İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla bağlı mövqeyini dəqiqləşdirsin, Çin faktorunu nəzərə alsın – ŞƏRH

Sharing is caring!


Avropa İttifaqındakı (Aİ) Fransa, Almaniya kimi dövlətlərin Azərbaycana qarşı mövqeyi heç nəyi dəyişmir. Avropada kim erməni havasına oynayırsa, özü ziyan çəkir. Çünki Azərbaycanın Aİ ilə əlaqələri inkişaf etməkdədir.

Əsas məsələ də budur ki, Azərbaycanın Avropaya ehtiyacı yoxdur. Əksinə, Aİ Azərbaycandan asılı vəziyyətdədir. Bu gün Avropanın Azərbaycanın qazına ehtiyacı var.

Beləliklə, yaxşı başa düşülməlidir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından biridir. Yox, Fransa və Almaniya kimi ölkələr bunu başa düşüb yenə də öz dediklərində qalırlarsa, deməli, onlar özləri Aİ-nin maraqlarına xələl gətirirlər.

Aİ üçün Azərbaycanın daha bir önəmli əhəmiyyəti də var. Belə ki, Aİ Mərkəzi Asiya ilə əməkdaşlıq üçün strategiya qurur. Amma Avropadan Mərkəzi Asiyaya yol Azərbaycandan keçir.

Yaxşı olardı ki, İttifaqdakı bəzi dairələr, ilk növbədə Fransa, Azərbaycan ilə əlaqələrə böyük zərər vurmaqdan əl çəksin. Bəzi kiçik marionet ölkələr də bu yolda canfəşanlıq göstərməkdənsə, öz dərdlərinə yansınlar.

Bəli, Prezident İlham Əliyev Qranadaya və Brüsselə getmədi. Bu, Avropanın yanlış mövqeyinə qarşı məqsədyönlü bir addım idi. Buna görə məsuliyyət elə Aİ-dəki ermənipərəst dairələrin üzərinə düşür.

Bütün bunları göz önünə alaraq, yaxşı olar ki, Avropa özü üçün bir suala cavab versin:

Görəsən, Aİ Azərbaycanın tərəfdaşıdır, dostudur, yoxsa Azərbaycana qarşı Ermənistanı dəstəkləyir? Fransa Qafqaz regionunda düşmənçilik və neokolonializm siyasətini həyata keçirməyə çalışmaqla nəyi hədəfləyir? Aİ çoxdan Fransanı cəzalandıraydı gərək. Çünki Paris Aİ-nin regional maraqlarının tamına cavab vermir.

Hər halda, Aİ mövqeyini dəqiqləşdirsin. Dəqiqləşdirəndə onu da nəzərə alsın ki, Azərbaycan regionun aparıcı və önəmli dövlətidir. Qarabağ məsələsinin tam həllindən sonra Azərbaycan regionun lider dövləti kimi öz gücünü daha da yüksək səviyyəyə çıxarıb. Azərbaycanla hesablaşmadan Aİ-nin maraqları nə Cənubi Qafqaz regionunda, nə də Mərkəzi Asiyada təmin oluna bilər.

Aİ Cənubi Qafqazda fəal olmaq istəsə də, regional məsələlər “3+3” formatında müzakirə olunur. Bu günə qədər bu format tam fəaliyyətə başlamırdı. Çünki Azərbaycanla İran arasında gərginlik var idi. Amma İranla münasibətlər yoluna qoyulduqdan sonra Azərbaycan dərhal “3+3” formatını canlandırdı və regional məsələlər məhz bu şəkildə müzakirə olunacaq.

Bu gün Azərbaycan-Çin əlaqələri də dinamik inkişaf edir. Çin şirkətinin Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkında olan açılışda Prezident İlham Əliyevin iştirakı da diqqət çəkirdi. Bu heç də təsadüfi deyildi. Bu, əslində, Çinə olan diqqətin göstəricisi idi.

Çin Azərbaycana 81 milyon manat civarında investisiya qoyub, indiyədək hansı Aİ ölkəsi gəlib Azərbaycana belə sərmayə qoyub? Heç biri. Aİ ölkələrinin məqsədi ancaq Azərbaycanın təbii resurslarından pay almaq və burada Avropa şirkətlərinin gəlib podratçı rolunda iştirak etməsindən ibarətdir. Almanlar da, fransızlar da maraqlarına uyğun olanda öz iri şirkətlərini siyasi konyunkturaya uyğun istiqamətləndirirlər. Eynilə Şərqi Avropada etdikləri kimi. Amma Azərbaycanda bunu etmək istəmirlər, çünki Azərbaycanın inkişafı, sənaye və iqtisadi potensialının artırılması onların marağında deyil. Ona görə Azərbaycan üçün də onlarla tərəfdaşlıq maraqlı deyil. 

Bildirmək lazımdır ki, bu gün Avropanın malik olduğu texnologiya daha ucuz və keyfiyyətli şəkildə Çində mövcuddur. Bu gün Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edir. Bu xüsusda Prezidentin Çin Sədri Si Cinpin ilə Səmərqənddə görüşü, Si Cinpinin Prezident İlham Əliyevi Çinin “böyük dostu” adlandırması yada salınmalıdır. Cənab Prezidentin Si Cinpinə ünvanladığı təbrik məktubunu da yada salmaq olar. Si Cinpin də bu günlərdə Prezidentə həmin təbrikə görə təkrar məktub yazıb. Məktubda qeyd edilib ki, Azərbaycan-Çin münasibətləri bu gün tarixdə özünün ən yüksək səviyyəsindədir və bu əlaqələr daha da dərinləşəcək. Azərbaycan Çinlə birlikdə daha böyük layihələri həyata keçirəcək.

Eyni zamanda, Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri (“Masdar” şirkəti) və Səudiyyə Ərəbistanı (“Aqua Power” şirkəti) ilə böyük layihələri var. Bu tenderlərdə Avropa şirkətləri də iştirak ediblər, amma rəsmi Bakı öz qardaş ölkələrinə üstünlük verib. 

Azərbaycanın öz daxili investisiya resursları və Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ kimi tərəfdaş ölkələri var. Buna görə Azərbaycanın nə ABŞ-yə, nə də Aİ-yə texnoloji və iqtisadi baxımından ehtiyacı var.

Aqil Vəlili

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir