İqtisadiyyat

İnflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə enib

Sharing is caring!

Pərviz Heydərov yazır…

Ölkədə istehlak qiymətləri indeksinin artım sürəti, yəni inflyasiya tempi ciddi şəkildə enib. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında qeyd olunan göstərici ötən ilin eyni dövrünə nisbətən 1,3%, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları 0,2%, qeyri-qida məhsulları 1,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər isə 2,7% yüksəlib. Fevralda istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 0,6%, ötən ilin eyni dövrünə nisbətən isə 1,3% artıb ki, bu zaman qida məhsulları, içkilər və tütün məmulatları üzrə sözügedən göstərici yanvarla müqayisədə 0,7%, əvvəlki ilin eyni dövrünə nisbətən isə 0,2% artıq təşkil edib. 

Ayrı-ayrı qida məhsullarından daha çox düyü, qoyun əti, təzə balıq, kəsmik, kərə və zeytun yağı, naringi, banan, alma, armud, heyva, nar, kələm, xiyar, pomidor, balqabaq, çuğundur, sarımsaq, soğan, şəkər, araq bahalaşıb, qarabaşaq yarması, yumurta, süfrə marqarini, günəbaxan və qarğıdalı yağları, portağal, yerkökü isə ucuzlaşıb. 

Digər qida məhsullarında isə heç bir dəyişikliklər baş verməyib.

Ərzaq və yaxud qida məhsullarını ona görə xüsusi olaraq sadaladım ki, bahalaşmanı yaradan əsasən bunlar idi. 2022-ci ildə qeyd olunan məhsullar üzrə qiymətlərin yüksəliş tempi demək olar 20%-i keçmişdi. Buna idxalın zəmin yaratdığı bildirilirdi. Lakin, yerli istehsalın da ucuz başa gəlmədiyi aydın idi ən azı o baxımdan ki, yerli istehsalda da idxal məhsullarından istifadə olunduğu məlum faktdır.

İstehlak qiymətləri indeksi ötən ildən, yəni 2023-cü ildən enməyə başlayıb. Ümumiyyətlə, inflyasiya və bahalaşmaya dair şərhlərimdə həmişə qeyd etmişəm ki, idxaldan asılı vəziyyətdə olduğumuzdan bizdə hər şey daha çox məhz xarici təsirlərdən qaynaqlanır. 2021-2022-ci illərdəki inflyasiya, bahalaşma tendensiyası da bu səbəbdən ortaya çıxmışdı. Keçən il, sözügedən tendensiya qlobal miqyasda zəiflədiyindən may ayından bizdə də özünü göstərməyə başladı. Yəni, prosesin sürəti zəiflədi.

Ancaq ötən il ərzində inflyasiya ilə bahalaşma əslində, yenə istənilən həddə enmədi. Qlobal bazarlarda ucuzlaşma yanvardan müşahidə olunmağa, yəni enerjidaşıyıcıların qiymətlərindəki eniş ərzaq məhsulları üzrə ucuzlaşmaya 2023-cü ilin başlanğıcından start verməyə başlasa da, bizdə ümumi temp ilin sonuna 8,8% təşkil etdi.

Düzdür, əvvəlki illərin yekununa görə sözügedən rəqəm ikirəqəmli həddə idi. Odur ki, xarici və daxili amillərin təsirləri nəticəsində məhz keçən il illik inflyasiya səviyyəsi azaldı. Yəni, qlobal iqtisadi aktivliyin zəifləməsi, əmtəə, enerji və ərzaq qiymətlərində azalmanın davamı ölkəmizə inflyasiya idxalını məhdudlaşdırdı. Ancaq buna rəğmən, daxildə məcmu tələbin izafi artıma və xərc amillərinin aktivləşməyə meyilli olması yenə də cüzi bir səbəb və “bəhanə” faktoru axtarırdı ki, hər şey yenidən alovlansın.

Ümumiyyətlə, inflyasiyadan danışdıqda biz hələ onu da nəzərə almalıyıq ki, manatın məzənnəsi yaxşı ki inzibati yolla tənzimlənir, başqa sözlə, ölkədə sərbəst üzən məzənnə rejimi adlı bir valyuta idarəçiliyi mexanizmi hökm sürmür. Halbuki, qonşu ölkələrdə milli pul vahidlərinin ABŞ valyutasına nəzərən dəyərdən düşməsi onların real alıcılıq qabiliyyətinə ciddi zərbə vurur.

Bizdə isə manatın nominal və real effektiv məzənnələri artır.

Mərkəzi Bankın (AMB) cari ilə dair pul siyasətinin əsas istiqamətləri haqqında bəyanatında da yazılmışdı ki, valyuta bazarında tarazlıq inflyasiya idxalının məhdudlaşmasında xüsusi rol oynayıb və ticarət tərəfdaşlarımızda məzənnənin yüksək dəyişkənliyinə rəğmən milli valyuta sabit olaraq qalıb. “Manatın nominal effektiv məzənnəsinin bahalaşması idxal inflyasiyasına azaldıcı təsir göstərən faktordur”, – deyə Bəyanatda yazılıb.

Yeri gəlmişkən, cari ilin fevralın 1-nə manatın xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 102,3 bənd təşkil edib ki, AMB-ə istinadən bu, aylıq müqayisədə 0,3 bənd, ötən il fevralın 1-i ilə müqayisədə isə 7,4 bənd çoxdur. Yanvarın sonuna manatın real effektiv məzənnəsi isə 121,5 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,1 bənd, illik müqayisədəsə 0,1 bənd çox deməkdir.

Qeyd edim ki, nominal effektiv valyuta məzənnəsi milli valyutanın bir neçə xarici valyutaya nəzərən dəyişməsi indeksidir. Bu zaman həmin valyutaların milli valyuta bazarında iştirak səviyyəsi də nəzərə alınır. Real effektiv valyuta məzənnəsi isə milli valyutanın bir neçə valyutaya nəzərən orta çəkili dəyişmə indeksi sayılır.

Göründüyü kimi, bizdə inflyasiyanı məhdudlaşdırıcı faktorlar əslində çoxdur. Lakin hələ buna rəğmən, 2021-ci ildən başlayaraq o, xüsusən kənar amillərin təsirləri nəticəsində alovlu xarakter daşıyırdı. Və hazırda qeyd olunan alovu yatıran da məhz eyni faktorlardır. Yəni, əsasən, kənar təsirlərin səngiməsidir. 

Sözün qısası, inflyasiya ilə bağlı vəziyyət hər halda yenə kövrək xarakter daşıyır, yuxarıya və aşağıya doğru təkan verə biləcək risklər əslində bərabər gücə malik olaraq qalır. Bununla belə, əvvəlki şərhlərimdə də qeyd etdiyim kimi, inflyasiya və bahalaşmanın 2022-ci ilin ikinci yarısından etibarən başlanan nisbətən səngimə prosesinin bu il də davam edəcəyi gözlənildiyindən 2024-cü il üzrə proqnozlar dəyişməz olaraq qalır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir