İqtisadiyyat

Britaniyalı ekspert: “Azərbaycanın Yerin müşahidəsinə yatırımları iqtisadiyyat üçün çox vacibdir”

Sharing is caring!


“Yerin məsafədən müşahidəsinə investisiya yatırmaq Azərbaycan kimi kiçik bir ölkə üçün itki kimi görünə bilər, amma əslində iqtisadiyyat üçün, elm və texnologiyanı və ölkədəki gəncləri stimullaşdırmaq baxımından çox vacibdir”.

Bunu “Report”a açıqlamasında Böyük Britaniyanın kiçik peyklərin istehsalı ilə məşğul olan “Surrey Sateliite Technology” şirkətinin nümayəndəsi Aleks da Silva Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində deyib.

Onun sözlərinə görə, əksər kosmik agentliklər öz ölkələrində olan problemlərə diqqət yetirir və kosmosdan istifadə edərək onları həll etməyə çalışır:

“Bu kosmik agentliklər sərmayə yatıra və birlikdə işləyə biləcəkləri ortaq sahələrin olub-olmadığını görmək üçün dialoq apara bilərlər və bu tədbirin faydalarından biri onları bir araya gətirməkdir. Bu konqres istifadəçilərin Böyük Britaniya Kosmik Agentliyinin fəaliyyəti ilə tanış ola və hər hansı bir dərs öyrənə biləcəkləri yerdir. Ona görə də hesab edirəm ki, burada bu dialoqun əhəmiyyəti var. Dünyadakı əksər kosmik agentliklərin bir növ əməkdaşlıq forması var və bu, daha da güclənəcək, çünki düşünürəm ki, kosmik agentliklərin vacib olan şeylərdən biri iqlim elmidir”.

A.Silva Azərbaycanda Beynəlxalq Astronavtika Konqresinin keçirilməsinin bölgə üçün vacib olduğunu vurğulayıb:

“Kosmos beynəlxalq bir işdir və çox şeyə yalnız beynəlxalq əməkdaşlıq vasitəsilə nail olmaq olar. Beləliklə, bu konfrans dünyanın müxtəlif kosmik agentliklərini, özəl şirkətləri və akademiyaları bir araya gətirir və onlar çox vaxt birlikdə hər hansı bir millətin fərdi olaraq edə bilməyəcəyi işləri görə bilirlər. Ona görə də bu tədbir çox önəmlidir. Konqres regionda adətən kosmosdan xəbəri olmayan bir çox şirkət və təşkilatları stimullaşdırır və tələbələr bu gün kosmosda karyera qura biləcəklərini görə bilirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir