvvəllər olub. Hər gün AFFA-da görüşür, harasa gedirdik. Tez-tez bizi bir yerə toplayırdı, birlikdə yemək yeyirdik. Onunla işlədiyim üç illik müddətdə heç vaxt içki qəbul etməsinin şahidi olmadım.

– Futbol Mahmud Qurbanova nə qazandırıb?

– Futbolçu olmasaydım, bəlkə də, indi sizinlə üzbəüz oturub danışmazdıq. Bəzilərinin dediyi kimi, 22 nəfərin dalınca qaçdığı top mənə çox şey qazandırıb. Ən azından, məni tanıdıb, futbolu mənə sevdirib. Futbol mənim üçün ən sevimli peşədir. Azərbaycan futbolunda az da olsa, adım var.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir