İqtisadiyyat

Büdcəyə daxil olan izafi gəlir əslində nəyə əsaslanmalıdır ?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Dövlət büdcəsinə proqnozlaşdırılandan artıq vəsaitin daxil olması beşinci ildir ki, davam edir. Bu sahədə ilk hal 2019-cu ildə qeydə alınmışdı ki, həmin ildə Vergi Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilmişdi. Təkcə bir faktı qeyd edim ki, 2019-cu ildə ilk dəfə olaraq dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna transfert 150 milyon manat azaldıldı. Eyni tendensiya sonrakı illərdə də davam edib. Sual yaranır ki, bu, nəyin təzahürü və göstəricisidir? İlk cavab budur ki, ölkədə qeyri-rəsmi dövriyyənin və “kölgə iqtisadiyyatı”nın varlığının…

Əslində büdcəyə izafi gəlirin hansı mənbəyə əsaslanması daha məqsədəuyğundur? Dövlət xəzinəsinə proqnozdan artıq vəsait daxil olursa bu, ümumiyyətlə əsasən aşağıdakılardan birinin göstəricisi hesab oluna bilər:

1. İqtisadi artımın, yəni istehsalın artması – yeni istehsal sahələrinin və iş yerlərinin açılması, məşğulluğun genişlənməsinin;
2. Əhalinin əməkhaqlarının və gəlirlərinin artmasının;
3. İnflyasiyanın, qiymət artımı və bahalaşmanın;
4. Vergi və rüsumların azaldılması hesabına gəlirlərin leqallaşmasının;
5. Kölgə iqtisadiyyatı həcminin azalması və müxtəlif stimullaşdırıcı və yaxud inzibati metodların genişlənməsi və tətbiqinin.

Ölkəmizdə ardıcıl son bir neçə ildir dövlət büdcəsinə proqnozdan artıq vəsait daxilinin səbəbləri həqiqətən ciddi yanaşma tələb edir.
Ötən il, yəni 2023-cü il ərzində dövlət büdcəsinə proqnozdan əlavə 1,1 milyard manat vəsait daxil olub ki, qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artan templə inkişaf etsə də bunda könüllülük əsas rol oynayıb. Ümumiyyətlə, 2019-cu ildən qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları qeyri-neft-qaz üzrə ÜDM-in nominal artım tempini üstələməkdədir ki, buna da əsasən şəffaflaşmanın səbəb olduğu göstərilir. 

Bu zaman sual yaranır ki, iqtisadiyyatda qeyri-şəffaf hissənin və “kölgə iqtisadiyyatı”nın payı görəsən nə qədər təşkil edibmiş ki, son beş ildir hər il milyarddan çox vəsait “üzə çıxır”? Qeyd edilən tendensiya iqtisadi artımın, istehsalın artması – yeni istehsal sahələrinin və iş yerlərinin açılması, məşğulluğun genişlənməsi və yaxud, əhalinin əməkhaqlarının – gəlirlərinin yüksəlməsi hesabınadırmı? Xeyr.

Dövlət büdcəsinə proqnozdan artıq gəlirlərin daxilində ölkədə iqtisadi artımın, yəni istehsalın artması – yeni istehsal, iş yerlərinin açılması və məşğulluğun genişlənməsi müəyyən rol oynaya bilərdi. Lakin… 

2019-cu ildən bəri pandemiya ilini (2020-ci il) çıxmaq şərtilə ölkədə hər il iqtisadi artım qeydə alınır. 2019-da iqtisadiyyat 2,2% artmışdısa, 2020-də 4,3%-lik tənəzzüldən sonra 2021-də bu rəqəm 5,6%-ə qalxmaqla 2022-ci ildə 4,6%, ötən ilin yekununa isə 1,1% təşkil edib.

Əmək müqavilələrinin sayı 1 yanvar 2019-cu illə müqayisədə 406,9 min artaraq cari ilin yanvarın 1-nə 1 milyon 808,8 min, o cümlədən qeyri-neft-qaz üzrə özəl sektorda 358 min və ya 1,6 dəfə artaraq 897,9 min olub.

Bütün bunlar çox yaxşı göstəricilərdir.

Ancaq… Artımın ölkədə məşğulluğu genişləndirməyə dəstək səviyyəsi ayrıca araşdırma tələb edir. Ötən il ölkədə orta aylıq əməkhaqqı 11,2% artaraq 933,8 manat təşkil edib. 2023-cü ildə orta aylıq əməkhaqqıdakı bu artım minimum əməkhaqqının yüksəlməsi, həmçinin bəzi sektorlarda maaş artımları ilə bağlı olub. 

Ümumən son beş ildə minimum əməkhaqqı 2,7, minimum pensiya 2,5 dəfə, həmçinin 2018-2022-ci illərdə orta aylıq əməkhaqqı 52%, orta aylıq pensiya 80%, müavinət və təqaüd ödənişləri 3,5 dəfə, əməkhaqqı fondu 2,3 dəfə artırılıb. Müstəqillik əldə etdiyimizdən bəri bu qədər artım qeydə alınmadığından sözsüz, bu da ticarəti genişləndirib.

2019-cu ildə 2,6%, 2020-də 2,8%, 2021-də 6,7%, 2022-ci ildə 13,9 faiz inflyasiya qeydə alınıb. Ötən il isə bu rəqəm 8,8% təşkil edib. Odur ki, 2021-ci ildən başlanan və 2022-ci ildə daha vüsətlə davam edən, keçən ilsə nisbətən səngiməyə meyl götürən qiymətlərin yüksəlişi və inflyasiya prosesi dövlət büdcəsinə əlavə daxilolmalarda əslində bundan da daha çox rol oynayıb desəm, yanılmaram. 

Ümumiyyətlə, büdcəyə izafi gəlirlərin artması səbəbləri sırasında bilavasitə inflyasiya, qiymət artımı və bahalaşma amilinin rolu və təsiri üzərində dayansam bəlkə, daha asan izahat vermək olar. Hansı ki, sözügedən amilin yaratdığı effekti “sabun köpüyü” adlandırmaq hesab edirəm daha dolğun xarakterizə sayılar. Ancaq, vergi və rüsumların azaldılması hesabına mənfəətlərin leqallaşdırılması proseduru bundan daha böyük rol oynadığından qeyd olunan dəyərləndirmə əhəmiyyətsizdir.

Odur ki, büdcəyə proqnozlaşdırılandan artıq vəsait daxilində ən başlıca rolu və təsiri məhz kölgə iqtisadiyyatı həcminin azalması və müxtəlif stimullaşdırıcı və yaxud inzibati metodların genişlənməsi, tətbiqi amilinin oynadığı birmənalı olaraq qeyd edilməlidir. Söhbət, kütləvi xidmət və ticarət şəbəkələrində nəzarət-kassa-aparatları tətbiqinin genişlənməsi, ƏDV üzrə geriyə ödəniş kimi mexanizm və üsulların istifadəsi, ümumiyyətlə nağdsız ödənişlərin getdikcə daha dərinə işləməsi kimi tendensiyaların inkişafından gedir.

Qeyd etmək istədiyim odur ki, büdcəyə izafi gəlirlərin əldə edilməsi mənbəyini şəffaflaşma və ya kölgə iqtisadiyyatının əriməsi deyil, məhz iqtisadi artım və o cümlədən əhalinin gəlirlərinin yüksəlməsi təşkil etsə bu, daha effektiv olardı. Çünki iqtisadi artım, istehsalın yüksəlməsi – yeni istehsal və iş yerlərinin açılması, məşğulluğun genişlənməsi və bütün bunların da nəticəsində əhalinin əməkhaqlarının – gəlirlərinin yüksəlməsi proqnozdan artıq gəlirlərin formalaşmasında ən sağlam mənbə hesab olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir