Media

Fransanın “Agoravox” portalında “Azərbaycan və Ermənistan üçün sülh” adlı məqalə dərc olunub

Sharing is caring!

Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma noyabrın 10-da əldə edildi. Müharibədən sonra atəşkəs davamlı görünür. Ermənistan sərhədini bir santimetr belə keçməyən Azərbaycan bütün hərbi əməliyyatları öz ərazisində həyata keçirərək, yeddi rayon, eləcə də, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhəri də daxil olmaqla, 30 ilə yaxın idi ermənilərin işğalı altında olan ərazilərini azad etdi. Bu rayonlardan üçü – Ağdam, Kəlbəcər və Laçın razılaşmaya əsasən ermənilər tərəfindən geri qaytarıldı.

XəbərAl.az xəbər verir ki, bu fikirlər Fransanın “Agoravox” portalında dərc olunmuş “Azərbaycan və Ermənistan üçün sülh” adlı məqalədə yer alıb.

Alən Rumestanın müəllifi olduğu məqalədə deyilir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və sülhün təminatçısı olan beynəlxalq hüquqa əsasən Ermənistanın işğal etdiyi ərazilərdən dərhal çıxmasını tələb edirdi.

Ən azı 800 min azərbaycanlı 30 ilə yaxındır öz ölkələrində didərgin düşmüş, işğal altında olan torpaqlarını tərk edərək, ölkənin digər rayonlarına və paytaxt Bakıya getmək məcburiyyətində qalmışlar. Bu gün onlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər.

Məqalədə qeyd edilir ki, belə bir vəziyyətdə Fransada əsl “müharibə qızışdırıcısı” kampaniyasının aparılması vəziyyəti pisləşdirə bilər. Bu müharibə qızışdırıcıları münaqişənin yenidən başlayacağına ümid edirlərmi? Halbuki münaqişə hər iki tərəfdən çox sayda qurbanlara səbəb oldu.

Hətta Fransada bəziləri bu qızışdırıcı kampaniyada din amilindən də istifadə edib, İslama qarşı kəskin fikirlər səsləndiriblər. Halbuki Ermənistan və Azərbaycan arasında baş verənlərin dini qarşıdurma ilə heç bir əlaqəsi yoxdur.

Müəllif münaqişədən xəbəri olmayan bəzilərinin gülünc iddialar səsləndirməkdən də çəkinmədiklərini bildirir. Qeyd edir ki, həmin adamların ortaq cəhəti münaqişə ilə bağlı yanlış məlumatlara malik olmaları, reallıqdan uzaq olmaları və ən əsası, tərəflərdən birinin mövqeyini görməzlikdən gəlmələridir. Ancaq daha təhlükəsi isə nifrət kontekstində fikirlər səsləndirmələridir.

Müəllif Fransa Senatının “Dağlıq Qarabağ respublikası”nın tanınması ilə bağlı qətnaməsinə də toxunaraq dünyada ilk dəfə olaraq belə bir addımın atıldığını, 30 ildə heç bir dövlətin bu “respublika”nı tanımadığını diqqətə çatdırır.

Məqalədə vurğulanır ki, Azərbaycan dünyəvi ölkədir, burada müxtəlif dinlərin nümayəndələri mehriban şəraitdə, qarşılıqlı hörmət əsasında tam harmoniyada yaşayırlar. Azərbaycandakı baş ravvin İsveçrənin bir qəzetində yazır ki, bu ölkədə sinaqoqlar, kilsələr, məscidlər yan-yana düzülüb və mükəmməl vəziyyətdə saxlanılır.

Küçədə istədiyimiz geyimlə gəzirik, dinimizə, etiqadımıza uyğun hərəkət edirik. Azərbaycan Şərqdə ilk dünyəvi respublikadır, 1918-ci ildə qadınlara ilk dəfə səsvermə hüququ verilib. Fransada isə bu hüquq 1945-ci ildən başlayır. Azərbaycanda qadınlar sahibkar, mühəndis, siyasətçi kimi fəaliyyət göstərirlər.

Müəllif, həmçinin Fransanın Orn departamentində X və XII əsrlərə aid yeddi kilsənin, Strasburq katedralının, Vatikandakı Müqəddəs Pyotr bazilikasının, Romadakı Müqəddəs Sebastian katakombalarının bərpasının maliyyələşdirilməsində Azərbaycanın rolunu qeyd edir. Bildirir ki, Roma papaları II İohan Pavel və Fransisk tolerantlıq baxımından nümunəvi ölkə olan Azərbaycana səfər edib, buradakı dini tolerantlığı təqdir ediblər.

Turistlər Bakının mərkəzində bərpa edilmiş erməni kilsəsini ziyarət edə bilərlər. Üstəlik, minlərlə erməninin Azərbaycanda mehriban şəraitdə yaşadığını da qeyd etmək lazımdır. Bakıda dünyanın hər yerindən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirən Ümumdünya Mədəniyyətlərarası və Dinlərarası Dialoq forumları keçirilir.

Məqalədə qeyd edilir ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Fransada saxta xəbərlər yayıldı. Yanlış olaraq guya Azərbaycanın xristian sivilizasiyasının izlərini məhv etmək istədiyi bildirildi.

Fransa ədalətli vasitəçi, Minsk qrupunun həmsədri kimi nüfuzunu itirdi və Azərbaycanda ictimaiyyət Fransanın Minsk qrupunun həmsədrliyindən kənarlaşdırılmasını tələb etdi. Fransız deputatların qətnaməsi Azərbaycanda böyük narazılıqla qarşılandı və onların bu cür addımlarının bölgədə sülh və təhlükəsizliyə qarşı olduğu bildirildi.

Məqalədə deyilir ki, haradan gəlməsindən asılı olmayaraq, bütün nifrət çıxışlarının nəticələri çox pis olur, bu, ermənilərin və azərbaycanlıların keçmişdə olduğu kimi birlikdə yaşamaq imkanlarına da mane olur. Fransada olan qərəzlilik isə nifrəti yenidən canlandırmağa xidmət edir. Bu, çox təhlükəlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir