İqtisadiyyat

Bakıda birinci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçirilir – FOTO

Sharing is caring!


Bu gün Bakıda 1-ci Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi işə başlayıb.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, sərgi İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilir.

Sərgidə 100-ə yaxın yerli şirkətin istehsal etdiyi məhsullar və texnologiyalar təqdim edilir.

Sərginin açılış mərasimində çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, bu gün dövlət ölkədə sahibkarlığın inkişafı üçün müxtəlif istiqamətlərdə geniş dəstək tədbirləri həyata keçirir:

“İstənilən biznes fəaliyyətinin əsas məqsədi isə istehsal olunan məhsul və xidmətlərin daha çox satılması ilə gəlir imkanlarının genişləndirilməsidir. Bu baxımdan, xüsusilə mövcud rəqabət mühitini nəzərə alaraq, sahibkarların bazarlara çıxışının dəstəklənməsi KOBİA-nın fəaliyyətinin prioritet istiqamətini təşkil edir”.

O qeyd edib ki, KOBİA iqtisadiyyatın müxtəlif sektorlarında, xüsusilə istehsal sahəsində sahibkarların geniş şəkildə təmsil olunduğu istiqamətlər üzrə sərgi və yarmarkaların keçirilməsini daim dəstəkləyir:

“Bu gün şəhərimizdə bu qəbildən tədbirlərin davamı olaraq, digər tərəfdaşlarımızla birgə iştirak etdiyimiz “Yerli istehsalat və istehsal texnologiyaları sərgisi” təşkil olunub. Sözügedən sərginin təşkil olunmasında əsas məqsəd mikro, kiçik və orta sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsinə dəstək olmaqdır. Sərgi KOB-ların məhsullarının yeni bazarlara çıxışı ilə yanaşı, KOB-lar və təchizatçılar arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir. Sərgidə Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən 100-ə yaxın KOB subyektinin qida, qeyri-qida, mebel, inşaat materialları, proqram təminatı, tekstil məhsulları nümayiş olunur. Sərgi həmçinin, öz biznesini genişləndirmək istəyən sahibkarlar üçün təcrübə mübadiləsinə şərait yaradır”.

O.Məmmədov əlavə edib ki, tədbirin şəhər mərkəzində keçirilməsi həm daha çox alıcı auditoriyasının cəlb olunması, həm də şəhərimizin qonaqlarının asudə vaxtının maraqlı keçməsi baxımından əhəmiyyətli olacaq:

“Bu isə öz növbəsində, Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında müştərilərə təqdim edilməsi və ixrac imkanlarının genişlənməsinə də töhfə verəcək. Ümidvaram ki, bu gün təşkil olunan tədbirdən həm sahibkarlar, həm də ziyarətçilər məmnun qalacaqlar. Qazanılacaq təcrübə isə biznes subyektlərinin fəaliyyətlərini təkmilləşdirməsinə və genişləndirməsinə xidmət edəcək. Ölkəmizin sosial-iqtisadi inkişafına verdikləri töhfələrə görə sahibkarların fəaliyyətini yüksək qiymətləndirir və mandatımız çərçivəsində onları hər zaman dəstəkləyəcəyik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib ki, bugünkü tədbirin kifayət qədər böyük əhəmiyyəti var:

“Çünki istənilən mal və xidmətin təqdim edilməsi əsasən iki mərhələdən keçir. Bunun biri istehsaldırsa, digəri məhsulun satışıdır. Çox sevindirici haldır ki, son zamanlar bizim istehsalçılarımız ikinci mərhələyə kifayət qədər böyük əhəmiyyət verirlər. Satışların artırılması biznesin dayanıqlı olmasında olduqca önəməli məsələdir”.

Onun sözlərinə görə, bu gün Azərbaycanda özəl sektorun inkişafı ciddi şəkildə dəstəklənir:

“Özəl sektorun dəstəklənməsi sahibkarlığın inkişafı və istehsalın təşviq edilməsi istiqamətindədir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycanda kifayət qədər sahibkarlara dəstək mexanizmləri var. Güzəştli kreditlərin, startap şəhadətnamələrin verilməsi və digər istiqamətlər Azərbaycanda özəl sektorun inkişafına töhfəsini verir. Bu istiqamətlər arasında istehsal xüsusi önəm kəsb edir. Çünki istehsal iqtisadiyyatın dayanıqlılığı deməkdir. İstehsal xarici valyutanın Azərbaycana daxil olması deməkdir. Bununla yanaşı, istehsal məşğulluq deməkdir”.

Dekabrın 9-dək davam edəcək sərgi çərçivəsində, həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlər keçiriləcək. Sərgidə ziyarətçi qismində iştirak etmək ödənişsizdir. Ziyarətçilər sərgidən əvvəl marsolexpo.az saytında və ya sərgi günü məkanda qeydiyyatdan keçə bilərlər.

Daha çox şəkil burada: PhotoStock.az

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir