Mədəniyyət

Multikulturalizm Mərkəzində tat dilində “Əli və Nino” kitabının təqdimatı olub – FOTO

Sharing is caring!


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən tat dilinə tərcümə edilərək çap olunan “Əli və Nino” kitabının təqdimatı keçirilib.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, tədbiri açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman kitab haqqında məlumat verib. Bildirib ki, Mərkəz yarandığı gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin, dilinin və adət-ənənəsinin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən biri də “Əli və Nino” əsərinin Azərbaycanda yaşayan müxtəlif xalqların dillərinə tərcümə edilərək çap olunmasını həyata keçirməkdir. Layihənin ideya müəllifi BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevdir. Tat dilində çap olunan “Əli və Nino” kitabının redaksiya heyətinə Mərkəzin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı, Tehran Alışanoğlu və tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi daxildir. Rafiq Səməndərin rəyçi olduğu kitabı tat dilinə Rusiya Vladimir Dövlət Universitetinin dosenti Telman Əliyev tərcümə edib. Layihəyə məsul şəxs Mərkəzin şöbə müdiri Rəşad İlyasovdur. O diqqətə çatdırıb ki, görkəmli Azərbaycan yazıçısı Qurban Səidin Avropanın və ABŞ-ın tanınmış ədəbi tənqidçiləri tərəfindən XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən “Əli və Nino” əsəri dünyanın 33 dilinə tərcümə olunaraq 66 ölkədə nəşr edilib. Vurğulayıb ki, Mərkəz tərəfindən “Əli və Nino” əsəri ötən illər ərzində udi, talış və ləzgi dillərinə də tərcümə edilərək çap olunub.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı maliyyə vəsaiti hesabına “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin hazırladığı “Tolerantlığın Azərbaycan modeli – azsaylı xalqlar” sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin sədri Elman Əhmədov, “Tolerantlığın Azərbaycan modeli – azsaylı xalqlar” sənədli filminin rejissoru Ceyhun Şüküroğlu, “Azəri” Tat Mədəniyyət Mərkəzi İctimai Birliyinin nümayəndələri Məhəmməd Əliyev, Elçin Mirzəbəyli qeyd ediblər ki, Azərbaycanda yaşayan xalqlar hər zaman bir olublar. Bu, 44 günlük Vətən müharibəsində bir daha özünü göstərdi. Bütün xalqların nümayəndələri Zəfərə gedən yolda “Dəmir yumruq” kimi birləşdilər. Tarixi Azərbaycan torpaqlarını işğaldan azad etdilər.

Tədbir müzakirələrlə davam edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir