İqtisadiyyat

“Qərbi Azəri” platformasında bir milyard barel neft hasil edilib – FOTO

Sharing is caring!


Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) neft yatağının “Qərbi Azəri” platformasında hasil edilən neftin həcmi bir milyardı keçib.

Bu barədə “Report”a AÇG neft yatağının operatoru “bp Azerbaijan” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Qərbi Azəri” Xəzər dənizində AÇG yatağının yeddi hasilat platformasından biridir. 1997-ci ilin noyabrında AÇG-dən ilk neft əldə olunandan bəri ümumilikdə çıxarılmış 4,3 milyard barel neft hasilatına bu platformanın əhəmiyyətli töhfəsi var.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun sözlərinə görə, bu, ikinci AÇG platformasıdır ki, ümumi neft hasilatında bir milyard barel həddini adlayıb:

“Bu əlamətdar mərhələyə çatan ilk platforma isə “Mərkəzi Azəri” olub. “Mərkəzi Azəri” bu xəttə digər platformalardan daha tez – 2021-ci ilin iyul ayında çatıb”.

E.Məmmədov bildirib ki, indi isə bir milyard barel neft hasil etmiş daha bir platformamız var – “Qərbi Azəri”:

“Ümid edirik ki, AÇG-də bu möhtəşəm uğur silsiləsi davam edəcək. Bu sevindirici nailiyyətə töhfə vermiş bütün işçi heyətlərini təbrik edirəm və onlara təhlükəsiz və səmərəli fəaliyyətlərinə və mükəmməl iş icrasına görə öz təşəkkürümü bildirirəm. Xüsusilə də, ilk gündən indiyədək “Qərbi Azəri”də çalışan və platformanın bütün uğurlarında imzası olan işçilərimizi təbrik edir və onlara “çox sağ olun” deyirəm”.

Qeyd edək ki, “Qərbi Azəri” platformasından ilk neft 2005-ci ilin dekabr ayında əldə olunub. Hazırda platformada təxminən 200 nəfər çalışır və onların əksəriyyəti, o cümlədən platformanın hər iki rəisi Azərbaycan vətəndaşıdır. 2005-ci ildən bəri platformadan 40 quyu və çox sayda yan lülə qazılıb. Hazırda istismarda olan 35 quyudan 26-sı hasilat quyusu, 9-u isə suvurma quyusudur. 2005-ci ildə istismara verilmiş ilk quyulardan biri “C-06” quyusudur. Bu quyu ilk dövrlərdə gündəlik 35 000 barel neft verib və hazırda da platformanın ən məhsuldar quyularından biridir. İndiyədək bu quyudan ümumilikdə 80 milyon barel neft əldə olunub. Hazırda “Qərbi Azəri” platformasından gündəlik hasilat 85 000 bareldir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir