İqtisadiyyat

Azərbaycanda qəhvə yetişdirilə bilərmi? – “Sahibkarlar bu məsələdə maraqlı deyillər, amma…” – ARAŞDIRMA + FOTO

Sharing is caring!


Dünya bazarlarında çay və qəhvənin qiymətlərinin yüksələcəyi, bununla bağlı qlobal şirkətlərin müvafiq addımlar atmağa hazırlaşdığı haqqında proqnozlar bir müddətdir, medianın gündəmindədir. Yayılan xəbərlərə görə, həmin məhsulların bahalaşmasının səbəbləri 2023-cü ilin əvvəlindən dünya xammal bazarlarında qiymətlərin təxminən 20%-ə yaxın artması, Asiya ölkələrindəki quraqlıq, istehsalçılar tərəfindən pərakəndə satıcılara endirimlərin kəskin şəkildə azalmasıdır.

Azərbaycanda çay yetişdirilib, istehsal olunur, xarici ölkələrə ixrac edilir. Buna baxmayaraq, ölkəmizdə qəhvənin yetişdirilməsi həyata keçirilmir. Maraqlıdır, strateji məhsul hesab edilən qəhvə Azərbaycanda yetişdirilə, istehsal oluna bilərmi? Bununla əlaqədar ölkəmizdə uyğun iqlim şəraiti və imkanlar mövcuddurmu?

Bununla bağlı Oxu.Az olaraq Kənd Təsərrüfatı Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən bildirilib ki, qəhvə tropik iqlim qurşağında yetişən bitki növü olduğundan Azərbaycanda bunu yetişdirmək üçün təbii iqlim şəraiti yoxdur. Həmçinin, qurumun məlumatına görə, ölkəmizdə qəhvə yetişdirilməsinin nümunəsi də yoxdur.

İqtisadiyyat Nazirliyinə də eyni sualla müraciət etdikdə, oxşar cavabı aldıq. Nazirliyin Mətbuat Xidmətindən saytımıza bildirilib ki, sahibkarlardan bu istiqamətdə hər hansı təklif daxil olmayıb.

“Azərbaycanda hansısa ərazidə qəhvə əkilməsi, bu məhsulun istehsalı, buna dəstək göstərilməsi haqqında hələlik heç bir müraciət yoxdur” – deyə, qurumun məlumatında vurğulanıb.

İqtisadçı, ekspert Asif İbrahimov isə sahibkarların, fermerlərin marağında olmasa belə, Azərbaycanda qəhvə yetişdirilməsinin texniki və nəzəri baxımdan mümkün olduğunu hesab edir. Lakin ekspertin fikrincə, bu sahənin istənilən səviyyəyə çatdırılması üçün ciddi işlər görülməlidir:

“Azərbaycanda istehlak edilən bir çox məhsullar xaricdən idxal olunur. O cümlədən, qəhvə və hazır qəhvə məhsullarını biz digər ölkələrdən alırıq. Qəhvə tropik bitki olduğundan Braziliya, Kuba kimi isti ölkələrdə yetişdirilir və Azərbaycan, Rusiya kimi dövlətlərə gətirilib, satılır.

Azərbaycanda istər texnoloji, istərsə də nəzəri baxımdan qəhvə istehsalatını qurmaq mümkündür. Ancaq bu, Azərbaycan iqtisadiyyatı üçün nə qədər faydalı olacaq, yerli məhsullar bazarlarda özünə yer tuta biləcəkmi, uğurlu alınacaqmı, bunlar sual altındadır. Çünki bildiyiniz kimi, müştərilərin bazardakı məhsullara, bir çox brendlərə gözləri, damaq dadı öyrəşib. Ona görə, Azərbaycanda yetişdiriləcək qəhvənin müştərilərin tələblərinə cavab verib-verməyəcəyi təxmin edilməsi çətin məqamdır. Nəzərə almalıyıq ki, müştərilər öyrəşdikləri, damaq dadlarına uyğun olan məhsulları alırlar”.

Çay və qəhvənin dünya bazarlarında bahalaşmasına gəlincə, ekspert hesab edir ki, məhsulların ərsəyə gətirilməsində çəkilən xərclər, xammal qiymətləri artdıqda, təbii olaraq, məhsulun qiyməti də yüksəlir:

“Qeyd etdiyimiz kimi, qəhvə məhsulları xaricdən idxal olunur. İstehsalçılarda qiymətlərin dəyişməsi, məhsulun ərsəyə gətirilməsində çəkilən xərclərin artması yekun qiymətə də təsir göstərir. Həqiqətən də, qəhvənin dünya bazarında qiyməti artmaqdadır. Ona görə, təbii ki, Azərbaycanda və qəhvə idxal edən digər ölkələrdə bu məhsulların bahalaşması müşahidə olunacaq”.

Aysel Aslan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir