Mədəniyyət

Goranboyda arxeloji qazıntılarda rəngli muncuqlar, saxsı qablar, insan skeletləri tapılıb

Sharing is caring!


Goranboy rayonunun Tatarlı kəndi ərazsində Muncuqlutəpə nekropolu tapılıb.

APA-nın yerli bürosuna AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Müzəffər Hüseynov bildirib ki, ərazidə insan sümükləri, saxsı qablar və metal əşyalar aşkar edilib. Aşkar edilənlərin eramızdan əvvəl təxminən 8-7-ci əsrə aid olduğu güman edilir. Qazıntı işləri təxminən bir hektar ərazini əhatə edən nekropolun hələlik iki yüz kvadratmetrlik sahəsində aparılıb. Aşkarlanan qəbirlərdən çoxlu muncuq aşkarlandığından nekropola “Muncuqlutəpə” adı verilib.

Qazıntı aparılan ərazi çay yatağından bir qədər aralıda yerləşir. Yaxınlıqda Qalaboyunu qədim yaşayış yeri, Gölyeri eneolit və erkən tunc dövrü yaşayış yeri var, ərazi kurqanlarla əhatə olunub. Ərazi qədimdə sıx məskunlaşılıb, konkret bu nekropola gəldikdə burada dəfn olunanların Qalaboyunu yaşayış yerinin sakinləri olduğu ehtimal edilir. Aşkarlanan qəbirlərdə insan skeletləri ilə yanaşı məişət əşyalarına da rast gəlinir. Kənd ərazisində son tunc erkən dəmir dövrünə aid 30-a qədər qəbir aşkarlanıb.

Dosent Müzəffər Hüseynov bildirib ki, Tatarlı kəndinin ərazisində aşkarlanan “Muncuqlutəpə” nekropolu 2007-ci ildə qeydə alınıb:

“Həmin ildən bu ilə qədər qazıntılar davam edib. Burada olan bütün qəbirlər Azərbaycanın digər ərazilərindən aşkar olunmuş qəbirlərdən bəzi xüsusiyyətlərinə görə seçilir. Qəbirlərdə zoomorf tipli qablar, kişi qəbirlərində silahlar, qadın qəbirlərində bəzək əşyaları üstünlük təşkil edir. Bəzək əşyaları əqiqdən, sedalitdən, tuncdan hazırlanıb, bəzi bəzək əşyaları var ki, onlar assuriya tiplidir, yəni gətirilmədir, ümumiyyətlə, buradan bir neçə assuriya tipli qablar da aşkar olunub. Nəlbəki formalı vaza tipli qablar isə eradan əvvəl 8-7-ci əsrdə bu ərazinin tayfaları ilə ön Asiyanın tayfaları arasında mədəni iqtisadi əlaqələri göstərir. Goranboy rayonu ərazisində 28 dövlət qeydiyyatında olan abidə var. 40 yeni aşkar olunmuş abidə var.

Son dövrlərdə rayonun Qaraçinar kəndində arxeoloji qazıntı işləri aparılıb. Rayonun ərazisində aparılan qazıntı işlərində Azərbaycan arxeoloqları ilə bərabər xarici arxeoloqlar da iştirak ediblər. Bunların içərisində İtaliya və Fransa arxeoloqları da olub. Qeyd edək ki, Goranboy rayonu ərazisində yerləşən “Muncuqlutəpə” nekropolunda qazıntı işləri davam etdirilir. Oradan aşkar edilən maddi-mədəniyyət nümunələri laborator şəraitdə tədqiq olunacaq və müəyyən nümunələr xarici ölkələrə göndəriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir