Müharibə

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçirilib – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!




Mayın 15-də Xocalı hava limanında Rusiya Federasiyası sülhməramlı kontingentinin missiyasının başa çatmasına həsr olunmuş təntənəli mərasim keçirilib.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, eləcə də Rusiya Federasiyasının Müdafiə Nazirliyinin, sülhməramlı kontingentinin, Azərbaycan Respublikasındakı səfirliyinin rəsmi nümayəndələri, hərbi qulluqçular və media nümayəndələri iştirak ediblər.

Qonaqlar Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağ iqtisadi rayonu ərazisində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olduqdan sonra fəxri kürsüyə dəvət olunub və mərasimin proqramı elan edilib.

Tədbirdə əvvəlcə həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Dövlət himnləri hərbi orkestrin müşayiəti ilə ifa olunub.

Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev tədbirdə çıxış edib.

Daha sonra Rusiya Federasiyası Silahlı Qüvvələrinin Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Aleksandr Lapin çıxış edərək Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin fəaliyyətindən danışıb. Rusiya Federasiyasının müdafiə naziri, Baş Qərargah rəisi və öz adından Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçularına hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi rəhbərliyinə isə səmərəli birgə əməkdaşlığa və əldə edilmiş anlayışa görə dərin minnətdarlığını bildirib.

Çıxışlar bitdikdən sonra Azərbaycan və Rusiya müdafiə nazirlərinin əmrləri ilə təltif olunan hərbi qulluqçulara medallar təqdim olunub, rəsmi qonaqlar arasında hədiyyə mübadiləsi baş tutub.

Tədbirin sonunda Azərbaycan və Rusiya Müdafiə nazirliklərinin yaradıcı kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.

15:25

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilib.

“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Rusiya Silahlı Qüvvələri Quru Qoşunlarının Baş Komandanının birinci müavini, Quru Qoşunlarının Baş Qərargah rəisi general-polkovnik Yevgeni Nikiforov iştirak ediblər.

Tədbir hər iki ölkənin himnlərinin səsləndirilməsi ilə başlayıb, daha sonra bir qrup hərbi qulluqçular medallarla təltif olunub. Rəsmi hissədən sonra konsert proqramı başlayıb.

13:59

Xocalı rayonunda Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsindən çıxarılmasına həsr olunmuş tədbir keçirilir.

“Report”un Xocalıya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, tədbirdə hər iki ölkənin yüksəkrütbəli hərbçiləri iştirak edirlər.

12:12

Bu gün Xocalıda Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə həsr olunmuş təntənəli tədbir keçiriləcək.

Tədbirdə hər iki tərəfdən yüksəkrütbəli hərbi rəsmilərin iştirakı gözlənilir.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingenti Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş nazirinin 10 noyabr 2020-ci il tarixli birgə bəyanatının üçüncü bəndinə uyğun olaraq Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir