İqtisadiyyat

Gələn il maaş və pensiyalar artırılacaqmı?

Sharing is caring!


Pərviz Heydərov yazır…

Azərbaycanın dövlət büdcəsi həmişə sosialyönümlü olub, ildən-ilə də bu, möhkəmlənib. Təsadüfi deyil, son 20 il ərzində sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. 

Dövlət başçısının rəhbərliyi altında orta aylıq nominal əməkhaqqı 12, minimum əməkhaqqı isə 38 dəfədən çox yüksəlib. Son 20 il ərzində orta aylıq pensiya 18 dəfəyə yaxın, minimum pensiya məbləğisə 14 dəfə artıb.

Gəlirləri 34 milyard 173 milyon manat, xərcləri isə 36 milyard 763 milyon manat təşkil edəcək. Gələn ilin – 2024-cü ilin dövlət büdcəsi də builkindən daha çox sosialyönümlüdür. 

Belə ki, funksional təsnifat üzrə proqnoz göstəricələrə diqqət yetirsək, təhsilə 4 549,9 milyon manat, səhiyyəyə 1 871,3 milyon manat, sosial müdafiə və sosial təminata 4 542,2 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu kimi digər fəaliyyətə 574,8 milyon manat ayrıldığını görərik.

Sosial müdafiə və təminat üzrə nəzərdə tutulan 4 542,2 milyon manat xərc cari ilin dövlət büdcəsində proqnozlaşdırılan eyni xərcdən 5% artıq təşkil edir.

Ötən yazımda da qeyd etdiyim kimi, 2024-cü ilin dövlət büdcəsi həcm baxımından öz sələfi olan ilin dövlət büdcəsindən çox az səviyyədə artıb. 

Gəlir ilə xərclərin artması müvafiq olaraq heç 1% təşkil etmir.

Odur ki, sual yaranır, növbəti ilin dövlət büdcəsi həcm baxımından cari ilin dövlət büdcəsindən heç də artıq olmadığı halda bir az da daha çox sösialyönümlü olması sarıdan əməkhaqqıları, pensiyalar və müxtəlif təyinatlı sosial ödənişlər yüksəldiləcəkmi? Bu il üçün gözlənilən növbəti – 2019-cu ildən bəri sayca beşinci sayılacaq sosial paket həyata keçiriləcəkmi?

Söhbət, hansı paketlərdən gedir, qeyd edim.

2019-cu il həm sosial, həm iqtisadi, həm də idarəetmə sahəsində böyük islahatlar ili olaraq yadda qaldı. Və məhz həmin ildən ölkədə minimum əməkhaqqı və əmək pensiyalarının minimum məbləği daha sürətlə və əhəmiyyətli dərəcədə artmağa başladı. 

Həmin ildə qeyd olunan göstəricilər üzrə iki sosial paket həyata keçirildi ki, bunu 2020-ci il ərzində də davam etdirmək nəzərdə tutulurdu. Lakin pandemiya imkan vermədi. 

2021-ci il bərpa ili oldu. 2022-ci ildə isə 2019-cu ildəki işlərin davam etdiriləcəyi bəlli idi. Belə ki, 2019-cu ildən sonra artımlara növbəti dəfə, yəni 3-cü sosial paketin icrasına məhz 2022-ci ilin əvvəlində gedildi. 

İki illik fasilədən sonra 2022-ci ildə minimum əməkhaqqı 300 manata, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırıldı.
Bu ilin, yəni 2023-cü ilin ilk günlərində isə ölkə başçısı İlham Əliyev tərəfindən son beş ildə sayca dördüncü sosial paketin icrasına dair sərəncam imzalanmaqla minimum əməkhaqqı ilə pensiya məbləği və bütün növ sosial müavinətlər ilə təqaüdlər artırıldı. 

Sərəncamla minimum əməkhaqqı yanvarın 1-dən 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı.

Analoji addım gələn il də atılacaqmı? Buna şərait və zəmin varmı?

Ölkədə gələn il beşinci sosial paketin icrası üçün də müvafiq imkan və şərait, həmçinin zərurət var. 2024-cü ilin dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitlər də buna imkan yaradır. Eyni zamanda, son illərdə dövlət büdcəsinin icra vəziyyəti, büdcəyə gəlirlərin keyfiyyəti və strukturu cəhətdən də hər cür şərait mövcuddur. 

Son illər ərzində neftin dünya bazar qiymətləri bizim üçün əlverişli olub, olaraq da qalır. Proqnoz ediləndən ikiqat artıq gəlir əldə edirik. İl ərzində büdcənin icrasında profisitin əldə olunması da əsasən bunun nəticəsidir.

Bundan əlavə, 2019-cu ildən büdcəyə gəlirlərin təminində neftdənkənar sahələrdən mədaxilin də müsbət tendensiya üzərində köklənməsi əhəmiyyətli rol oynamaqdadır. Vergi və gömrük kanalları üzrə daxilolmalar nəzərdə tutulandan çox artım nümayiş etdirir. 
Özü də ardıcıl olaraq, beşinci ildir.

2021-ci ilin başlanğıcından bəri davam edən və bu il cüzi olaraq zəifləyən bahalaşma və inflyasiya tendensiyası baxımından da əməkhaqqı və sosial ödənişlərin artırılmasına ehtiyac var.

Son 5 ildə sayca dörd sosial paketin icrası əhalinin aztəminatlı təbəqəsini 2021-ci ildən start götürən və ötən il, yəni 2022-ci il ərzində də davam edən inflyasiya və bahalaşma tendensiyasının təsir və təzyiqlərdən xeyli dərəcədə xilas edib. 

Ancaq, bahalaşma və inflyasiya prosesi də qeyd etdiyim kimi cüzi azalsa da hər halda qalmaqdadır. Qeyd etmək yerinə düşər ki, cari ilin yanvarın 1-dən tətbiq edilən artımlar ötənilki bahalaşma və inflyasiya səviyyəsindən yüksək idi. 

2022-ci ilin əvvəlində minimum əməkhaqqı və pensiya məbləği 20% artırılmışdı. Ərzaq inflyasiyası bunu “yedi”. Builki artım səviyyəsi isə ümumi bahalaşma və inflyasiya həddini üstələsə də, bilavasitə ərzaq inflyasiyasını tam olaraq kompensasiya etmədi, edə də bilməzdi.

Doğrudur, əməkhaqqı və pensiya məbləğinin artımları əhalinin sosial müdafiəsinin təşkilində yararlı oldu. Ancaq, bahalaşma davam etdiyindən il ərzində daha belə bir addımın atılmasına ehtiyac yaratdı.

Son beş il ərzində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya isə 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Eyni zamanda, median əməkhaqqında 2,1 dəfə, əməkhaqqı fondunda 2,5 dəfə, orta aylıq pensiyada 2,1 dəfə artım baş verib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir