MARAQLI

O, bir məktəb idi…

Sharing is caring!

“Dünya axirət əkini…”

(Heydər Əliyev haqqında söz)

Elçin, Xalq yazıçısı

Yaxşı xatirimdədir ki, mən bu yazını indi çox uzaqlarda qalmış o iyul gecəsi birnəfəsə yazdım və burada açıq-aşkar hiss olunan pərişanlıq ab-havası da, əslində, o zaman Azərbaycan rəhbərliyinin, dönük insanların, ovcuna alıb qaldırdığı vəzifə sahiblərinin, bir sözlə, nankorların, cahillərin və tərbiyəsizlərin Heydər Əliyevə qarşı etibarsızlığı, hörmətsizliyi, kəmfürsətliyi nəticəsində daxilimdə yaranmış pərişanlığın ifadəsi idi.

O zaman xalqın çağırışı və təkidi ilə Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi hələ irəlidə idi və mən bu yazını o vaxtkı əsas qəzetlərdə heç cür çap etdirə bilmədim, sonralar ona yaltaqlanan bir sıra mətbuat “rəhbərləri” və qeyri-“rəhbərləri” qələmə aldıqlarımı yaxına buraxmırdı (vəfat etdikləri üçün onların adlarını çəkmirəm, hələ sağları da mənim üçün elə vəfat etmişlər kimidir). 

Nəhayət, bu yazı “Aydınlıq” qəzetində dərc olundu və 31 ildən (!) sonra Heydər Əliyevin 100 illiyi münasibətilə bir sözünə də toxunmadan onu “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.

1987-ci ildə Heydər Əliyev xəstələndi, Mixail Qorbaçovun ətrafında get-gedə tamam de­korasiyaya çevrilən rəhbərliyin arasında görünmədi və Bakıda “obıvatel” şayiələrindən tutmuş səriştəli və səriştəsiz siyasi proqnozlaracan cürbəcür fikir­lər, gümanlar, yozmalar tüğyan eləməyə başladı.

Həmin ilin payızında Mosk­vada növbəti Beynəlxalq Kitab Yarmarkasının işində iştirak edirdim və Heydər Əliyev xəstə­likdən sonra ilk dəfə o yarmarka­nın açılışına gəldi. Azərbaycan pavilyonunda başqa iştirakçı­larla bərabər, onunla görüşdük. Arıqlamışdı, aşkar hiss olunur­du ki, ağır xəstəlikdən qalxıb və mən ona baxa-baxa 70-ci illəri, 80-ci illərin əvvəllərini yadıma salırdım. Bakıda, rayonlardakı cürbəcür aktivlərdə, görüşlərdə, iclaslarda saatlarla sinədəftər və ehtirasla danışıqları gözü­mün qabağından keçirdi, Şuşa­da Vaqifin məqbərəsinin ziyarəti zamanı qarın-çovğunun içində başıaçıq, iri və möhkəm addım­larla getməyini xatırlayırdım (elə bil ki, Leonid Brejnevin dediyi və indi hamının lağa qoyduğu “Şiro­ko şaqayet Azerbaydjan!” sözləri məcazi yox, fiziki mənada elə bu adamın özü haqqında deyil­mişdi) və fikirləşdim ki, elə bil, qorxunc sistem bu dəfə təbiətlə də əlbir olub və qopardığını on­dan qoparıb…

Yarmarkadan sonra mən Almaniya Demokratik Respubli­kası Yazıçılar İttifaqının dəvətilə “Drujba narodov” jurnalının baş redaktoru, ədəbiyyatımızın o zamankı İttifaq səviyyəsində ta­nınmasında müəyyən xidmətləri olan Sergey Baruzdinlə birlikdə Şərqi Berlinə getdim və orada eşitdim ki, Heydər Əliyev Siyasi Büro üzvlüyündən və SSRİ Na­zirlər Soveti sədrinin birinci müa­vini vəzifəsindən azad olunub.

Təkcə elə S.Baruzdinin sima­sında “sovet cəmiyyəti” deyilən o ictimai əxlaq pozğunluğunun bu hadisəyə necə münasibət bəs­ləyəcəyi mənim üçün tamam aydın idi: bütün səfər boyu yeri düşdü-düşmədi mənə və mən iştirak edən məclislərdə başqa­larına Heydər Əliyevi şit-şit tərif­ləyən yazıq Sergey Alekseyeviç birdən-birə 180 dərəcə dəyişdi, onu tənqid etməyə, haqqında şovinist bir istehza ilə danışma­ğa başladı. Təbii ki, cavabını ve­rirdim və Baruzdin də artıq dün­yasını dəyişdiyi üçün, bu barədə təfərrüata varmaq istəmirəm, amma məsələ burasındadır ki, onun o gözlənilməz dəyişikliyi küləyin səmt göstəricisi idi.

Berlindən qayıdanda gecə Moskvada “Moskva” meh­manxanasına ayaq basarkən, ilk gördüyüm dost adam Elm­lər Akademiyamızın prezidenti Eldar Salayev oldu və salam­sız-kəlamsız ona dediyim sözlər indiyə kimi mənim də yadımdadı, Eldar Salayevin də. Dedim: “–Görəcəksən, birinci ermənilər başlayacaq!..”

Təəssüf ki, belə də oldu.

Heydər Əliyev nüfuz sahibi idi və o nüfuz, hətta erməni daş­nak irqçiliyinin belə, qarşısında bir səddə çevrilmişdi.

Bu yaxınlardakı müsahibələr­dən birində mənə belə bir sual verdilər ki, 70-ci illərdə, 80-ci il­lərin əvvəllərində Azərbaycanda “dalğalanan” Qırmızı Bayraqlar haqqında nə deyə bilərsiniz? Belə cavab verdim ki, o Qırmızı Bayraqlar tarixin faktıdır, onları danmaq olmaz və lazım da deyil. Doğrudan da, belədir. Bu günün nəzərləri ilə yaxın (eyni zaman­da çox uzaq!) keçmişimizə nəzər salanda, o “təntənəli” iclasları xatırlayanda, indi onlar adama fatmosqraik, əcaib, hətta sürre­alist təsir bağışlayır. Ancaq bu, məsələnin bir tərəfidir: görünən və yekdilliklə pislənən, tənə gə­tirən tərəfi. İkinci tərəf isə görün­mür, dərindədir və mürəkkəbdir. O da bundan ibarətdir ki, həmin “təntənə”lərin arxasında kons­perativ şəkildə, xəlvətcə, bəlkə də təhtəlşüur, sövq-təbii olaraq xalqın nüfuzunun artması, uzun illərin sarsıntısından sonra akva­rellə nəzərə çarpacaq milliyyətçi dirçəliş prosesi başlamışdı. Yük­sək bürokratiya xalqın lideri ilə necə hesablaşırdısa, yavaş-ya­vaş onlarda xalqın özünə də münasibətdə, bəlkə də, daxilən istənilməyən, arzu olunmayan bir ehtiram yaranırdı.

Bu sətirləri yazıram, xəyal isə məni bu dəfə 1985-ci ilə aparır: onda da Moskvada Bey­nəlxalq Kitab Yarmarkası idi (iki ildən bir keçirilirdi) və “təntənəli” açılış mərasimini keçirmək üçün yüksək rəhbərlik, görkəmli icti­mai xadimlər, yazıçılar yarmarka pavilyonunun qarşısına toplaş­mışdılar. 

Mən o zaman da yarmar­kada Azərbaycan nümayəndə­liyinin üzvü idim. Yavaş-yayaş yağış yağırdı, mərasim isə baş­lamırdı. Məlum oldu ki, hamı, o cümlədən, Sov.İKP MK-nın yük­sək vəzifəli çinovnikləri, nazirlər Heydər Əliyevin gəlişini gözləyir, o isə gəlib çıxmır. Yağış get-ge­də bərkiməyə başladı. Nazirlər, MK-nın şöbə müdirləri xaric­dən gəlmiş qonaqların istehzalı nəzərləri altında başlarının üs­tünə qəzet tutub eləcə yağışın altında dayanmışdılar və mə­rasimi başlamağa cürət etmir­dilər. Nəhayət, Heydər Əliyevin maşını gəldi və indiki kimi mə­nim gözlərimin qabağındadır ki, Aleksandr Nikolayeviç Yakovlev – gələcək Siyasi Büro üzvü və bu gün köhnə üsul-idarəni ifşa eləyən adam, o zaman isə Sov. İKP MK-nın yeni təyin olunmuş şöbə müdiri o yağışın altında ax­saya-axsaya necə maşının qa­bağına yüyürdü, Heydər Əliyevi necə yaltaqcasına qarşıladı…

Sistemin bir xüsusiyyi var idi: qorxanda yaltaqlanırdı və sənə yaltaqlanırdısa, mənsub oldu­ğun xalqa da ehtiyatlı yanaşmaq məcburiyyəti qarşısında qalırdı. Stalin zamanı gürcülərə münasi­bəti xatırlayaq və bu cür misalla­rı çox gətirmək olar.

O Qırmızı Bayraqlarla bə­rabər, xüsusən 80-ci illərin əv­vəllərində Azərbaycanda milli təfəkkürün, özünəqayıdışın ay­rı-ayrı fərdlər arasında yox, bir küll halında oyanma dövrü idi. Yalnız elə Hüseyn Cavidin cə­nazəsinin Sibirdən gətirilib, doğ­ma yurdda torpağa tapşırılması faktını xatırlayaq. Yaxud 1981-ci ildə Azərbaycan yazıçılarının VII qurultayındakı sözün yaxşı, sağ­lam mənasında millətçilik əhva­li-ruhiyyəsi, “İran Azərbaycanı” ifadəsinin “Cənubi Azərbaycan” ifadəsi ilə əvəz olunmasının rəs­miləşdirilməsi…

Əlbəttə, bütün dövrlərdə olduğu kimi, o dövrdə də haq­lı işdən çıxarılanlarla bərabər, haqsız işdən çıxarılanlar da olub, haqsız incidilənlər də olub, amma onilliklər boyu insani hiss­lərə yad olan ictimai əxlaqı (daha doğrusu, əxlaqsızlığı!) zorla hə­yata tətbiq edən, insanı mənən əzən və lazım gəldikdə cismən də məhv edən sistemi də yəqin ki, yaddan çıxarmaq olmaz və mənim dediyim odur ki, həmin Sistem daxilində şəxsiyyətə və onun fəaliyyətinə hərtərəfli, ob­yektiv, düşünə-düşünə qiymət verməyə, fikir söyləməyə çalış­maq lazımdır. Başa düşürəm ki, bəzən bu – çətin olur, şəxsi inciklikləri, şəxsi narazılığı boğ­maq bir o qədər də asan deyil, ancaq mənim təsəvvürümə görə həqiqi yol budur. Onsuz da, dün­yanın hər üzünü görmüş qoca tarix belə də edəcək.

Yadıma gəlir, Heydər Əliyevin həyat yoldaşı vəfat edəndə bu gün onun üzünə du­ranlar, kölgəsini qılınclayanlar, həm də yalnız nomenklatura yox, bəzi ziyalılar, ictimai xadim­lər necə bir ciddi-cəhdlə, can­fəşanlıq göstərə-göstərə Mos­kvaya getməyə, kişiyə şəxsən başsağlığı verməyə çalışırdılar. Bunlar hamısı mənim (və yəqin ki, yalnız mənim yox!) gözlərimin qabağındadır… O zaman mən də Heydər Əliyevə başsağlığı məktubu yazdım. O məktubdakı sözlər, təbii ki, indi olduğu kimi yadımda deyil, amma fikirlər, əhvali-ruhiyyə yaxşı yadımdadır. Əlbəttə, o şəxsi məktubdakıla­rı təkrar etmək düzgün olmaz, yalnız onu deyə bilərəm ki, mən yenə də həmin fikirdəyəm və məni tanıyanlar yaxşı bilirlər ki, heç bir konyukturada da bunu gizlətməmişəm.

Artıq çox uzaqlarda qalmış aspirantlıq illərində haradasa oxumuşdum ki (deyəsən, aka­demik Tarlenin fikridir), sarsıdıcı inqilablardan, yakobinçilikdən və cəmiyyətin lümpenləşməsindən sonra XVIII əsrin sonlarında, XIX əsrin əvvəllərində Fransada Napoleon hadisəsi zərurət idi, amma bu adamın məhz Korsi­kalı Bonapart olması təsadüfdür.

Bu fikri şəxsiyyətlərin müqa­yisəsi üçün yox, iqtibas etmək üçün xatırladıram. Fikirləşirəm ki, görünür, Azərbaycanda da 28 apreldən, “bəysizləşdirmə”dən, kollektivləşdirmədən, 37-dən sonra, o dövr üçün Əliyev ha­disəsi zərurətin ifadəsi idi. Bəlkə də fatalizmə qapılıram, amma dediyim odur ki, Azərbaycanın öz tam müstəqilliyi uğrundakı mübarizəsindən əvvəl imkan daxilində özünütanıtma və özü­nütəsdiq mənasında, yəqin ki, “Əliyev dövrü”ndə bir zərurət var idi.

Bu yaxınlarda hardasa belə bir məlumata rast gəldim ki, To­dor Jivkov on cildlərlə “Seçilmiş əsərləri”nə toplanmış məqalələ­rini nəinki özü yazmayıb, ümu­miyyətlə, heç onları oxumurdu da! “Sosializm komediyası, farsı” üçün bundan gözəl bir illüstrasi­ya tapmaq, güman ki, çətindir… Leonid Brejnevi yaxından tanı­yanların dediyinə və yazdığına görə, bu rəhbər də öz adına çap olunan, nəşr edilən yazıları oxu­murdu.

Və həmin kontekstdə Heydər Əliyev şəxsiyyətinin “inkişaf et­miş sosializm” çərçivələrinə sı­ğışmayan bir cəhəti də mənim üçün əlamətdardır: mətbuatı şəxsən izləmək. Onun çıxışla­rında, söhbətlərində (mən həmin çıxışların sıravi dinləyicilərindən, o söhbətlərin təsadüfdən-təsa­düfə sıravi iştirakçılarından biri kimi fikir yürüdürəm) dərhal hiss olunurdu ki, qələm əhlindən ki­min kim olduğunu, hansı məz­həbə qulluq elədiyini yaxşı bilir və bu, köməkçilərin hazırladığı (eləcə də xeyirxahların, daha artıq dərəcədə isə bədxahların verdiyi) məlumatların nəticəsi deyil, öz müşahidəsi, öz biliyidir.

Səksəninci illərin lap əvvəl­lərində mənim “Literaturnaya qazeta”da bir məqaləm çap olunmuşdu. O vaxt “Litqazeta” bir ədəbi problem, yaxud əsər haqqında müxtəlif fikirlər verirdi. Mənim məqaləm də Yuri Boldı­revin məqaləsi ilə yanaşı veril­mişdi və onunla kəskin ədəbi mübahisə edirdim. Onda Həsən Həsənov Mərkəzi Komitənin ide­oloji katibi işləyirdi və birdən-birə gecə mənə evə zəng elədi. Məlum oldu ki, Heydər Əliyev Soçidə (əgər səhv etmirəmsə) istirahət edir, məqaləni oxuyub və zəng eləyib bu barədə Həsən Həsənova ətraflı fikrini bildirib. Burada yəqin ki, fəxr eləməli bir şey yoxdur, amma o var ki, cavan bir yazıçının, özü də sırf ədəbiyyat problemlərinə həsr olunmuş yazısı da diqqətdən (və maraqdan!) kənarda qalmır­dı və bu diqqət “rəhbər diqqəti” yox, oxucu diqqəti idi. Məsələnin maraqlı bir cəhəti də o idi ki, ət­rafımdakıların xeyli qismi mətbu­atla, ümumiyyətlə, mədəniyyətlə maraqlanan adamlar olmasa da, rəhbərdən çəkindikləri üçün, özləri də mətbuatı izləmək, ədə­bi ictimaiyyətin problemlərinə məhdud qabiliyyətləri daxilində diqqətlə yanaşmaq məcburiyyə­tində qalırdı.

Dəfələrlə bunun şahidi ol­muşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və qurtardıq­dan sonra, səhnə arxasında ya­radıcı kollektivlə görüş keçirib və heç bir mübaliğəyə yol vermə­dən deyim ki, yüksək səviyyəli professional sənətşünas kimi ta­maşanın təhlilini verib. Orasının da şahidiyəm ki, həmin görüş­lərdən sonra yaradıcı kollektivin həvəsi birə-on artırdı. Əsl sənət adamına, sənət kollektivinə nə lazımdır? İlk növbədə, xalqın onun sənətinə qiymət verməsi, onu başa düşməsi. Xalqa rəh­bərlik edən adam da qiymət ver­məyi bacarırsa, bu – əlbəttə, çox təqdir ediləsi cəhətdir.

Bu cür görüşlər Moskvada da keçirilirdi: görkəmli arxitektor­larla, yazıçılarla, teatr kollektiv­ləri ilə və deməliyəm ki, onların əks-sədası Azərbaycan mədə­niyyətinin inkişafı üçün münbit şərait yaranması baxımından çox xeyirli olurdu.

Həmişə öz-özümə fikirləşən­də, təəccüb, bəzən, hətta heyrət etmişəm ki, Heydər Əliyev kimi, ucqar bir yerdə boya-başa ça­tıb təhsil alasan, uzun illər boyu DTK kimi sənətdən, yaradıcılıq mühitindən uzaq bir yerdə iş­ləyəsən və bu dərəcədə də ədə­bi-estetik təfəkkür tərzinə malik olasan. Yadıma gəlir, 1976-cı il idi, onda lap cavan bir yazıçı idim və Yazıçılar İttifaqına yeni­cə katib seçilmişdim. Moskvada Səməd Vurğunun anadan olma­sının 70 illiyini keçirdik və sonra Daimi Nümayəndəliyimizdə Yu­biley iştirakçıları üçün kiçik bir qəbul düzəltdik. Adamların sayı az idi – 30-35 nəfər, amma kim­lər idi: Leonid Leonov kimi “canlı klassik”dən tutmuş o zamanın böyük “ədəbiyyat generalları” –Georgiy Markov, Aleksandr Çaykovski, Nikolay Qribaçova­can rus ədəbi ictimaiyyətinin “rəsmi” və qeyri-rəsmi ən irəli­də gedənləri. Heydər Əliyev də orada idi və söhbətləri, çıxışları ilə masa arxasında əyləşənlə­rin, xüsusən də, “ədəbiyyat ge­neralları”nın çoxundakı “böyük qardaş” təkəbbürünü, sözün əsl mənasında, məhv etdi və o, da­nışdıqca həmin “ədəbi general­lar” göz-görəti kiçilirdi…

Bu – şəxsiyyətin miqyasıdır. 

O məclisdə yalançı məlumat­furuşluqla, əvvəlcədən hazırlaş­ma ilə, gözə lap ustalıqla da olsa kül üfürməklə, hətta Siyasi Büro üzvlüyünə namizədliyin hipno­zu ilə iştirakçıları ovsunlamaq mümkün deyildi, çünki onların özləri sovet “hakimiyyət mət­bəxi”nin aparıcı fiqurları, funksi­onerləri idilər. Yalnız şəxsiyyətin təbii özünüifadəsi, fitri qabiliyyət onları o cürə göz-görəti kiçil­də və hərəni öz yerində oturda bilərdi.

Bir vacib məsələni qeyd eləmək istəyirəm: şəxsiyyəti, əl­bəttə, cəmiyyət yetişdirir və bu mənada, Heydər Əliyev də so­vet cəmiyyətinin yetişdirməsi idi və özünün də son çıxışlarından birində dediyi kimi, həmin cə­miyyətə xidmət etmişdi, bunun məsuliyyətini də dərk edir. Lakin şəxsiyyətin miqyası cəmiyyətin ideoloji-inzibati sərhədləri, çər­çivələri ilə məhdudlaşdırıla bil­məz. Bu baxımdan, mən Heydər Əliyevin son dövr fəaliyyətindəki (və ümumiyyətlə, həyatındakı!) ideoloji dəyişikliyi təbii hesab edirəm.

Ales Adamoviç yazır ki, “so­sializmdən pis yalnız onun xara­balıqları ola bilər.” Burada yəqin ki, “sovet sosializmi” demək daha dəqiq olar. Xalqımızın “so­vet sosilizmi”nin həmin real xa­rabalıq təhlükəsi ilə üzbəüz dur­duğu vaxtlarda Heydər Əliyevin bir az qəmli-kədərli, olsun ki, bir az da “heyhat…” əhvali-ruhiyyə­li, amma təhlükəsiz, acılı-şirinli xatirələrlə dolu, rahat öz-özünə dərdləşmək üçün vaxt verən, heç kimdə və heç nədə işi olma­yan (onda onunla da heç kimin, xüsusən, Kreml mafiyasının işi olmayacaqdı!) “fərdi təqaüdçü” həyatından imtina edib yenidən mürəkkəbliyin, çətinliklərin, xis­lət naqisliklərinin, min bir xarici və daxili fitnə-fəsadın içinə daxil olmasına, öz xalqının arasına qayıtmasına da mən məhz şəx­siyyətin Əvvəldən Axıra, Başlan­ğıcdan Sona gedən yoldakı təbii addımları, təbii yolçuluğu kimi baxıram.

Mən Heydər Əliyevi idealizə etmək fikrində deyiləm və heç bu mümkün də deyil, heç ol­masa, ona görə ki, ideal xisləti təbiət yox, romantik ədəbiyyat yaradır. Heydər Əliyev bir rəhbər kimi onu (əslində isə bizim hamı­mızı!) yetişdirən cəmiyyətin bir hissəsiydisə, deməli, cəmiyyə­tin səhvləri, eyni zamanda onun da səhvləri idi. Yetmişinci illər, səksəninci illərin əvvəlləri artıq tarixin səhifələrinə çevrildiyi bir vaxtda, o dövrə nəzər saldıqda bir rəhbər kimi onun özündən asılı olan səhvləri də indi gün işı­ğı kimi aydın görmək mümkün­dür. Misal üçün, ətrafına yığış­mış və özü Moskvaya getdikdən sonra, respublikada qalan “kiçik rəhbərlər” kolleksiyası…

Mən fikirləşirəm ki, yəni Heydər Əliyev kimi iti zehnə, fəhmə malik bir adam ətrafında­kıların bir çoxunun miskinliyini, riyakarlığını, konfromistliyini gör­mürdü? Ola bilməzdi ki, görmə­sin…

Bu yerdə biz, görünür, cə­miyyətin şəxsiyyəti üstələməsi hadisəsi ilə qarşılaşırıq. Və gö­rünür, bu da bir Allah işidir ki, bunun ən böyük acısını HeydərƏliyev özü daddı. Əlindən tu­tub, çörək verdiyi və rəyasət heyətlərində barmağının kiçicik bir işarəsi ilə minlərlə, hətta mil­yonlarla adamın gözü qabağın­da (televiziyanın sayəsində) top kimi yerindən atılıb onun qabağı­na yüyürən (və bununla özlərini xoşbəxt hiss edən, qürurlanan!) adamların, o, iqtidardan düşdük­dən sonra, necə bəd üz göstər­mələri hamıdan əvvəl Heydər Əliyevin özünə təsir etməli idi və emosional adam olduğu üçün, yəqin ki də, etdi.

Bu barədə çox danışma­ğa, xırdalamağa, elə bilirəm ki, ehtiyac yoxdur. Yunus İmrənin dediyi kimi, “Dünya axirət əkini, əkib götürən bilər”, amma etiraf etmək istəyirəm (ümumiyyətlə, mənim bu ekspromt yazım, bir növ, etirafnamədir) ki, o zaman­lar – Heydər Əliyevin Bakıya qayıdışı və ona qarşı hücumlar vaxtı beynimdə bir obraz məni xeyli müddət rahat buraxmadı: Kral Lir. Şekspir ona görə əlçat­maz bədii-fəlsəfi zirvədir ki, öz yaradıcılığında insan xisləti kimi dəhşətli bir labirintin bələdçisi olub. Bu xislət nələrə qadirdir! Həmin vaxtlar mənim aləmim­də Heydər Əliyev o cürə xislət dəyişmələri ilə üz-üzə gələrkən, hərgah belə demək mümkünsə, Kral Lir dərəcəli bir pərişanlıq içində idi. Bəlkə də bu fikir, bu bənzətmə fantaziyamın nəticəsi­dir? Bilmirəm… Amma mən belə hiss edirdim, belə görürdüm.

İndi, gecə saat üçün sakit qa­ranlığında bu sətirləri yazarkən orasını da fikirləşirəm ki, Kral Lir dərəcəli bir pərişanlığı yaşayan şəxsiyyəti heç vaxt kin-küdurət, intiqam ehtirası ələ ala bilməz, əksinə, kiçikliyi, miskinliyi gör­düyü üçün o, bağışlamağı üstün tutar.

Əlbəttə, vaxt gələcək, bi­zim bu günlərimiz (çətin, özü­nü axtarışlarla dolu, ziddiyyətli, qanlı-qadalı, amma şübhəsiz ki, tarixi günlərimiz!) də Azər­baycan yazıçılarının, şairləri­nin, dramaturqlarının qələminin zəngin, Şekspir ehtirasları ilə dolu materialına çevriləcək, əsərlər yaranacaq, o əsərlərin real tarixi qəhrəmanları olacaq, ancaq o həqiqəti ki, Heydər Əliyev özü yaza bilər, onu heç kim yazmayacaq. Bilmirəm, Heydər Əliyev gündəlik tutub, bilavasitə iştirakçısı olduğu epoxal əhəmiyyətli hadisələrlə bağlı, heç olmasa, qeydlər apa­rıb, yoxsa yox? 

Mən çox istərdim ki, gələcək nəsillər o gündəlikləri, qeydləri, fikirləri oxumaq imkanına malik olsunlar. Və eyni zamanda, o yazılar da tamam obyektiv ya­zılsın, yaxşıya yaxşı, pisə pis deyilsin. O yazılar yazılarkən daxili “qlavlit” – şəxsi təəssüb­keşlik bir tərəfə atılsın və “cəmi məxluqatın əşrəfi” olan insan müəllifin simasında o tarixi sənəddə bütün vüsəti ilə təsvir olunsun – yaxşısı da pisi ilə bə­rabər, müdrikliyi və pərişanlığı, Xeyir ilə Şər arasındakı ədəbi mübarizədə qadirliyi və səhvlə­ri, aldanışları ilə birlikdə.

Bu yaxınlarda yaxın adam­larla xudmani bir söhbət zamanı dostlardan biri məndən soruşdu: “Heydər Əliyevi bir sözlə necə səciyyələndirərdin?” Özüm üçün də gözlənilməz bir cavab ver­dim: “Tənha adam.” Bilmirəm nə üçün belə dedim? Nəyə görə? Hansı əsasla? Bəlkə, ona görə ki, istedadlı şəxsiyyət həmişə tənha olur? Bilmirəm… Amma belə dedim və indi də belə dü­şünürəm.

28 iyul 1992.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir