MARAQLI

Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: “Qurğular bizi də narahat edir” – FOTO

Sharing is caring!


“Memarlar İttifaqının binasına kondisionerlər 15 il öncə quraşdırılıb”.

Bunu tarixi binaya kondisionerlərin və peyk anteninin quraşdırılması barədə Oxu.Az-ın sorğusuna cavabında elə həmin binada yerləşən Azərbaycan Memarlar İttifaqının idarə heyətinin katibi Şeyda Novruzzadə deyib.

Onun sözlərinə görə, quraşdırma barədə qərarı öncəki rəhbərlik verib:

“Qurğular bu gün və ya dünən quraşdırılmayıb. 15 il öncəyə məxsusdur. Memarlar İttifaqında beş ildən bir qurultay keçirilir. Qurultayda səsvermə yolu ilə yeni komanda seçilir. Kondisionerlərin quraşdırılması barədə qərarı da bizdən öncəki rəhbərlik verib.

Biz 2012-ci ildən buradayıq. Bu günə qədər bir çox bərpa işlərini həyata keçirmişik. Bərpa işləri də təmirdən fərqli olaraq dərhal həyata keçirilmir”.

Ş.Novruzzadə tarixi binaya müdaxilə olunmasının onları da narahat etdiyini qeyd edib:

“Biz Memarlar İttifaqında çox gözəl və əhəmiyyətli freskaları bərpa edib, fasadını kirdən və lazımsız kabellərdən təmizləmişik. Həyətində abadlıq işləri həyata keçirmişik.

Memarlar İttifaqının binası tarixi abidədir. Tarixi abidələri də qoruyan dövlət qurumları var. Biz adi iş görəndə belə, icazə alırıq. Hətta bir mıx vurmaq istəsək, icazə almalıyıq. Çünki fasadına ziyan dəyə bilər. Binaya quraşdırılan qurğular bizi də narahat edir. Qurğuların sökülməsi də görüləcək işlər siyahısındadır. Mərhələ-mərhələ bərpanı həyata keçirəcəyik”.

Xatırladaq ki, Yasamal rayonu Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən Memarlar İttifaqının binasına çoxsaylı kondisioner, hətta peyk anteni quraşdırılıb. Bina tarixi əhəmiyyətli tikili olduğuna görə fasadına ziyan vurulması narahatlığa səbəb olub.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir