İqtisadiyyat

Azərbaycanın Orta Şərqdə fəallığı – mümkün yeni formata doğru – ŞƏRH + FOTO

Sharing is caring!


Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrlərdə rəsmi Bakı bir çox müsəlman ölkələrinin, xüsusilə Səudiyyə Ərəbistanının dəstəyini almışdı. Ər-Riyad hər zaman Azərbaycanın ədalətli, haqlı mövqeyini müdafiə edib.

Azərbaycan ərəb dünyası ilə iki təşkilat daxilində əməkdaşlıq edir: İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqası (ƏDL). Prezident İlham Əliyevin 2022-ci il noyabrın 1-də ƏDL-in 31-ci Zirvə toplantısında iştirakı münasibətlərin və əlaqələrin genişliyini təsdiqləyir. Azərbaycanın Liqanın müşahidəçi üzvü olması tərəflərin bir-birinə xüsusi diqqətinin göstəricisi sayıla bilər.

Azərbaycan xarici siyasi kursunu Türkiyə ilə uyğunlaşdırır. Bu baxımdan Prezident Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə son səfərləri regional təhlükəsizlik və əməkdaşlıq baxımından yüksək dəyərləndirilə bilər. Türkiyə Prezidenti Yəmən, Sudan, İran, Misir və Fələstin məsələlərini Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi şahzadə Məhəmməd bin Salmanla müzakirə edib. Bu, regional məsələlərdə Türkiyə ilə ərəb dövlətlərinin ortaq mövqedən çıxış etməsi baxımından özünəməxsus əhəmiyyətə malikdir. Türkiyə lideri daha sonra Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Ərdoğan oradan da Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və 50 milyard 700 milyon dollar dəyərində 13 müqavilə imzalanıb.

Türkiyə Prezidenti Yaxın Şərq səfərindən sonra Ankarada Fələstin dövlətinin başçısı Mahmud Abbas və Fələstinin Qəzza zolağına nəzarət edən HƏMAS lideri İsmayıl Haniyəni qəbul edib. Görüş bağlı qapılar arxasında keçirilib. Bu görüşlərdən sonra Türkiyəyə İsrailin Baş naziri Benyamin Netanyahunun səfər edəcəyi gözlənilirdi. Ancaq səhhətində yaranan problem səbəbindən bu ziyarət ertələnib. Bu, Yaxın və Orta Şərqdə yeni geosiyasi vəziyyətin baş verəcəyini ehtimal etməyə əsas verir. Türkiyə ilə İsrail arasında xüsusən səfir səviyyəsində diplomatik əlaqələrin bərpası bölgədə Körfəz ölkələri ilə İsrail arasında münasibətlərin normallaşmasına da müsbət təsir edə bilər.

Türkiyə də daxil olmaqla region ölkələri təhlükəsizlik və əməkdaşlıq baxımından yeni koalisiya yarada bilər. Suriya, Yəmən, Livan və İraqda İranın fəaliyyəti də ərəb və yəhudi dövlətlərini yaxınlaşdıran faktordur. Bu iki tərəf arasında Türkiyə ən etibarlı vasitəçi ola bilər. Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı Tehranda səfirliyin açılmasını təxirə salıb. Eyni zamanda Türkiyənin NATO-nun üzvü olması, Ukrayna-Rusiya münasibətlərində orta mövqeyi tuta bilməsi, Cənubi Qafqazda artmaqda olan nüfuzu, enerjidaşıyıcılarının nəqlində və bu sahədə təhlükəsizliyin təminində oynadığı rol, habelə ərəb ölkələri və İsraillə əlaqələri rəsmi Ankaranın regionda vasitəçi olmaq imkanlarını artırır. Beynəlxalq vasitəçi rolunda çıxış etmək istəyən başqa ölkələrin belə üstünlükləri və göstəriciləri ya azdır, ya da yox dərəcəsindədir. Türkiyə demokratik, dünyəvi idarəçiliyə malik müsəlman ölkəsidir. Bu da onun özəlliyini artıran mühüm cəhətlərdəndir.

Azərbaycan da beynəlxalq arenada Türkiyə ilə eyni mövqedədir. Bunun region ölkələri ilə müqayisədə qlobal baxımdan da faydalı özəllikləri var. Azərbaycanın Qərb, İsrail, ərəb dövlətləri ilə münasibətləri və əməkdaşlığı, Rusiya ilə əlaqələri, Ukraynanın ərazi bütövlüyünü qəbul etməsi, müharibəyə qarşı çıxması, Mərkəzi Asiya ilə Avropanı birləşdirən layihələrin müəlliflərindən olması, İranla məsafəli davranışı, Fələstin məsələsində tutduğu obyektiv mövqe, torpaqlarını işğaldan azad etməsi və başqa göstəriciləri ilə hər iki region üçün əhəmiyyətlidir. Rəsmi Bakı ilə Ankara xarici siyasi kursunu da bu baxımdan uzlaşdırır. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Səudiyyə Ərəbistanına səfəri zamanı yerli “Asharq Al-Awsat” qəzetinə müsahibəsində də tərəflər arasında əlaqələrdən, əməkdaşlıqdan bəhs edib.

Regionda Türkiyə-Azərbaycan-İsrail üçlüyü bir sıra layihələri reallaşdırır. Bu həm də Cənubi Qafqaz və Yaxın Şərq regionlarının təhlükəsizliyi, iqtisadi əlaqələrin qurulması, inkişafı baxımından çox böyük əhəmiyyətə malikdir. Odur ki, belə müttəfiqlik dost dövlətlər üçün yeni imkanlar qazandırır. Azərbaycan və Türkiyənin Körfəz dövlətləri başda olmaqla ərəb ölkələri və İsraillə əməkdaşlığı Qafqazda, Yaxın Şərqdə daha bir formatın yaranmasına təkan verər: Ərəb dövlətləri-Azərbaycan-Türkiyə-İsrail. Bu dördlük formatı qlobal əhəmiyyəti baxımından böyük və ən qaynar bölgənin birləşməsinə, yaxınlaşmasına, iqtisadi əməkdaşlığa və təhlükəsizliyə töhfə, həm də regionlarda sabitliyin yaranmasına təkan verər. Nəzərə almaq lazımdır ki, dördlüyə daxil olan dövlətlərin bir-biri ilə elə də ciddi ərazi problemləri yoxdur.

Azərbaycanın iştirakı ilə mövcud formatlar qlobal və regional baxımdan faydalı olub. “Orta Dəhliz” (“Middle Corridor”) kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, TANAP, TAP təbii qaz ixrac kəməri, Şimal-Cənub nəqliyyat dəhlizi kimi layihələri və başqalarını örnək göstərmək olar. 2014-cü ildə yaranan “ƏDL-Orta Asiya-Azərbaycan Əməkdaşlıq və İqtisadi Forumu” formatı mövcuddur. Bu əməkdaşlıq platforması Ərəb dövlətləri-İsrail-Türkiyə-Azərbaycan-Mərkəzi Asiya formatınadək inkişaf edə bilər.

Beləliklə, rəsmi Ankara və Bakının regionda yürütdüyü siyasət sülh, əməkdaşlıq, təhlükəsizliyə xidmət etməyə yönəlib. Çünki Azərbaycan və Türkiyə başqa dövlətlərə ərazi iddiası irəli sürmür. Halbuki regional münaqişələrin əsasını daha çox ərazi iddiaları və işğal faktorları təşkil edir. Rəsmi Ankara və Bakı dinc yanaşı yaşamaq tərəfdarı olduqlarını reallıqda həyata keçirirlər. Bunu onların təşəbbüsü ilə həyata keçirilən layihələr də təsdiqləyir. Odur ki, perspektivdə Azərbaycan və Türkiyənin iştirakı ilə ərəb dövlətləri və İsraillə yeni əməkdaşlıq formatlarının reallaşması da istisna edilmir.

“Report” İnformasiya Agentliyi

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir